RAGB-nin sədri Leyla Əliyevanın təşəbbüsü ilə bu təşkilatın Regionlararası forumu keçirilib – FOTO

Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyevanın təşəbbüsü ilə Sankt-Peterburqda bu təşkilatın Regionlararası forumu keçirilib.

Tədbir ümummilli lider Heydər Əliyevin Sankt-Peterburqdakı barelyefinin ziyarəti ilə başlayıb. İştirakçılar Gənclər siyasəti və ictimai təşkilatlarla qarşılıqlı əlaqə üzrə Komitə sədrinin müavini İvan Yesipovla birgə “Böyük Vətən müharibəsi qəhrəmanları” və “Müharibə övladları” abidələrinin önünə güllər düzüblər.

Forumun rəsmi açılışı “Vahid Rusiyanın Gənc Qvardiyası” Sankt-Peterburq şəhər şöbəsinin rəhbəri Aleksandr Malikovun, Sankt-Peterburq Millətlər Evinin direktoru Valeri Nikolayevin, RAGB-nin Sankt-Peterburq üzrə regional şöbəsinin rəhbəri Elman Manafovun və RAGB-nin məsul katibi Ceyhun Hüseynovun çıxışları ilə başlayıb.

C.Hüseynov çıxışında RAGB-nin sədri Leyla Əliyevanın sağlam həyat tərzi və ətraf mühitə qayğı məsələlərinə xüsusi diqqət göstərməsini vurğulayıb. Forum iştirakçıları gənclərin sosial cəhətdən həssas kateqoriyası ilə iş barədə məlumatlandırılıb.

Məlum olduğu kimi, Azərbaycanda 2021-ci il “Nizami Gəncəvi ili” elan edilib. Bununla əlaqədar RAGB-nin Regional forumunun iştirakçıları şair və filosof Nizami Gəncəvinin Sankt-Peterburqdakı abidəsini ziyarət ediblər.

Forum Sankt-Peterburq şəhərində yerləşən Aviatorlar parkında Dostluq xiyabanının salınması ilə davam edib. Təşkilatın artıq ənənəyə çevrilən ağacəkmə ekoloji aksiyasında “Vahid Rusiyanın Gənc Qvardiyası”nın könüllüləri də iştirak ediblər. Tədbirin sonunda iştirakçılar bir-birlərinə xatirə hədiyyələri veriblər.

Regionlararası forumların keçirilməsində məqsəd RAGB-nin regional şöbələrinin daha səmərəli qarşılıqlı əlaqələri üçün platformanın yaradılmasıdır. Forumlarda RAGB-nin fəal iştirak edə və regional şöbələri dəstəkləyə biləcəyi ideya və layihələr geniş müzakirə olunur.

Xatırladaq ki, Sankt-Peterburqda keçirilən forum RAGB-nin 2021-ci ildə təşkil olunun sayca dördüncü forumudur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir