Qərb diplomatları Azərbaycanın “səxavətli” olmasını istəyir – AÇIQLAMA

“Şəxsi görüşlər zamanı Qərb diplomatları və ekspertləri mənə deyirlər ki, Azərbaycan qalib tərəf kimi “səxavətli” olmalıdır. Onlar qələbənin Azərbaycana böyük qurban və vəsait hesabına başa gəldiyini, Ermənistanın minalanmış ərazilərin xəritəsini verməkdən imtina etdiyi bir vaxtda bu ərazilərin bərpası ilə bağlı bizi qabaqda çətin işlərin gözlədiyini unudurlar”.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyevin yazdığı məqalədə belə deyilir.

O xatırladıb ki, öz evlərini, yaxınlarının qəbirlərini dağılmış vəziyyətdə görmüş məcburi köçkünlər, əzizlərini müharibədə, Gəncə, Tərtər, Bərdə hadisələrində itirənlər üzərində nəhəng emosional yük var.

“Ədalət naminə demək lazımdır ki, bəzi Qərb mediası bu barədə yazır”, – deyə F.Şəfiyev bildirib.

F.Şəfiyev Azərbaycanda saxlanılan erməni hərbçilərdən də bəhs edib. Qeyd edib ki, Qərb ölkələri tərəfindən Azərbaycana güclü təzyiqlər edilir.

“Qısa şəkildə qeyd etmək istəyirəm ki, Azərbaycan bütün hərbi əsirləri təhvil verib. Lakin 10 noyabr bəyannaməsinin 4-cü bəndinə əsasən bütün erməni hərbi birləşmələri Azərbaycan ərazisindən çıxarılmalıdır və bu müddəa hələ də yerinə yetirilməyib. Bu bəndin ikili izahı yoxdur – Qarabağın Rusiya sülhməramlılarının yerləşdirildiyi hissəsi beynəlxalq səviyyədə tanınmış Azərbaycan ərazisidir. Erməni hərbçilər məsələsi ilə bağlı danışıqlar aparılır və müsbət nəticələr əldə edilərsə, o zaman Azərbaycan da xoşməramlı digər addımların mümkünlüyünü nəzərdən keçirə bilər. Təbii ki, 2020-ci ilin dekabrında 3 azərbaycanlı hərbçini və bir mülki işçini öldürən ermənilərin məsələsi də gündəmdədir. Mənə maraqlıdır ki, amerikalı qanun yazarı Bob Menendesin cəzası verilməmiş cinayət məsələsinə yanaşması necədir? Açığı bu ikiüzlü “qanun yazarı” məni o qədər də narahat etmir.

Bu məsələ 10 noyabr bəyannaməsində öz əksini tapmasa da mina kirlənməsi son dərəcə vacib məsələdir və eyni zamanda bu problem regionda kommunikasiyaların açılmasına maneə törədir. Kommunikasiya məsələsi isə 10 noyabr bəyannaməsində öz əksini tapıb. Ermənistan tərəfdən adekvat addımlar atılmazsa, Azərbaycan xoşməramlı jestləri dayandırmalıdır. Bundan əlavə, Ermənistan minalanmış ərazilərinin xəritələrini verməkdən imtina edəcəyi təqdirdə bu ölkəni dəymiş maddi ziyan və minaların yerləşdirilməsi ilə bağlı məsuliyyətə cəlb etmək üçün hüquqi fəaliyyətləri davam etdirmək lazımdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir