“Qanlı yanvar” qurbanları qarşısında baş əyən Putin və illər sonra Qazaxıstanla bağlı verdiyi əmr… – VİDEO

Qazaxıstanda yeni ilin ilk günlərində baş verən iğtişaşlar hələ də davam edir. Artıq hətta iğtişaşların qarşısının alınmasına dəstək üçün Qazaxıstan ərazisinə üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sülhməramlı kontingenti də yeridilib.

Ancaq bu qərar bir çox yerlərdə olduğu kimi missiyada hərbi kontingenti ilə təmsil olunan Rusiyanın özündə belə birmənalı qarşılanmayıb. İlk növbədə bu missiyanın qanunsuz əsaslarla ölkəyə daxil olduğu vurğulanıb, sülhməramlıların əsl məramı barədə olduqca maraqlı suallar ortaya çıxıb.

Məlum olduğu kimi Rusiya Qazaxıstana özünün hava-desant qüvvələrini cəlb edib. Qazaxıstana məhz bu qüvvələrin cəlbi və sözügedən kontingentin “keçmişi” 1990-cı ilin yanvarında Bakıda baş vermiş qanlı qırğını yada salıb.

Həmin vaxt məhz “desantçılar”ın Bakıya daxil olaraq törətdiyi qətllər hər birimizin yaddaşındadır.

“Qanlı yanvar” hadisələri ilə Qazaxıstana desantçıların yeridilməsi arasındakı bu uyğunluğa rusiyalı jurnalist Andrey Karaulov diqqət çəkib.

Özünün “YouTube” kanalındakı müəllif proqramında çıxışı zamanı məşhur sovet jurnalisti ölkəsini tənqid etməkdən çəkinməyib. O, nə Rusiyanın, nə də KTMT-nin digər heç bir üzvünün Qazaxıstana qoşun yeritməsinin qanuni əsası olmadığını qeyd edib.

Belə ki, A.Karaulov KTMT nizamnaməsinə əsasən Qazaxıstana qoşun yeridilməsinin yalnız xarici hərbi təcavüz olduğu halda mümkünlüyünü vurğulayıb. Ortada bu cür faktın olmadığını, indiki halda isə sözügedən addımın qanunsuz olduğunu vurğulayıb.

Qazaxıstana Rusiya desantçılarının daxil olması ilə “Qanlı yanvar” hadisələri arasında paralel aparan jurnalist qeyd edib:

“Qazaxıstana Rusiya Qvardiya qoşunlarının yox, desantçıların yeridildiyini anlamaq lazımdır. Eynilə 90-cı ilin yanvarında desantçılar Bakıya yeridilmişdi. Biz “Qanlı yanvarı” xatırlayırıq. Həmin vaxt Bakıda general Lebedin desantçıları şəhərin dinc sakinlərini zirehli transportyorlarla əzdilər və süngüyə keçirdilər. Onların qurbanları arasında südəmər körpə də, 92 yaşlı qoca da var idi. Bizim desantçıların bütün qurbanları Bakıda Şəhidlər xiyabanında dəfn olunub. Yeri gəlmişkən ora Prezident Putin də baş çəkib və həlak olanların məzarlarına gül qoyub. Lebedin desantçıları Azərbaycanın ozamankı rəhbəri Vəzirovu xilas etmişdilər”.

A.Karaulov eyni zamanda Bakıda baş vermiş hadisənin Heydər Əliyevin çıxışı sayəsində bütün dünyaya çatdırıldığını söyləyib və hazırda Rusiyada heç kimin Qazaxıstana qoşun yeridilməsinə etiraz etməməsindən təəccübləndiyini bildirib.

Hazırda vəziyyət ətrafındakı ritorikanın yalnız axmaqlar üçün olduğunu qeyd edən jurnalist Vladimir Putinin bir vaxtlar “qanlı yanvar” qurbanlarının məzarı qarşısında baş əydiyini, indi isə onun özünün Qazaxıstana qoşun yeridilməsi qərarı verdiyini bildirib.

İstənilən halda rusiyalı jurnalistin toxunduğu mətləblər bu gün bir çox ekspert dairələri tərəfindən narahatlıqla qarşılanan məqamlardır. Rusiya qoşunlarının Qazaxıstana daxil olmasının qanuni əsaslarının olmaması isə demək olar ki, hər kəs tərəfindən qəbul olunan həqiqətdir.

Üstəlik ölkədə sülhməramlıların olması da qeyri-müəyyənliyə gətirib çıxarır. Belə olan halda istənilən təxribatın olduqca ağır fəsadlar verməsi qaçılmaz haldır. Burada sadə Qazaxıstan vətəndaşlarının qurbana çevrilməsi isə ən dəhşətli ssenarilərdən biri olacaq.

90-cı ilin yanvar hadisələri ilə müqayisədə bu gün Qazaxıstanda baş verənlər daha qanlı aktlara, toqquşmalara çevrilə bilər. Çünki sülhməramlıların konkret olaraq təyinatı belə bəlli deyil. Rusiya kontingentinin hansı missiyanı icra edəcəyi, ümumiyyətlə belə bir missiyaya ehtiyac olub-olmaması belə qeyri-müəyyəndir.

Müəyyən olan bir şey varsa, o da Rusiya desantçılarının Qazaxıstandakı varlığının hazırda təxribatlar üçün daha ideal zəmin yaratmasıdır. Çünki hazırkı durumda istənilən kiçik bir təxribat desantçıların Qazaxıstanda yerləşmə müddətini artıra, xidmətlərinin təyinatında kəskin dəyişikliklərə gətirib çıxara bilər.

İmperiya maraqlarının ön plana çıxdığı cari vəziyyətdə Rusiya üçün həmin “kiçik” təxribatlar növbəti “manevr”lər üçün güclü arqumentlərə çevrilə bilər. Həmin arqumentlər isə sülhməramlı missiyanın “ömrünü” illərlə uzada bilər…

Bir faktı da qeyd edək ki, bu gün üzərindən 32 il keçdikdən sonra rusiyalı jurnalistin vurğuladığı “qanlı yanvar” hadisələrinin təkrarlanması təhlükəsi olduqca realdır. Ortada tələbləri olan bir xalq, hakimiyyətini qorumaq istəyən qüvvələr və Rusiya desantçıları var.

Hər halda Qazaxıstanda baş verən hadisələrin hansı məcraya yönələcəyi böyük və qaranlıq bir sual olaraq qalmaqdadır. Bu qaranlıq isə bütün regionun gələcəyi üçün böyük təhlükəyə çevrilə bilər…

Orxan Tağıyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir