Parisdə Xocalı soyqırımı anılıb – FOTO

Fransanın paytaxtı Paris şəhərində Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Heydər Əliyev Fondunun və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Azərbaycanın Fransadakı səfirliyinin və UNESCO yanında daimi nümayəndəliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə diplomatlar, fransız elm xadimləri, jurnalistlər, Azərbaycan icmasının və yerli ictimaiyyətin digər nümayəndələri iştirak ediblər. 

Tədbirdə çıxış edən Azərbaycanın Fransadakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev və Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev Xocalı soyqırımı barədə ətraflı məlumat veriblər.

Xalqımızın XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımının 30-cu ildönümünü dərin hüzn və kədər hissləri ilə qarşıladığı qonaqların diqqətinə çatdırılıb.

“Xalqımız ölkə ərazilərinin işğalı, kəndlərin, şəhərlərin dağıdılması, dinc əhalimizin qətlə yetirilməsi kimi dəhşətləri yaşayıb. Artıq müharibə dövrü geridə qalıb. Hazırda dövlətimiz dağıdılmış ərazilərin dirçədilməsi və bərpası istiqamətində iri layihələr həyata keçirməyə başlayıb. Amma zaman keçsə də, Xocalı soyqırımını unutmaq və unutdurmaq mümkün deyil. Qətlə yetirilmiş həmvətənlərimizin xatirəsini hər zaman yad edəcəyik”, – deyə səfir bildirib.

Tədbirin bədii hissəsində tanınmış azərbaycanlı pianoçu, bəstəkar, Azərbaycanın əməkdar artisti İsfar Sarabskinin ifasında caz musiqisindən ibarət konsert proqramı təqdim edilib. Onu Makar Novikov (kontrabas), Saşa Maşın (zərb alətləri) və Bəhruz Zeynal (tar) müşayiət ediblər.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə dünyanın 40 ölkəsində Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar 150-yə yaxın tədbirin keçirilməsi nəzərdə tutulur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.