Qubadan Zəngəzur dəhlizi xəbərdarlığı – TƏHLİL

Prezident İlham Əliyev Qubanın Qonaqkənd qəsəbəsindəki çıxışı zamanı Azərbaycanın mövqeyini bir daha dilə gətirib. Qeyd edib ki, Ermənistan öz üzərinə götürdüyü öhdəliyə əməl edərək, dəhlizin açılması ilə bağlı konkret tarix verməlidir.
 
Zəngəzur dəhlizi ilə bağlı yaranmış vəziyyət Ermənistanın həmişəki kimi qeyri-konstruktiv mövqedə dayandığını göstərir. Amma  Ermənistan 2020-ci ilin 10 noyabrında imzalanmış sənədə əsasən, üzərinə öhdəlik götürüb və bu, bütün dünyaya bəllidir. Şübhəsiz ki, Azərbaycan rəsmi İrəvanın bu cür davranışını qəbul etməyəcək. Prezident İlham Əliyev dekabrın 6-da Qubanın Qonaqkənd qəsəbəsində çıxışı zamanı Azərbaycanın bu məsələ ilə bağlı mövqeyini bir daha dilə gətirib: “Mən demişdim ki, bizə tarix versinlər torpaqlarımızdan nə vaxt çıxır, o an biz dayanmağa hazırıq. Bu gün də eyni sözü deyirəm. Amma deyirəm ki, bizə tarix versinlər, Zəngəzur dəhlizi nə vaxt açılacaq və belə olan halda, heç bir problem olmayacaq. Ona görə hesab edirəm ki, həm Ermənistan rəhbərliyi, həm Ermənistan ictimaiyyəti, əhalisi bunu başa düşməlidir. Biz istədiyimizə nail olmuşuq, oluruq və olacağıq. Yaxşı olar ki, bu məsələ konstruktiv şəkildə danışıqlar yolu ilə, qarşılıqlı anlaşma yolu ilə həll olunsun”.

Mövzuyla bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edirik.

Post-münaqişə dövründə yaranmış yeni reallıq

Əslində Prezident İlham Əliyev bu fikirləri ilə Ermənistana hansı mesajları vermiş oldu? Mövzu ilə bağlı “Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov Prezident İlham Əliyevin post-münaqişə dövründə regionda yaranmış yeni reallığa Ermənistan tərəfinin ciddi əməl etməsinin vacibliyini önə çəkdiyini bildirib: “Ölkə başçısı vurğulayıb ki, bizə tarix versinlər, Zəngəzur dəhlizi nə vaxt açılacaq və belə olan halda, heç bir problem olmayacaq. 44 günlük Vətən müharibəsi dövründə də ölkə başçısı Ermənistana Azərbaycan ərazilərindən qoşunlarını çıxarmaqla bağlı şərtini açıqlamışdı. Vurğulanmışdı ki, Ermənistan işğalda saxladığı Azərbaycan ərazilərindən ordusunu çıxarmaq üçün konkret vaxt və qrafik verməlidir. Amma işğalçı Ermənistan bu çağırışlara əməl etmədi və nəticədə döyüş meydanında darmadağın oldu. Azərbaycan öz hərbi gücü hesabına ərazilərini işğaldan azad etdi. Ermənistan 2020-ci ilin 10 noyabrında kapitulyasiya aktına imza atmağa məcbur oldu”.
 
Azərbaycan sülhün davamlı olmasını istəyir
 
Deputat qeyd edib ki, Azərbaycan Vətən müharibəsindən sonra regionda sülhün, sabitliyin, əməkdaşlığın, nəqliyyat və kommunikasiya imkanlarının geniş bir coğrafiyanı əhatə etməsində maraqlıdır: “Bunun üçün əsas vacib şərt dövlətlərin bir-birinin maraqlarına hörmətlə yanaşmasıdır. Digər amil isə sərhədlərin tanınması, beynəlxalq birlik tərəfindən qəbul edilən ərazi şərtlərinə olan münasibətdir. Azərbaycan istər Qarabağ münaqişəsindən öncə, istər 44 günlük müharibə dövründə, istərsə də ondan sonrakı mərhələdə heç bir dövlətə qarşı ərazi iddialarında olmayıb. Bu gün də Azərbaycanın tələbi sülhün və təhlükəsizliyin davamlı olmasına əsaslanır”.
 
Bakının şərtlərinə əməl edilməlidir
 
C.Osmanov vurğuladı ki, Ermənistan hərbi-siyasi rəhbərliyi öz dövlətinin gələcəyi naminə Azərbaycanın təklif etdiyi şərtlərə ciddi riayət etməlidir: “Çünki bu regionun gələcəyi, kommunikasiyaların açılması, əlaqələrin qurulması iqtisadi, siyasi maraqların təminatından asılıdır. Bunun əksinə olan hər bir addım ziyanlıdır. Azərbaycanın təklif etdiyi imkanlar bütövlükdə bölgədə yeni bir səhifənin açılmasına, xalqların firavan yaşayışına və region dövlətlərinin inkişafına hesablanıb”.

“Ermənilər “Zəngəzur dəhlizi” ifadəsini qəbul etmək istəmir”

Politoloq Qabil Hüseynli bildirdi ki, Ermənistan kommunikasiyaların, xüsusilə Zəngəzur dəhlizinin açılması ilə bağlı ciddi maneələr yaradır: “Ermənilər “Zəngəzur dəhlizi” ifadəsini də qəbul etmək istəmirlər. Söyləyirlər ki, bunu suveren hüquqlarına qəsd kimi qəbul edirlər. Onlar istəyir ki, “dəhliz” ifadəsi “yol” termini ilə əvəz olsun. Ermənilər deyir ki, açılacaq yolda sərhəd-gömrük məntəqələri olmalıdır. Gömrük məntəqəsi yaranarsa, onda dəmiryolu və ya şose ilə keçəcək avtomobillər və sərnişinlər yoxlanılacaq. Fikrimcə, cəmi 42 kilometrlik yol üçün qatarlara, avtomobillərə baxış keçirib, gömrük rüsumu almaq doğru olmazdı. Bunu əvvəlcədən imzalanmış xüsusi müqavilə əsasında tranzit xərcləri kimi ödəmək olar. Amma hər dəfə nəqliyyat vasitəsini saxlayıb yoxlama aparmaq daşımalarda xeyli ləngimələrə gətirib çıxaracaq. Bu, əziyyətdən başqa həm də əsəbi, gərgin şəraitə gətirib çıxarır. Üstəlik də dəhlizə daxil olan nəqliyyat vasitələri bir ölkənin ərazisi ilə hərəkət etməyəcək”.
 
“Alternativ yol hərbi gücdən istifadədir”
 
Q.Hüseynli bildirdi ki, Ermənistan məhz dəhlizlə bağlı səsləndirilən fikirlərlə razılaşmır: “Onu da qeyd edək ki, Ermənistan Fransa başda olmaqla bəzi qərb ölkələrinin “dəstəyi ilə” nə kommunikasiyaların açılması, nə də sərhədlərin demarkasiyası və delimitasiyası məsələsində bölgə dövlətləri ilə razılığa gəlmək istəmir. Ona görə də Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsində olduğu kimi indi də Ermənistandan dəhlizin açılması ilə bağlı konkret vaxtın verilməsini tələb etdi. Müharibə dönəmində də bəzi vasitəçi dövlətlər atəşkəsə  çalışırdılar. O dönəmdə dövlət başçısı yalnız Azərbaycan ərazilərindən erməni silahlı birləşmələrinin çıxacağı ilə bağlı konkret qrafikin veriləcəyi halda atəşkəs əldə ediləcəyini bəyan etmişdi. Belə də oldu. Prezident yenə də istəyir ki, ermənilər yazılı şəkildə hansı müddətə kommunikasiyaların, xüsusilə Zəngəzur dəhlizinin açılacağını bəyan etsinlər. Azərbaycan da buna uyğun hərəkətlərini müəyyən edəcək. Ermənistan buna uyğun davranış sərgiləməyəcəyi təqdirdə Azərbaycan yaranmış problemin həlli üçün başqa yollar axtaracaq. Başqa yol isə əlbəttə ki, hərbi gücdən istifadədir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir