Qazaxıstandakı aksiyalar: Bir neçə gün öncə anonsu verilmişdi… – TƏHLİL

Qazaxıstan hakimiyyətinin qiymət artımına etirazlara ilkin reaksiyası bu oldu ki, qiymətlərə yenidən baxılacaq. Hökumət isə istefaya göndərildi. 

Ancaq aksiya iştirakçılarının hökumətin vədinə tərs mütənasib olan reaksiyası emosiyaların qızışaraq körüklənməsinə gətirib çıxarır.

Burada istər-istəməz ortaya Qazaxıstanı öz orbitinə çəkərək ram etmək cəhdlərinə dair versiyalar ortaya çıxır.

Aksiyalar fonunda Qazaxıstanın xarici güclərin rəqabət poliqonuna çevrilməsinə dair aydın bir mənzərə yoxdur. Çünki elementar məntiqlə düşünə bilərik ki, etirazçılar öz gələcək sosial güzəranlarının qeydinə qalaraq istefa şüarları səsləndirə bilərlər.

Bu versiya qətiyyən inkar edilmir, ancaq ən azından bu etirazların hansı ölkəyə və niyə sərf etdiyi məsələsini müəyyən edən istiqamətləri tapa bilərik.

Hələ 2021-ci ilin son günlərində Rusiya mediası həyəcan təbili çalaraq haray salırdı ki, Çin Qazaxıstanda güclənir və ölkənin enerji resurslarının ixracına, silah bazarına və təhlükəsizlik məsələlərinə iddia edir.

Hətta məqalədə hazırda iğtişaşqarışıq mitinqlərin tüğyan etdiyi Nursultan, Almatı, Aktobe, Çimənkəndin də adı çəkilir və qeyd edilirdi ki, bu zonalarda qazaxıstanlılar Çin faktoruna qarşı aksiyalar təşkil edirlər.

Qazaxıstan Çin üçün də, Rusiya üçün də həlledici coğrafiyadır, bura nəzarətin tamhüquqlu bərpa edilməsi strateji düyünləri açar və ekspansiya üçün əlverişli zəmin yaradar.

Hələ ABŞ siyasətinin alt qatını izah edən Zbiqnev Bjezinski özünün “Böyük şahmat taxtası” kitabında Qazaxıstan amilindən yazarkən burada etnik rusların mövcudluğunu (hazırda 20 faiz etnik rus var) Kremlin maraqlarının “B” planının təminatçısı kimi qiymətləndirirdi.

Qazaxıstan üzərində hazırda mürəkkəb və qatmaqarışıq qlobal çəkişmələr elə səviyyəyə çatıb ki, burada müttəfiqliklə rəqabətin sərhədləri itir.

Söhbət ondan gedir ki, Rusiya ilə Çinin hər ikisinə ABŞ-ın Qazaxıstandan sıxışdırılıb çıxarılması sərf edir, amma Pekinlə Moskvanın özünün də maraqları toqquşur.

Bir sözlə, deyə bilərik ki, qlobal lövhənin Qazaxıstana düşən hissəsində hər üç ölkə bir-birilə çəkişir.

Siyasətin qıfıllarına açar salan iqtisadi əlaqələrin ümumi dinamikasını da diqqətə çatdırmaq zərurəti yaranır.

Qazaxıstanın ABŞ-a ticarət dövriyyəsinin həcmi iki milyard dollardan çoxdur, bu, Çinlə müqayisəyəgəlməyəcək dərəcədə azdır.

Qazaxıstanın Çinlə ticarət həcmi 21 milyard dollardan çoxdur, Rusiya ilə isə bu rəqəm 20 milyard dollar təşkil edir.

Vaşinqton elə əvvəldən Qazaxıstana Mərkəzi Asiyada özünün prioritet tərəfdaşı kimi baxıb.

ABŞ SSRİ dağıldıqdan sonra Qazaxıstanda səfirlik açan ilk xarici ölkələrdən idi və sonra prezident Nursultan Nazarbayev Orta Asiyadan ABŞ-a səfər edən ilk prezident kimi yadda qaldı.

Qazaxıstanın xarici siyasətində anti-Qərb tezisləri üstünlük təşkil etmir, hərçənd ki, Qazaxıstanla Rusiya Avrasiya İttifaqında, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında təmsil olunurlar.

Qısası, Qərb də, Rusiya da, Çin də beynəlxalq qarşıdurmada Qazaxıstanı öz tərəfində görmək niyyətlərini ifadə edir.

“Taliban” Əfqanıstanda hakimiyyətə gəldikdən sonra Qərbin prioritetlərində Mərkəzi Asiya əsas yerə gətirildi, Rusiya ilə Çin isə Qərbin düz öz qapısının ağzına gəlməsini istəmir.

Bu məsələləri sadaladıqdan sonra sual olunur: Qazaxıstandakı aksiyalar kimə sərf edir?

Hər üç ölkəyə. Bu sərfetmə dərəcəsi o zaman öləziyəcək ki, qlobal güclər ya maraqlarını uzlaşdıracaqlar, ya da tərəflərdən biri Qazaxıstana hansısa vədlər verəcək və Qazaxıstan bu vədləri digər gücə qarşı çevirməyəcək.

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir