Paşinyanın “İsgəndər” etirafı: Əfsanənin üstündən xətt çəkilir – TƏHLİL

Ermənistan Baş naziri Nikol Paşinyan eks-prezident Serj Sarqsyanın İkinci Qarabağ Müharibəsində “İsgəndər” operativ-taktiki raketlərindən niyə istifadə edilmədi” iradına cavab verib.

Paşinyan deyib: “Ona sual vermək lazımdır ki, “İsgəndər” niyə partlamadı? Ya da mərmisinin 10 faizi partladı”.

Düzü, bu müharibədə “İsgəndər”in atıldığına dair aydın və konkret dəlillər yoxdur. Bununla belə rəsmi istinad nöqtəsi kimi Paşinyana etibar etsək, Azərbaycana qarşı “İsgəndər”dən atəş açıldığı haqqında gümanla danışmaq olar.

Niyə gümanla? Məsələ ondan ibarətdir ki, Ermənistan “İsgəndər” amilindən psixoloji üstünlük qazanmaq üçün faydalanmağa çalışırdı, amma cəhdləri əbəs oldu.

Azərbaycan üçün “İsgəndər” qırmızı xətt idi, bunu müharibənin ilk günlərində elan etməklə Azərbaycan psixoloji səddi yardı, əgər həmin raket atılsaydı (Paşinyanın dediyinə görə atılıb) Ermənistan üçün daha acı nəticələrə gətirib çıxaracaqdı.

Serj Sarqsyan “İsgəndər”in müharibənin son günlərində Şuşa istiqamətinə atıldığını demişdi və bunu strateji yanlışlıq kimi qiymətləndirmişdi. Sarqsyan belə hesab edir ki, “İsgəndər” müharibənin ilk günlərində atılmalı və və eyni zamanda Azərbaycanın neft-qaz kəmərləri dağıdılmalı idi.

Bununla da Sarqsyan “İsgəndər” raketindən mülki əhaliyə və mülki infrastruktura qarşı istifadəsi edilməsinin vacibliyini dilə gətirmiş olur. 

Sarqsyandan əvvəl, Ermənistan Müdafiə Nazirliyinin hərbi nəzarət xidmətinin keçmiş rəisi Movses Akopyan bu gün jurnalistlərə açıqlamasında bildirmişdi ki, “İsgəndər” istifadə olunub, lakin hansı istiqamətə atıldığını deyə bilməz.

Nə Akopyan, nə Sarqsyan, nə də Paşinyan həmin raketin mülki əhaliyə qarşı istifadəsinə etiraz etmir. Onlar üçün yüksək dağıdıcı gücə malik raketin dinc əhaliyə münasibətdə tətbiqi yolveriləndir. Paşinyan özü də raketin atıldığı koordinat barədə məlumat verməyib. 

Nikol Paşinyan sadəcə özünü təmizə çıxarmağa çalışan Sarqsyan və onun komandasına mesaj verir. Mesajın mahiyyəti budur ki, Ermənistan müharibədə Serj Sarqsyan hakimiyyəti dövründə Rusiyadan alınan yararsız silahlarla vuruşub və ümumiyyətlə ordu arsenalındakı silahlarla qürrələnməyə dəyməz.

Nəzərə alaq ki, bu zamana qədər Ermənistana satılan Rusiya silahlarının yararsız olduğuna dair dəfələrlə məsələ qaldırılıb.

Ermənistan müharibəyə qədər “İsgəndər”lə lovğalanırdı, bu raketlərin həlledici gücünə arxalanırdı. Ancaq real döyüş meydanı hərbi gücdəki müqayisəyəgəlməz nisbəti ortaya qoydu, Azərbaycanın ən müasir və dəqiq zərbələr vuran silahlara malik olduğu aydınlaşdı.  

“İsgəndər”lər hava hücumundan müdafiə sisteminə yem ola bilir. Amma Azərbaycanın balansında olan ən müasir pilotsuz zərbə aparatları hava hücumundan müdafiənin də radarlarını yarır, üstəgəl “İsgəndər”in özünü də hədəfə alır.

Rusiya bu zamana qədər “İsgəndər”i, o cümlədən ən güclü “İsgəndər-M” raketini əfsanəvi təqdimatla tanıdıb, lakin hərbi sahə üzrə ixtisaslaşan nəşrlərdə raketin faydalılığı şübhə altına alınıb.

Başqa bir məqama da diqqət çəkək. Ermənistanın balansında olan əvvəlki nəsil “İsgəndər”lərdir, söhbət “İsgəndər-E”dən gedir.

Elə Paşinyan da raketin analoqsuz təqdimatına qarşı çıxaraq əslində Rusiyanın silah bazarını hədəfə alır.

Paşinyan həm də onu qarşıya məqsəd qoyduğunu deyir ki, gələcəkdə Ermənistan Rusiyadan silah tədarükü asılılığını azaltmaq niyyətindədir.

Azərbaycanın Vətən müharibəsində düşmənə müasir silahlarla endirdiyi zərbələr də göstərdi ki, “İsgəndər” nəslini asanlıqla dağıdıla bilər. Təsəvvür edin, əfsanəni onun bir qanadı boyda olan pilotsuz zərbə aparatı dağıdır.

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir