Qənirə Paşayeva “Milli mədəniyyətin oyaq vicdanı”nın doğum günündən yazdı…

Bugün Azərbaycanlı yazıçı-publisist, İranda professional uşaq ədəbiyyatının banisi, həmkarları tərəfindən “Milli mədəniyyətin oyaq vicdanı” adlandırılan müəllim, tərcüməçi Səməd Behrənginin doğum günüdür. Səməd İzzət oğlu Behrəngi (24 iyun 1939 – 31 avqust 1967) –Təbrizin Gerendab məhəlləsində, yoxsul bir ailədə doğulub; onun iki qardaşı və üç bacısı olub; atası bu dünyadan tez köçüb. Anası Sara xanımın xatirələrində oxuyuruq:“Yadımdadır, Səməd dünyaya gələndən bir gün öncə onun atası işdən çıxarıldı. O, yenə də ərbabla dalaşmışdı. O, sahibkara boyun əymək istəmirdi. Mən ona deyirdim, filankəs bir iş yerində 4 ildir işləyir, ancaq heç vaxt ərbabla dalaşmayıb, sən isə il qurtarmamış işdən çıxarılırsan. O isə cavabında deyirdi: Mən başqaları kimi ərbaba yaltaqlana bilmərəm; kimlərdənsə casusluq etməyi bacarmıram. Elə dalaşmağımız da buna görədir.”İlk təhsilini Təbrizdəki “Dəbristani-Tərbiyət və Daneşsərayi”də alan Səməd, məktəbi bitirdikdən sonra Tufarqan mahalının Mamağan, Guqan və s. bölgələrində ibtidai sinif müəllimi kimi çalışıb. İşləyərək həm də Təbriz Universitetinin Filologiya fakültəsinin ingilis dili şöbəsində qiyabi təhsil alıb, oranı 1961-ci ildə bitirib.Tələbəlik illərində buraxdığı “Xənde” (“Gülüş”) adlı həftəlik divar qəzeti, həm də özünün ilk ədəbi tənqidi və satirik qələm təcrübələrinin yayılmasında, qələminin cilalanmasında rol oynayıb.Səməd Behrəngi və fikir dostları, özəlliklə Bəhruz Dehqani Azərbaycan kəndlərində folklor örnəklərini toplayırdı; lakin Sirus Mədədinin verdiyi bilgiyə əsasən, onların topladığı folklor örnəkləri, İran şahının qeyri-fars dillərlə bağlı siyasətinə görə çap olunmayıb. Səməd Behrəngi bu nağılları sonralar (həmkarı Bəhruz Dehqani ilə birlikdə) fars dilinə çevirərək, nəşr etdirib. Özünün yazdığı nağıllar da, Sirus Mədədi vasitəsilə “Azərbaycan nağılları” adı ilə Tehranda çap olunub; eyni zamanda, fars dilindən Azərbaycan dilinə çevirdiyi tərcümələri dövri mətbuatda çıxıb.İlk hekayələri “Adət”, “Binam” 1959-cu ildə dərc olunub. Bundan sonra “Ulduz və qarğalar”, “Çuğundursatan oğlan”, “Balaca qara balıq” və s. hekayə və nağıllarını yazıb (1967-1969). O, bir müddət qəzetlərdə məqalələrlə çıxış edib; o zaman Təbrizdə nəşr olunan “Mehdi Azadi” və “Adinə” qazetlərində yazıb; sonra, məqalələrini “Məcmueyi-məqaleha” (“Məqalələr məcmuəsi”) adı ilə kitab şəklində nəşr etdirib.Ona qədər də, uşaq ədəbiyyatına aid kitablar yazan olsa da, İran ədəbiyyatçıları Səməd Behrənginin İranda peşəkar uşaq ədəbiyyatının qurucusu olduğunu qəbul edir. Həmkarları onu “Azərbaycan kəndlilərinin canlı dili”, “Milli mədəniyyətin oyaq vicdanı”, “Xalqa üz tutan”, “Səyyar müəllim” adlandırıb.O, 1957-ci ildən etibarən kənd məktəblərində dərs deyib, kitabları ilə yanaşı, onlarla pedaqoji məqalə və esse yazıb. Əhməd Şamlı, Füruğ Fərruxzad kimi yazarların əsərlərini Azərbaycan dilinə çevirib.Onun uşaqlar üçün yazdığı əsərlər sosial üzüntüləri, toplumdakı haqsızlıqları qabartdığı üçün Şah rejimi tərəfindən qadağan edilib. 1967-ci il avqustun 31-də Xumarlı yaşayış məntəqəsi yaxınlığında, Araz çayında müəmmalı şəkildə boğulub. Ədəbi, pedoqoji, ictimai çalışmalarına görə dəfələrlə təqiblərə məruz qaldığını əsas götürərək, bir çox insan onun Şah rejimi tərəfindən öldürülməsini iddia edir. Rəsmi qaynaqlar isə sui-qəsdi inkar edərək, onun sadəcə çayda batdığını deyir…Bakıda ilk dəfə 1987-ci ildə “Məhəbbət nağılı” adı ilə seçilmiş əsərləri kütləvi tirajla nəşr edilib.Səməd Behrəngi heç bir siyasi təşkilata bağlı olmayıb (zatən, Şah dövründə siyasi təşkilat da yox idi); amma fikir dostları, əqidə yoldaşları Bəhruz Dehqani, Əlirza Nabdil, Mənaf Fələki, Kazım Səadəti, Əşrəf Dehqani və başqaları, o, Arazda boğulandan iki il sonra İranın “Xalq Fədailəri” təşkilatını yaradıb və silahlı mübarizəyə qalxıblar. – Behrənginin yazdığı “Balaca qara balıq” əsəri həm də İran inqilabının manifesti hesab edilir.“Balaca qara balıq” əsəri 1968-ci ildə İtaliyanın Bolonya şəhərində keçirilən “Uşaq Kitabları Müsabiqəsi”ndə qızıl medala layiq görülüb; birinci yeri tutduğuna görə kitabları italyan, fransız, ingilis dillərində – Avropada, habelə qardaş Türkiyədə nəşr edilib.S.Behrəngi Təbrizin İmamiyyə qəbiristanlığında dəfn edilib.Haqqa qovuşduqdan sonra, onun xatirəsinə çoxlu şeir yazılıb, musiqilər bəstələnib. Dostu Əlirza Nabdil Oxtayın yazdığı “Səməd könlümdədir” şeirinə musiqi bəstələnib və dillər əzbəri olub.2014-cü ildə Bakıda, Azərbaycan Yazıçılar Birliyi tərəfindən (əlaqədar qurumlarla birgə), Səməd Behrəngi adına ictimai ədəbi mükafat təsis edib. 14 mart 2019-cu il tarixində Azərbaycan Yazıçılar Birliyi və Mədəniyyət Nazirliyinin dəstəyi ilə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Səməd Behrənginin 80 illiyinə həsr edilmiş təntənəli gecə keçirilib.RUHU ŞAD OLSUN!
Qənirə Paşayeva, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir