“Prezidentin “CNN Türk”ə müsahibəsi Ermənistana və havadarlarına ciddi xəbərdarlıq idi” – RƏY

“2020-ci ilin noyabr ayının 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında birgə hərbi əməliyyatların dayandırılması və sülh prosesinin təmin olunması, gücləndirilməsi üçün bir sıra tədbirlərin həyata keçirilməsini nəzərdə tutan bəyanat imzalanmışdı. Bu bəyanatla Ermənistan kapitulyasiya etdi, eyni zamanda sülhyaratma missiyası ilə bağlı Rusiya da müəyyən öhdəliklər götürdü. Lakin bu gün Azərbaycan üzərinə düşən vəzifələri yerinə yetirdiyi halda Ermənistan havadarlarına güvənməklə məsuliyyətini tam yerinə yetirmir. Ermənistan həm 10 noyabr, həm də 11 yanvar bəyanatlarının maddələrinə sadiqlik nümayiş etdirmir, özünü revanşist tərəf kimi aparır”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin “CNN Türk”ə müsahibəsi Ermənistana və havadarlarına ciddi xəbərdarlıq idi:

“Ermənistanın 30 il ərzində Azərbaycan torpaqlarını işğal altında saxlaması sonda onun kapitulyasiyası ilə nəticələndi. 44 günlük Vətən müharibəsindən sonra isə revanşizm niyyətləri 60-dan artıq erməni terrorçusunun əsir götürülməsi ilə başa çatdı. Yəni, Ermənistan anlamalıdır ki, Azərbaycan hər nə qədər sülh tərəfdarı olsa da, müharibəyə də, təxribatların qarşısını almağa da hazırdır.

Prezident İlham Əliyevin “CNN Türk”ə müsahibəsi zamanı Ermənistanın təxribat xarakterli addımları, Qarabağda baş verən proseslər barədə diqqətə çatdırdığı məlumatlar da Azərbaycanın bölgəyə nəzarətinin nə qədər yüksək səviyyədə olduğunu isbatladı. Ermənistan başa düşməlidir ki, Azərbaycan bütün keçid və ərazilərə nəzarət edir. Həm Ermənistanın, həm Rusiya sülhməramlılarının, həm də İrandan gələn maşınların hərəkətlərini izləyir, fəaliyyətləri barədə ətraflı məlumata sahibdir. Ona görə də, Ermənistan təxribatlar deyil, Azərbaycanın təklif etdiyi sülh müqaviləsi haqqında düşünməlidir”.

“Prezident İlham Əliyev “CNN Türk”ə müsahibəsi ilə bir daha Azərbaycanın sülh, əməkdaşlıq və tərəfdaşlıq mövqeyində olduğunu nümayiş etdirdi”, – deyən deputat əlavə edib ki, Azərbaycan Prezidenti böyük diplomatik nəzakət və humanistlik göstərərək Ermənistana sülh təklif edir:

“Əslində, Azərbaycan bir qalib dövlət olaraq Ermənistanı sülhə məcbur etmək üçün fərqli yollara da əl ata bilər. Hətta, Azərbaycanın bir neçə dəfə imkanı da var idi ki, yenidən “Dəmir yumruğunu” işə salsın. Amma Azərbaycan səbir edir, praqmatik dövlət olaraq addımlar atır, düşmənin, havadarlarının təxribatlarına baxmayaraq, bütün dünyaya sülh, əməkdaşlıq niyyətini göstərir.

Əlbəttə ki, Ermənistan da bu fürsətdən istifadə etməlidir. Çünki Azərbaycanın sülh təklifi daimi, əbədi olaraq masa üzərində qalmaq üçün deyil. Ermənistan və havadarları da bilir ki, Qarabağla bağlı məsələnin “hərbi həlli yoxdur” tezisi işə yaramır. Azərbaycan artıq bunu sübut edib. Bir sözlə, Azərbaycan qalib dövlət olaraq sülh əlini uzadıb. Artıq seçim Ermənistanındır. Ermənistan rəhbərliyi Azərbaycanın sülh əlini tutsa, bölgəyə sabitlik gələcək. Yox, yenə də təxribatlara əl atsa, o zaman “Dəmir yumruq” işə düşəcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir