Prezident İlham Əliyev Brüsseldə Şimali Atlantika Şurasının iclasında iştirak edib – YENİLƏNİB

Dekabrın 14-də Belçika Krallığının paytaxtı Brüsseldə NATO-nun Şimali Atlantika Şurasının iclası keçirilib.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.

İclasda Azərbaycan-NATO əməkdaşlığı və praktiki müstəvidə əməkdaşlığın inkişafı, Alyansın Əfqanıstanda keçirilən “Qətiyyətli dəstək” missiyasına ölkəmizin töhfəsi, Azərbaycanla NATO arasında planlaşdırma analiz prosesi və digər proqramlar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi məsələləri, həmçinin Azərbaycanın Avropanın enerji təchizatında rolu, regional proseslər barədə ətraflı fikir mübadiləsi aparılıb.

NATO-ya üzv dövlətlər tərəfindən ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına bir daha dəstək ifadə olunub. Bu mövqenin NATO-nun Sammit sənədlərində də dəfələrlə təsbit olunduğu qeyd edilib. NATO-ya üzv dövlətlər tərəfindən Azərbaycanın “Qətiyyətli dəstək” missiyasındakı rolu xüsusi vurğulanıb. Azərbaycan hərbçilərinin Kabul hava limanı vasitəsilə 120 mindən çox mülki şəxsin təxliyəsində oynadığı rol NATO rəsmiləri tərəfindən xüsusi qeyd edilib. Azərbaycanın 2002-ci ildən 2021-ci il avqustun 27-dək bu əməliyyatda iştirak etdiyi və Əfqanıstanı ən son tərk edən ölkələrdən biri olduğu bildirilib.

İclasda, həmçinin Azərbaycan və NATO silahlı qüvvələri arasında operativ hərbi uzlaşma məsələsinin artırılması da qeyd olunub.

Tədbir çərçivəsində qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb və üzv dövlətlərin nümayəndələri tərəfindən verilən suallar cavablandırılıb.

Prezident İlham Əliyev Azərbaycanın regionda oynadığı rol, xüsusilə Vətən müharibəsinin başa çatmasından sonra bölgədə yaranmış yeni geosiyasi vəziyyət, Azərbaycanın Ermənistanla sülh müqaviləsi üzrə danışıqlara başlamağa hazır olması, həmçinin sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə hazırlıq kimi məsələlər haqqında ətraflı məlumat verib.

Dövlətimizin başçısı qeyd edib ki, NATO-nun 20-yə yaxın ölkəsi Azərbaycandan neft idxal edir. Həmçinin Alyansın 4 ölkəsinin, o cümlədən Türkiyənin Azərbaycandan qaz idxal etdiyi və gələcəkdə bu coğrafiyanın genişləndirilməsi imkanlarının olduğu diqqətə çatdırılıb. Azərbaycanın enerji təchizatı sahəsində etibarlı tərəfdaş olduğu, alternativ mənbə və alternativ xətt üzrə Avropanın enerji təhlükəsizliyinə töhfəsini verdiyi qeyd edilib.

22:26

Dekabrın 14-də Belçika Krallığının paytaxtı Brüsseldə NATO-nun Şimali Atlantika Şurasının iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir