Prezident: “May ayının sonuna qədər Ağdam şəhərinin baş planının ilkin versiyası təqdim olunacaq”

“Birinci pilot layihə Zəngilan rayonunda icra ediləcək – “Ağıllı kənd” layihəsi. Bu layihə üç kəndi – 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edəcək və yəqin ki, yaxın gələcəkdə bu layihənin təməli də qoyulacaq. Zəngilanda olarkən mənə bu layihə ilə bağlı məruzə edildi və indi təməlqoyma mərasimi üçün hazırlıq işləri aparılır. Ümid edirəm ki, gələn il artıq bu ilk pilot layihə icra ediləcək və beləliklə, əvvəlcə keçmiş köçkünlərin birinci qrupu öz doğma torpaqlarına qayıdacaqlar”.

Bu sözləri Prezident İlham Əliyev Hacıqabul rayonuna səfəri zamanı Azərbaycan Televiziyasına müsahibəsində bildirib.

“Bütün şəhərlərin baş planları hazırlanır. Hesab edirəm ki, bu, ilk növbədə, Ağdam şəhərini əhatə edəcək. Ümid edirəm, may ayının sonuna qədər Ağdam şəhərinin baş planının ilkin versiyası təqdim olunacaq və əlbəttə ki, ondan sonra, o cümlədən Ağdam rayonunun ictimaiyyəti ilə birlikdə müzakirə ediləcək. Digər şəhərlərimizin də baş planları hazırlanır.

Kəndlərin bərpasına gəldikdə, burada da biz işlərimizi mərhələlərə bölməliyik. İlk növbədə, biz mövcud infrastruktura yaxın olan kəndləri bərpa etməliyik. Bu da təbiidir, çünki həm vaxt, həm səmərəlilik baxımından bu, daha məqsədəuyğundur. Ona görə Ağdam, Füzuli, Cəbrayıl rayonlarının keçmiş təmas xəttinə yaxın olan kəndlərinin bərpası ilə bağlı müvafiq göstərişlər verilib.

Xaricdən bir çox təkliflər gəlməkdədir, bir çox xarici tərəfdaşlarımız Qarabağın bərpası işində fəal iştirak etmək istəyirlər. Biz də, əlbəttə ki, bunu alqışlayırıq. Təbii ki, bütün təkliflər təhlil ediləcək və müzakirə olunacaq. Biz bu işləri maksimum səmərə ilə görməliyik ki, azad edilmiş torpaqlara qayıdacaq vətəndaşlar üçün ən gözəl şərait yaradılsın.

Bildiyiniz kimi, Füzuli Beynəlxalq Hava Limanının tikintisi sürətlə gedir və yaxın gələcəkdə Zəngilan rayonunda yeni hava limanının tikintisinə start veriləcəkdir. Üçüncü hava limanı Laçın rayonu ərazisində inşa ediləcək. Bu, bir qədər sonra baş verəcək. O bölgədə hələ ki, qar əriməyib. Hava limanı üçün nəzərdə tutulan yerdə indi praktiki işlərin görülməsi mümkünsüzdür. Gözləyirik, yəqin ki, may-iyun aylarında artıq bu istiqamətdə də işlərə start veriləcək”, – deyə ölkə başçısı bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir