Prezident müharibənin ilk günləri azad edilən kəndlərin strateji əhəmiyyətindən DANIŞDI

“Suqovuşan qəsəbəsinin azad edilməsi strateji nöqteyi-nəzərdən çox böyük əhəmiyyət kəsb edirdi. Çünki bu qəsəbənin yerləşməsi müharibənin gedişatında önəmli rol oynayırdı və qəsəbənin əlimizdə olması bizə gələcək əməliyyatlarımızda üstünlük təşkil edirdi. Düşmən yəqin ki və təbii ki, bilirdi, biz bu istiqamətdən hərəkətə keçəcəyik. Talış kəndi və Suqovuşan qəsəbəsi bir gündə – keçən il oktyabrın 3-də işğaldan azad edilmişdir. Burada çox güclü istehkamlar qurulmuşdu, bir neçə müdafiə xətti təşkil edilmişdi. Bütün strateji yüksəkliklərdə, qəsəbəyə gedən yüksəkliklərdə düşmən yerləşmişdi”.

Bu sözləri Prezident İlham Əliyev oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan qəsəbəsində çıxışı zamanı deyib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan Ordusu böyük qəhrəmanlıq və fədakarlıq göstərərək şiddətli döyüşlər nəticəsində Talışı və Suqovuşanı işğaldan azad etdi:

“Suqovuşan qəsəbəsinin və Talış kəndinin azad edilməsinin digər əhəmiyyətli tərəfi ondan ibarətdir ki, birinci azad edilmiş kəndlərdən sonra, – birinci kəndlər sentyabrın 27-də müharibənin ilk günündə azad edilmişdi – 6 kənd, – oktyabrın 3-nə qədər hər hansı bir yaşayış məntəqəsi azad edilməmişdi. Bunun təbii səbəbləri var idi, hazırlıq gedirdi, manevrlər gedirdi, şiddətli döyüşlər gedirdi. Ancaq müharibənin ilk günündə əldə edilmiş qələbələrdən sonra növbəti yaşayış məntəqələrinin azad edilməsi, əlbəttə ki, ordumuza, xalqımıza əlavə güc, mənəvi güc verdi və müharibənin yeddinci günündə səkkiz kəndin azad edilməsi, o cümlədən keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində yerləşmiş bu kəndlərin azad edilməsi bizə böyük mənəvi üstünlük verirdi.

Bu kəndlərin strateji əhəmiyyəti ondadır ki, burada düşmənin çox böyük canlı qüvvəsi yerləşmişdi. Bu kəndlərin azad olunması bizim bu bölgədəki strateji yollara da nəzarətimizi təmin etdi və düşmənin canlı qüvvəsinin hərəkəti üçün, manevrləri üçün çox böyük problemlər yaradıldı, məhdudiyyət yaradıldı. Talış kəndinin və Suqovuşan qəsəbəsinin yerləşdiyi ərazidə düşmənin çox böyük canlı qüvvəsi yerləşmişdi və demək olar ki, müharibənin son gününə qədər bu canlı qüvvə digər əməliyyatlarda iştirak edə bilmirdi. Birinci növbədə ona görə ki, strateji yollar artıq bizim nəzarətimizdə idi, ikincisi ona görə ki, əgər buradan düşmən öz canlı qüvvəsini başqa yerlərə çəksəydi, əlbəttə, Azərbaycan Ordusu bu istiqamətdə bundan sonra da böyük dərəcədə irəliləyə bilərdi. Ona görə bizim taktiki addımlarımız və manevr etmək imkanlarımız düşünülmüş addımlar idi və demək olar ki, burada düşmənin böyük bir hərbi birləşməsi iflic vəziyyətdə qalmışdı”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir