Rusiya Gürcüstanın “3+3” formatında görüşdən imtina etməsinə təəssüflənir

Rusiya Gürcüstanın Cənubi Qafqaz üzrə “3+3” görüşündə iştirak etməməsinə təəssüflənir.

Bu sözləri Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko deyib.

Onun sözlərinə görə, “3+3” regional məsləhət platforması Cənubi Qafqaz ölkələri və onların qonşularını bir-birinə yaxınlaşdırmağa yönəlmiş praqmatik və qeyri-siyasi formatdır.

“Təəssüf edirik ki, platformada iştirakın aşkar faydasına baxmayaraq, dəvət olunmuş Tbilisi də ilk iclasa öz nümayəndələrini göndərmədi. Buna baxmayaraq, bütün iştirakçılar Gürcüstanın iştirakında maraqlı olduqlarını bildirdilər və “qapı”nın bu ölkəyə açıq olduğu barədə anlaşdılar”, – deyə Rudenko bildirib.

Rusiya XİN müavini əlavə edib ki, formatın birgə işində vurğu ümumi maraq doğuran mövzulara edilib: ticarət-iqtisadi, nəqliyyat, mədəni-humanitar əlaqələrin inkişafı, həmçinin ümumi çağırış və təhdidlərə qarşı mübarizə.

Xatırladaq ki, dekabrın əvvəlində Moskvada Rusiya Federasiyası, Azərbaycan, Ermənistan, Türkiyə xarici işlər nazirlərinin müavinləri və İranın XİN baş direktorunun həmsədrliyi ilə “3+3” regional məşvərət platformasının ilk iclası keçirilib. Rusiya Xarici İşlər Nazirliyi qeyd edib ki, “Gürcüstan nümayəndələri görüşdə iştiraka bitərəf yanaşıblar”.

Mənbə: RİA Novosti

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir