Prezident: “Erməni lobbisi Azərbaycan-Rusiya münasibətlərinə kölgə salmaq istəyir” – VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev bir müddət öncə Rusiya və Ermənistan müdafiə nazirlərinin görüşünə dair yayılan məlumatlara münasibət bildirib.

İlham Əliyev “Anadolu” agentliyinə müsahibəsində “Bu görüşdən sonra Ermənistanın yenidən silahlandırılmasına dair açıqlamalar verildi. Bu barədə nə düşünürsünüz?” sualına cavabında deyib:

“Məsələnin nə olduğu ilə maraqlandıq. Lakin bizə məlumat verildi ki, erməni mətbuatında çıxan açıqlamalar həqiqəti əks etdirmir. Bu, Ermənistanın təbliğatının çirkin əməlidir”, – deyə İlham Əliyev əlavə edib.

Dövlət başçısı daha sonra qeyd edib ki, Rusiya Ermənistanın silahlandırılmasına dair bir planlarının olmadığını bildirib.

“Əgər sən Rusiya müdafiə nazirinin demədiyi sözləri yazırsansa, bu, ən azından məsuliyyətsizlikdir, təxribatdır. İkincisi, bu tip məlumatları dəfələrlə, işğal dövründə də gördük, işğaldan sonra da. Ermənistan və Rusiyada fəaliyyət göstərən erməni lobbisi hər gün Rusiya və Azərbaycan münasibətlərinə xələl gəlməsi üçün çalışır. Onlar Azərbaycanla Rusiyanın əlaqələrinə kölgə salmaq istəyirlər”.

Prezident qeyd edib ki, onların məqsədi Azərbaycana qara yaxmaq, Rusiya mediasında Azərbaycanla bağlı mənfi imic yaratmaqdan ibarətdir.

“Düşünürlər ki, bu vəziyyətdə revanşist güclər yenidən baş qaldıraraq bizə qarşı müharibə başlada bilərlər. Lakin onlar yanılırlar. Birincisi, Rusiya ilə Azərbaycan əlaqələri kifayət qədər yüksək səviyyədədir və biz bütün mövzuları açıq şəkildə müzakirə edirik – prezidentlər səviyyəsində, müdafiə nazirləri səviyyəsində, xarici işlər nazirləri səviyyəsində. Tərəflərdən birini narahat edən məsələ olarsa, dərhal təmasa keçirik və məsələni həll edirik. Rusiya-Azərbaycan münasibətlərində hər hansı təcili məsələni həll etməklə bağlı bir mövzu da yoxdur”.

Prezident deyib ki, Rusiya Azərbaycanın Ermənistanın silahlandırılması ilə bağlı narahatlığını anlayışla qarşılayır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir