Moskvada xüsusi nümayəndələrin ilk görüşü: Türkiyənin hədəfləri – TƏHLİL

Yanvarın 14-də Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına dair xüsusi nümayəndələrin (Serdar Kılıç və Ruben Rubinyan) iştirakı ilə ilk görüş keçiriləcək.

Görüşün məkanı dünya siyasi qütbünün bir tərəfində yer alan əsas gücün – Rusiyanın paytaxtı Moskvada keçiriləcək.

Türkiyə-Ermənistan münasibətlərində buzların əriməsi iki qütbün də – Qərbin də, Rusiyanın da marağındadır, amma böyüyən ziddiyyətlər və kəskin xarakter alan rəqabət fonunda hər ikisi ehtiyat edir ki, prosesdə təşəbbüskarlığı ələ alacaq.

Cənubi Qafqazda yaranan yeni reallıq beynəlxalq münasibətlər sisteminə də təsir edir, Ankara-İrəvan əlaqələrinin axar məcraya yön alması üçün cəhdlərin arxasında yeni təşəbbüslər qazanmaq imkanları dayanır.

ABŞ və Avropa regiondakı problemlərin mütləq sülh modelinə əsaslanan həllinə nail olmağa çalışsa da, Rusiya amili bu strategiyanın önünə keçir və Moskva alternativlər ortaya qoyur. Ancaq Moskvanın reseptləri uzunmüddətli sülh modelinə dair fikirlərlə zəngin deyil, Kreml daha çox hökmran olmaq istəyir, ancaq onun da qarşısına elə Türkiyə faktoru çıxır.

Yəni, Moskva İrəvanı öz çevrəsində sıxışdırır, bu məsələdə Ankaraya hər hansı diktəedici təsirlər göstərməsi mümkün deyil.

Ankara-İrəvan arasında münasibətlərin istiləşməsinin müəllifi qismində Qərbin izlərini daha aydın görmək olur, hələ 2021-ci ilin oktyabrında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Co Bayden arasında Romada görüş keçirilərkən Cənubi Qafqazdakı diplomatik səylər müzakirə edilmişdi.

O dövrdə mətbuatda yazılırdı ki, münasibətlərin normallaşmasının təşəbbüskarı Co Baydendir, hərçənd ki, biz bu təşəbbüskarlıqda Rusiya ilə razılaşmanın da elementlərini görə bilərik.

Yəqin bu razılaşmanın nəticəsidir ki, Serdar Kılıç-Ruben Rubinyan danışıqlarının ilk raundu Moskvada keçirilir, bununla da Rusiya prosesdə həlledici amil olduğu mesajını verir.

Türkiyə tərəfi dəfələrlə bəyan edib ki, Ankara-İrəvan münasibətlərində yeni səhifə açılması məsələsi Azərbaycanla koordinasiya ediləcək. Bu mənada Serdar Kılıç Ruben Rubinyana Azərbaycan tərəfinin də şərtlərini açıqlayacaq və bildirəcək ki, münasibətlərin normal hala gəlməsi üçün Ermənistan siyasi avantüra ilə yanaşı, hərbi təxribatlarına da son verməlidir.

Bu məsələdə biz Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində Türkiyənin maraqlarının ifadə edilməsi cəhdlərini duyuruq.

Hərbi kontekstdən yanaşmağımıza səbəb odur ki, Serdar Kılıç diplomat olsa da, Moskvaya yollanmamışdan öncə (yanvarın 10-da) Türkiyənin milli müdafiə naziri Hulusi Akarın qəbulunda olub.

Bu görüşdən yola çıxaraq düşünmək mümkündür ki, Türkiyə Cənubi Qafqazda, eləcə də, Azərbaycan ərazilərində öz hərbi iştirak səviyyəsini yüksəltməyə çalışır və bu məsələ Moskva danışıqlarında iştirak edəcək Rusiya nümayəndələri qarşısında da qaldırılacaq.

Türkiyənin hərbi aktivlik zonasını ağrısız şəkildə genişləndirməsi Ermənistanın təxribatçı addımlarının, bu addımlara rəvac verən ideyaların yoxluğundan keçir.

Ermənistan “şahmat taxtasında” yalnız piyadadır, o, özünü regional təcriddən çıxarmaq istəyir, onun Türkiyə tərəfinə qətiyyətli etiraz sərgiləmək kimi bir potensialı və iradəsi yoxdur.

Rusiya danışıqların bu mərhələsində də Ermənistanı öz iradəsinə tabe etdirəcək, indi danışıqların nəticə əsaslı hala gəlməsi asılıdır:

1. Rusiya-Qərb maraqlarının toqquşan müstəvidən çıxıb kəsişən ölçüyə gəlməsindən,

2. Uzlaşan maraqların Azərbaycan-Türkiyə maraqlarına uyğunluğundan.

Türkiyənin Cənubi Qafqazda hərbi iştirakını gücləndirməsində hədəflər:

1. Bu regiondan özünə gələ biləcək təhdidlərin dəf edilməsi,

2. Azərbaycanın təhlükəsizliyinin zəmanətinə tam gücü ilə çevrilməsi,

3. Regionda həyata keçirilən layihələr Türkiyə iqtisadiyyatı üçün mühüm alətlərdəndir. Bu mənada həmin enerji layihələrinə təhlükələrin olmamasına çalışmaq Türkiyə siyasətində yer tutur.

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir