Prezidentdən Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin təşkil olunması ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin təşkili haqqında Sərəncam imzalayıb. 

AZƏRTAC xəbər verir ki, Sərəncamda deyilir:

Məhkəmə-Hüquq Şurasının təklifini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikasında məhkəmə sistemini təkmilləşdirmək məqsədilə qərara alıram:

1. Sumqayıt şəhərində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi təşkil edilsin.

2. Məhkəmə-Hüquq Şurasına tövsiyə edilsin ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ərazi yurisdiksiyasını müəyyən etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin fəaliyyəti üçün zəruri şərait yaradılması məqsədilə onun bina, avadanlıq, rabitə, nəqliyyat və digər təşkilati-texniki vasitələrlə təmin edilməsi ilə bağlı tədbirlər görsün;

3.2. maliyyə təminatı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi vasitəsilə həyata keçirilən məhkəmə aparatları işçilərinin ümumi sayının artırılmasını təmin etsin;

3.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir