Prezident: “Hazırda bizim nəzarətimizdə olan ermənilərin yaşadıqları kəndlərdə hər şey salamatdır”

“Mən hələ işğal dövründə müsəlman ölkələrə müraciətlə deyəndə ki, ermənilər dəhşətli hadisələr törədir, bütün müsəlmanların müqəddəs ziyarətgahlarını təhqir edirlər, bəlkə də çoxları buna inanmırdı, lakin indi özləri bunu görəndən sonra necə qəbul edəcəklər? Yəni, burada baş verənlərin dərk edilməsində, bizim təkcə tarixi, hüquqi və siyasi baxımdan deyil, həm də xalis insanlıq baxımından haqlı olmağımızı dərk etməkdə daha bir dönüş baş verdi. Biz belə hərəkətlər etməmişik. Hazırda bizim nəzarətimizdə olan kəndlərdə, – mən ermənilərin yaşadıqları kəndləri nəzərdə tuturam, – hər şey salamatdır. Bir il keçib, mən Hadrutda olmuşam, orada bircə binaya da toxunulmayıb. İşğal dövründə orada əsasən ermənilər yaşayırdı. Bu, ümumiyyətlə, Azərbaycan xalqının xarakterinə ziddir”.

Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində bildirib.

Heç bir qəbirüstü daşın sındırılmadığını, heç bir kilsənin dağıdılmadığını vurğulayan dövlətimizin başçısı UNESCO ilə bağlı epopeyanı xatırladaraq deyib: “Onlar bizi az qala vandalizmdə təqsirləndirməyə çalışırdılar, düşünürdülər ki, indi biz kilsələri dağıdacağıq. Biz ermənilərin buraya gəlməsi marşrutunu onlarla razılaşdırdıq. Onlar da, onlarla əlaqədə olan bəzi ölkələr də çox təkidlə buraya gəlmək istəyirdilər. Biz işğaldan azad edilmiş ərazilərə xarici diplomatların və əcnəbi jurnalistlərin səfərlərini təşkil edəndə, onlar bu kilsələrin və bu qəbirlərin yerində olduğunu görəndə UNESCO-nun gəlməsi mövzusu gündəlikdən çıxarıldı. Məsələ belədir. Biz bütün illər boyu onları dəvət edirdik. Cavab necə olurdu? Deyirdilər ki, UNESCO siyasi məsələlərlə məşğul olmur. İkinci Qarabağ müharibəsi başa çatan kimi onlar təkidlə buraya gəlməyi xahiş etməyə başladılar. Biz marşrutları razılaşdırdıq və sair. Bu müddətdə baş verənlər məlumdur. Onlar özləri də gördülər ki, biz heç nəyi dağıtmırıq, amma buraya gələndə dağıdılmış məscidləri, dağıdılmış qəbiristanlıqları, tarixi abidələri, dağıdılmış şəhərləri görəcəklər, sadəcə, bunu kimin etdiyini deməyə məcbur olacaqlar. Deməli, bunu etmək istəmirlər. Bütün bu amillər, üstəgəl bizim fəal diplomatik işimiz bu reallıqların dünyada qəbul edilməsinə şərait yaratdı. Hesab edirəm ki, bu, böyük uğurdur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir