Ombudsman Avropa Şurası rəsmiləri ilə onlayn görüş keçirib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Avropa İttifaqı və Avropa Şurasının dəstəyi ilə Avropa Şurası Ayrı-seçkilik əleyhinə departamentinin nümayəndələri Mara Georgesku və Angela Longo ilə onlayn görüş keçirib.

Ombudsman aparatından Oxu.Az-a verilən məlumata görə, görüşün məqsədi Azərbaycan Ombudsman təsisatının da iştirak etdiyi “Şərq tərəfdaşlığı ölkələrində ayrı-seçkilik, nifrət zəminində cinayət qurbanlarının hüquqlarının müdafiəsi üçün məhkəmədənkənar mexanizmlər vasitəsilə ədliyyəyə çıxış imkanlarının gücləndirilməsi” adlı layihənin milli səviyyədə implementasiyasının qiymətləndirilməsi olub.

Görüşdə Müvəkkil sözügedən layihə çərçivəsində bu zamana qədər görülən işlər barəsində məlumat verib, keçirilən treninq və seminarların Ombudsman Aparatının əməkdaşlarının ayrı-seçkiliklə mübarizə sahəsində bilik və təcrübələrinin artırılması baxımından mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb. Bildirilib ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununa əsasən Müvəkkil milli qanunvericilikdə və Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalarda təsbit olunan insan hüquq və azadlıqlarının müdafiəsi, o cümlədən, ayrı-seçkiliklə mübarizə ilə bağlı fəaliyyəti həyata keçirir.

Avropa Şurasının nümayəndələri Müvəkkilin vətəndaş cəmiyyəti nümayəndələri ilə keçirdiyi görüşlərin önəmindən bəhs ediblər. Qeyd olunub ki, belə görüşlər Ombudsman təsisatı ilə vətəndaş cəmiyyəti arasında əməkdaşlıq əlaqələrinin gücləndirilməsi baxımından olduqca əhəmiyyətlidir. Həmçinin bu ilin payızında Ombudsman təsisatı ilə birgə aidiyyəti dövlət qurumlarının və vətəndaş cəmiyyəti nümayəndələrinin də iştirakı ilə dəyirmi masa formatında tədbirin keçirilməsi təklif olunub. Həmin tədbirdə beynəlxalq ekspertlərin də iştirakı nəzərdə tutulur.

Görüşdə bir sıra digər məsələlər müzakirə olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir