Paşinyan Azərbaycanın səbri ilə oynayır – VİDEO

Ermənistanın Baş naziri Nikol Paşinyan yenidən Dağlıq Qarabağa gedib. 

Baku TV-nin əməkdaşları mövzu ilə bağlı reportaj hazırlayıb və ekspertlərin fikrini öyrənib.

Tovuzdakı gərginlikdən sonra heç bir beynəlxalq qınaqla rastlaşmayan və ATƏT-nin Minsk qrupunun həmsədrləri tərəfindən tənqid edilməyən Ermənistan getdikcə daha da azğınlaşır.

Ekspertlərin fikrincə, son hadisələr və Paşinyanın bu səfəri faktiki olaraq Ermənistanın lokal müharibəyə hazırlaşdığını, Azərbaycana qarşı yeni hücum planının qurduğunu göstərir. Çünki səfər zamanı Paşinyan separatçı “lider” Araik Arutyunyanla birlikdə Qarabağda yerləşən döyüş mövqelərində olub, Xankəndində hərbçilərlə görüşüb və separatçı rejimlə “hərbi əməkdaşlığın dərinləşdirilməsi” məsələsini müzakirə edib.

Mütəxəssislər Rusiyanın Ermənistana daşıdığı yeni silahların və hərbi texnikanın bir qisminin ləngimədən Qarabağda yerləşdirildiyi və Paşinyanın indiki səfərinin həm də bununla əlaqəli olduğu qənaətindədirlər.

Paşinyanın və onun ailə üzvlərinin adının dağ-mədən sənayesi məhsulları, silah satışı və siqaret alverində hallandırılması təsadüfi deyil. Bu baxımdan təxribatçı səfər zamanı onun Ağdərə rayonundakı “Beys Metls” şirkətinin dağ-mədən kompleksində də olması ailə biznesini genişləndirmək, Azərbaycanın işğal olunmuş ərazilərindən qızıl və digər metalların qeyri-qanuni istismarındakı payını götürmək niyyətini bir daha təsdiqləyir…

Ekspertlərin fikrincə, Paşinyan bu kimi addımları atmaqla Azərbaycanın səbri ilə oynayır. Bu da böyük müharibənin başlamasına gətirib çıxaracaq. Meydanda isə Azərbaycan və Ermənistanı tək qoymaq lazımdır. Əks təqdirdə Azərbaycanın yanında yer alan qüvvələr və dövlətlər olacaq ki, bu da Ermənistan üçün heç də yaxşı nəticələnməyəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir