Müharibə dövrünün erməni yalanları – TƏHLİL

Sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlayan növbəti silahlı qarşıdurma informasiya cəbhəsində də davam edir. Ermənistan hazırda geniş qaralama kampaniyası başladaraq beynəlxalq ictimaiyyətdə Azərbaycan  haqqında mənfi fikir formalaşdırmağa çalışır. Erməni təbliğat maşını bu mövzuda bir neçə tezisi əsas götürüb.

Xarici dəstək ittihamı

Erməni təbliğat maşını əsas vurğunu Azərbaycan tərəfdən xarici muzdluların vuruşması iddiaları üzərinə edir. Bu amilə daha çox vurğu edilməsinin iki əsas səbəbi var. Birincisi, daxili auditoriyadır. Erməni təbliğat maşını cəbhədə aldığı ağır zərbələr, böyük miqyasda itkilərini yalnız bununla ört-basdır edə bilər. Yəni “Azərbaycan yalnız deyil, biz (ermənilər) təkcə Azərbaycanla deyil, onun əsas dəstəkçisi Türkiyə dövlətinin peşəkar hərbçi təlimatçıları, eləcə də Suriyadan gətirilən cihadçılarla vuruşuruq”. Başqa sözlə göstərmək istəyirlər ki, müharibə qeyri-bərabər şərətlərdə aparıldığı üçün Ermənistan tərəfinin cəbhədə məğlubiyyəti qaçılmaz olub. 

İkincisi hədəf isə beynəlxalq ictimai rəyi öz xeyirlərinə dəyişməkdir. Burda da əsas hədəf Türkiyə amilinə köklənib. Ermənilər Türkiyənin bəzi Yaxın Şərq və Avropa ölkələri ilə soyuq münasibətlərə malik olması faktını öz xeyirlərinə çevirməyə çalışırlar. Aydın məsələdir ki, Türkiyə ilə soyuq münasibətlərə və hətta düşmənçilik münasibətlərinə malik ölkələr bu cür iddialardan Ankaraya qarşı bəhanə kimi istifadə edir. 

Daha bir ittiham isə əcnəbi muzdlularla bağlıdır. Burda əsas “arqument” Türkiyənin Suriyadakı gücü və islam dini, yəni müsəlman həmrəyliyidir. Ermənistan tərəfi radikal islamçı qrupların müsəlman həmrəyliyindən çıxış edərək Azərbaycana gəlib döyüşlərdə iştirak etdiyi fikrini təlqin etməklə beynəlxalq ictimai rəyin rəğbətini qazanmağa çalışır. Çünki son illərdə Yaxın Şərqdə davam edən qanlı müharibənin təsiri altında olan Qərb ictimai rəyi aydın məsələdir ki, islamçı döyüşçülər mövzusuna çox həssasdır. 

Bununla ermənilər bir tərəfdən beynəlxalq ictimaiyyətdən, xüsusən də xristian Qərbdən mənəvi, siyasi dəstək almaq, digər tərəfdən, Türkiyə düşməni, fanatik xristian qrupları münaqişədə öz tərəfinə cəlb etməyə çalışır. Xarici muzdluların Azərbaycana gətirilməsi ilə bağlı ittihamlar həm də Emrənistana gələn muzdlular və əcnəbi terrorçular mövzusunu kölgədə qoyur. 

Yəni nəticə etibarı ilə erməni təbliğat maşını Türkiyə və əcnəbi cihadçı ittihamlarını ortaya atmaqla beynəlxalq ictimaiyyətin diqqətini Ermənistanın təcavüzkar hərəkətlərindən yayındırmaq, onun yalnız Azərbaycan deyil, digər güclərin qarşısında tək qaldığını göstərməkdir. Eyni zamanda qara təbliğat Ermənistana xaricdən gələn muzdlular və könüllüləri ört-basdır etməyə xidmət edir.

Erməni iddialarını puç edən arqumentlər

Birinci növbədə, Ermənistanın Azərbaycana qarşı məlum iddialarının heç bir tutarlı əsası yoxdur. Nə Qarabağda Türkiyə ordusunun olması, nə də Suriyadan gələn muzdlularla bağlı bu günə hər hansı tutarlı fakt ortaya qoyulmayıb. Halbuki, artıq döyüşlər bir həftə davam edir və bu müddətdə ortaya faktlar çıxmalı idi. Bir neçə şübhəli, saxta olduğu dərhal ifşa olunan foto və ya videodan başqa erməni tərəfinin əlində sanballı sübutlar yoxdur. Bu gün texniki imkanların, vizual müşahidə, internet və sosial şəbəkələr dövründə bu cür hadisələri gizlətmək mümkün deyil.

Bunun əvəzinə hazırda döyüşlərin getdiyi ərazilərdə ermənilərlə birlikdə vuruşan əcnəbilərin mövcudluğunu sübut edən onlarla fakt var. Hətta erməni dövlət rəsmilərinin etirafları belə mövcuddur. Bu isə heç gizli deyil. İnternet bu cür məlumatlarla doludur.

Azərbaycan rəhbərliyi rəsmən elan edib ki, ölkəyə xaricdən muzdlu gətirməsi üçün səbəb yoxdur. O da faktdır ki, Azərbaycanın mövcud hərbi personalının sayı və imkanları Ermənistana qarşı hətta uzunmüddətli müharibə aparmaq üçün kifayət edir. Üstəlik ən önəmlisi bu qüvvələrin hamısı döyüş təlimi almış və mühüm bir hissəsi isə hərbi əməliyyat zonasında xidmət etmiş, bir qismi isə son illərdə baş verən hərbi əməliyyatlarda iştirak etmiş, yəni müharibə təcrübəsi olan əsgər və zabitlərdir. Yarım milyon ehtiyat hərbçisi olan dövlət Suriyadan radikal ünsürləri ölkəyə cəlb etməz. 

İkincisi, Azərbaycan dünyəvi ölkədir, hakimiyyətin islamçı militanlara qarşı soyuq münasibəti var. Son illərdə Azərbaycandan qanunsuz yolla İraq və Suriyada hərbi birliklərə qatılan radikal islamçılarla bağlı qanunlar sərtləşdirilib, onların əksəriyyəti həbs olunaraq ağır şəkildə cəzalandırılıb. Eyni zamanda bu cür radikal islamçı qruplar hər zaman Azərbaycan hakimiyyətini hədələyib, açıq və gizli şəkildə hədəfə alıb. Bu amillərə görə rəsmi Bakı bu cür qeyri-qanuni birlikləri, radikal islamçıları ölkəyə buraxıb sonradan onlarla problem yaşamaq istəməz. 

Eyni arqument islamçı militanlar üçün də var. Yəni müharibəyə ideoloji çərçivədə islama xidmət, şəriətin bərqərar olması vasitəsi kimi baxan islamçıların etnik münaqişə olan Qarabağ müharibəsində tərəf olması, dünyəvi ölkə üçün vuruşması, ölümə getməsi real deyil. 

Eyni zamanda rəsmi Bakı yaxşı anlayır ki, bu cür militanların gətirilməsi risklidir, dünyada ciddi etiraza və qınaqlara, hətta təzyiqlərə səbəb ola bilər. Ona görə də bu cür şübhəli və riskli addımlara getməsi mümkün deyil. Digər tərəfdən, bu qrupların Azərbaycana gətirilməsi ölkə üçün çox risklidir. Radikal dəstələr tez nəzarətdən çıxır, nizam-intizam olmayan qruplar sonradan hökumətə qarşı problemə çevrilə bilər. 

Üçüncüsü, bu qrupların savaş zamanı xüsusi motivasiyası, yəni səbəbləri olur. Yəni onlar cihad, xilafət qurmaq üçün vuruşur (ümumi şüar olaraq), əvəzində isə ələ keçirdikləri ərazidə sərhədsiz ixtiyara malik olurlar. Məsələn, İdlibdə, eləcə də Liviya və ya İraqda, Suriyada o qrupları motivasiya edən məhz bu idi. Azərbaycanda isə bunların heç biri yoxdur. Başqa sözlə, indiki şərtlərdə erməni iddialarını təsdiqləyən heç bir tutarlı arqument ortaya qoyulmayıb, üstəlik yuxarıda da qeyd olunduğu kimi, bu iddiaların məntiqi əsası yoxdur, növbəti erməni yalanlarından başqa bir şey deyil.

Kənan Rövşənoğlu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir