Rəsmi Bakıdan Qarabağa çəkilən üçüncü yolla bağlı xəbərdarlıq

XİN rəsmisi: “Ermənistan bu ərazilərdə həyata keçirilən bütün qeyri-qanuni fəaliyyətinə görə cavab verəcək”; politoloq: “Bir raket zərbəsi Ermənistanın bu layihələrinin qarşısını almaq gücündədir””.İşğalçı Ermənistan Azərbaycanın zəbt olunmuş ərazilərinə sayca üçüncü avtomagistral çəkir. 
“Yeni Müsavat” bununla əlaqədar erməni mediasına istinadən xəbər verir.
Dağlıq Qarabağdakı separatçı rejimin rəhbəri Araik Arutyunyan bu barədə özünün feysbuk səhifəsində də yazıb. Bildirib ki, Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Suren Papikyanla birlikdə işğal altındakı Zəngilan rayonuna gediblər və burada yol çəkilişini müzakirə ediblər. Bildirilir ki, Gorus-Xankəndi və Vardenis-Ağdərə yolundan sonra bu, Ermənistan və Qarabağ arasındakı sayca üçüncü yol olacaq. Virtualaz.org erməni mənbələrinə istinadən xəbər verir ki, Qarabağda əkin sahələrinin böyük hissəsinə nəzarət edən Arutyunyan Zəngilanda arpa biçinini də izləyib. Arutyunyan Azərbaycanın Arazboyu ərazilərini Ermənistanın Gorus rayonu ilə birləşdirmək üçün yeni avtomagistralın çəkilməsinə hazırlıq getdiyini deyib. Bundan əvvəl Ermənistanı Qarabağla Gorus-Laçın-Şuşa-Xankəndi və Vardenis-Kəlbəcər-Ağdərə magistralları birləşdirirdi. İkinci yolu Ermənistan bir neçə il əvvəl istifadəyə verib. Üçüncü və artıq Arazboyu Cəbrayıl, Füzuli, Zəngilan rayonlarını Ermənistanla birləşdirən yolun çəkilməsi isə düşmən ölkənin həmin ərazilərdə qanunsuz məskunlaşmanı genişləndirmək, habelə münbit kənd təsərrüfatı torpaqlarını istismar etməkdir. Araik Arutyunyan “seçki kampaniyasında” həmin ərazilərdə məskunlaşma başladacaqlarını vəd edib.
Azərbaycanın bu yol çəkilişinin qarşısını hərbi yolla almaq üçün tamamilə legitim hüquqları var və Bakı  Ermənistan rəhbərliyinə bu barədə aydın mesaj vermək üçün hərəkətə keçə bilər.
Bəs rəsmi Bakının məsələyə reaksiyası necədir?
Azərbaycan XİN-in mətbuat katibi Leyla Abdullayeva “Yeni Müsavat”a açıqlamasında bunları bildirdi: “Ölkəmizin işğal olunmuş ərazilərində Ermənistan tərəfindən yeni yolun çəkilişi, işğalçı ölkənin bu ərazilərdəki qeyri-qanuni fəaliyyətinin bir hissəsidir. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionu və digər işğal edilmiş ərazilərində qanunsuz fəaliyyət ilə əlaqədar Ermənistan, onun orqanları, hüquqi və fiziki şəxsləri və ya qondarma separatçı rejimlə hər hansı təmasa girən və kommersiya əlaqələri quran fiziki və ya hüquqi şəxslər ölkəmizin ərazi bütövlüyü və suverenliyini, müvafiq qanunlarını və beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq, inzibati və hüquqi məsuliyyət daşıyırlar”. Xanım diplomat daha sonra əlavə etdi: “Ölkəmiz tərəfindən işğal olunmuş ərazilərimizdə həyata keçirilən qanunsuz fəaliyyət mövzusu mütəmadi əsaslarla aparıcı beynəlxalq təşkilatlarda qaldırılır, hətta bu xüsusda İslam Əməkdaşlıq Təşkilatı tərəfindən illik əsasda qəbul olunan qətnamədə Azərbaycanın işğal olunmuş ərazilərindəki qanunsuz fəaliyyətin dərhal dayandırılması və bu fəaliyyətə hər hansı şəkildə dəstək verilməsinin qarşısının alınması tələbi var. Digər hərbi işğal hallarında olduğu kimi, Azərbaycan ərazilərinin də işğalı müvəqqəti xarakter daşıyır və Ermənistan bu ərazilərdə həyata keçirilən bütün qeyri-qanuni fəaliyyətinə görə cavab verəcək”.
Politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, Ermənistanın Qafan şəhəri ilə işğal olunmuş Xocavənd rayonunu birləşdirəcək bu yol əlbəttə ki, hərbi təyinatlı olmaqla yanaşı, Arazboyu ərazilərin məskunlaşmasına hesablanıb: “Minsk Qrupu formatı çərçivəsində danışıqlarda ətraf rayonların boşaldılması müzakirə olunursa, ”Yenilənmiş Madrid prinsipləri” üzrə danışıqlar davam edirsə, işğalçı ölkə bu yolu çəkməklə həll variantlarını qəbul etmədiyini və əraziləri boşaltmağa maraqlı olmadığını göstərir. Elə Ermənistan rəhbərliyi qeyd edir ki, danışıqlar masasında heç bir həll variantı qəbul etmir və özünün şərtləri var. Belə olan təqdirdə əlbəttə ki, Ermənistan işğal olunmuş əraziləri məskunlaşdıracaq. Ermənistan, ümumiyyətlə, Minsk Qrupu formatında ona görə maraqlıdır ki, bu format işğalın davam etməsinə zəmin yaradır. Bu format, Azərbaycanın yalnız öz ərazilərini boşaltmasının qarşısını alıb”. Ekspertin fikrinsə, danışıqların getdiyi bir məqamda, ortada həll variantı varsa, Ermənistana bu imkan tanınmamalıdır: “Qafqan-Xocavənd yolu Azərbaycanın cənub tərəfdən hücumlarının qarşısını almaq üçün çəkilir. Görünür, Ermənistan bu istiqamətdə müdafiə xəttini möhkəmləndirir. Ermənistan üçüncü yolu çəkməklə, birbaşa bu ərazilərin Ermənistana birləşdirilməsini elan edə bilər. Faktiki işğal etdiyi ərazilərdə bu infrasturukturu qurmaqla həm də humanitar missiya adı ilə Azərbaycanın hücum taktikalarını önləməyə çalışır”.
Politoloq hesab edir ki, Ermənistanın Qarabağda infrastruktur layihələri reallaşdırmasına imkan verməmək üçün Azərbaycan artıq hərbi təzyiqlərə əl atmalıdır: “Bir raket zərbəsi Ermənistanın bu layihələrinin qarşısını almaq gücündədir”.
Qeyd edək ki, “Yeni Müsavat” işğalçı Ermənistanın beynəlxalq qanunlara və sülh danışıqlarına zərbə sayılacaq bu niyyəti barədə hələ ötən il məlumat vermişdi. Ermənistan mətbuatı yazırdı ki, ölkə hökuməti 2020-ci ildə Dağlıq Qarabağla Ermənistan arasında 150 km-lik yeni yolun çəkilişinə hazırlaşır. Ermənistanın bu addımları Azərbaycanı son varianta əl atmağa vadar edir. Qarabağa yolların çəkilməsi sıradan bir məsələ deyil. Azərbaycan Ordusu Naxçıvan istiqamətdən uğurlu hərbi əməliyyata keçirib Qarabağa aparan yolları nəzarət altına alır, lakin Ermənistan Qarabağa sayca üçüncü yol çəkir. Bu yollarla işğalçı orduya silah-sursat, hərbi texnika daşınacaq. Deməli, o yolların indidən hədəfə alınması lazımdır…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir