Prezident İlham Əliyev – qalib komandan

Azərbaycan torpaqlarında ermənilərin pozuculuq fəaliyyəti Cənubi Qafqazın təhlükəsizliyini təhdid edib. Onlar havadarlarının dəstəyi ilə törətdiyi təxribatçı əməlləri ilə Azərbaycandakı siyasi proseslərə təsir edə bilirdilər. 1988-ci illərdən 90-cı illərin əvvəlinədək Azərbaycanda hakimiyyət dəyişikiyində erməni faktoru rol oynayıb.

Ermənistanın və havadarlarının regionda, xüsusilə Azərbaycan ərazisində törətdikləri özbaşınalığın, vəhşiliyin qarşısının alınacağına Azərbaycan cəmiyyətində ümid heç vaxt ölməyib.

1918-ci ildə, 1990-cı illərdə müxtəlif obyektiv və subyektiv səbəblərdən dövlət başçıları Azərbaycan cəmiyyətinin düşməni məhv etmək üçün potensial qüvvəsini reallaşdıra bilmədilər. Bu məsuliyyəti 2020-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev öz üzərinə götürdü. Dövlət başçısı bu çətin, milli və sosial sifarişi yürütdüyü uğurlu siyasət nəticəsində reallaşdırıb. Prezidentin ordu quruculuğu, onun müasir hərbi texnika, avadanlıq və silah-sursatla təchiz olunması, hərbçilərin döyüş qabiliyyəti, yeni gənc nəslin yetişdirilməsi, xalqın torpaqlarını azad etmək ruhunun qorunub saxlanılması, xarici siyasətdə tutduğu qətiyyətli mövqe Qələbənin təmin olunmasının əsas elementləri sayıla bilər. İlham Əliyev ərazi bütövlüyünün təmin olunmasında milli və dövlət maraqlarından çıxış etməklə beynəlxalq ictimaiyyətə Azərbaycanın tələblərini də çatdırdı.

Ermənistanın Azərbaycan torpaqlarındakı özbaşınalığına qarşı əks-hücum əmrini vermək qədər çox böyük məsuliyyəti üzərinə götürən dövlət başçısı noyabrın 8-də Şuşada hərbçilər qarşısında çıxışı zamanı bəhs etdiyimiz məsələlərdən danışıb: “Şuşaya qondarma qurumun qondarma “parlamentinin” köçürülməsi bizə növbəti dəfə sataşmaq idi. Ermənistan bizi təkəbbürlə, yekəxanalıq göstərərək yeni işğalla hədələyirdi. Biz nə qədər dözməli idik? Kimsə onların dərsini verməli idi, ya yox? Bax, sizin simanızda minlərlə, on minlərlə Azərbaycan gənci, əsgəri, zabiti sinəsini qabağa verərək düşmənə öz yerini göstərdi, düşməni elə vəziyyətə saldı ki, o vəziyyətdən o, əbədi çıxa bilməyəcək. Artıq o, məğlubedilmiş xalq və dövlət damğası ilə əbədi yaşayacaq”.

Qələbənin Ali Baş Komandanı olan İlham Əliyev noyabrın 10-dan sonra da işğaldan azad edilən torpaqlarda quruculuq işlərinə rəhbərlik etməklə liderlik mövqeyini qoruyub saxlayıb. İlham Əliyevin rəhbərliyi altında Şuşada, Cıdır düzündə “Xarıbülbül” festivalı, Vaqif Poeziya Günlərinin keçirilməsi, yol tikintisi işləri, elektrik xətlərinin çəkilməsi, hava limanlarının inşası və istifadəyə verilməsi, yeni kənd təsərrüfatı obyektlərinin tikintisi, yaşayış məntəqələrinin salınması və s. quruculuq işləri reallaşır. Dövlət başçısı bu istiqamətdə fəaliyyət göstərməklə dünyaya Qarabağın əsl sahibinin kim olduğunun ismarışını da verir.

Beləliklə, İlham Əliyevin simasında dünya Azərbaycanı, onun gənclərinin, əsgər, zabit və generallarının savaş qabiliyyətini, birliyini gördü. O, dövlətin maraqları baxımından xarici jurnalistlərə və siyasətçilərə verdiyi cavablarla ölkə vətəndaşlarının fikrini ifadə edib. Dövlət başçısının siyasəti nəticəsində müharibə zamanı ölkədə birliyə də nail olunmuşdu. Ermənistan, ermənilər və havadarları əvvəlki dövrlərdən fərqli olaraq Azərbaycanda pozuculuq yarada, təxribat törədə bilmədilər.

İlham Əliyev 44 günlük müharibədə Azərbaycanı dünyaya sülhsevər, döyüşkən, öz dövlət maraqlarından əl çəkməyən, regionda təhlükəsizliyin təminatında başlıca rol oynayan dövlət olaraq göstərib. Prezident Vətən savaşındakı ardıcıl fəaliyyəti ilə öz millətinin potensialını reallaşdırmasına başçılıq etdi. Azərbaycan onun liderliyi ilə ermənilərə və havadarlarına dərs verdi. Yəqin ermənilər bundan sonra 44 rəqəmini İlham Əliyevdən dərs aldıqları günlər kimi xatırlayacaqlar.

Sədrəddin İsmayılov, report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir