Rusiya-Türkiyə-Azərbaycan: Yeni geosiyasi balansı formalaşdıran üçlük – ŞƏRH

Türkiyə Cənubi Qafqaza daxil olmasaydı, regionda xaos hökm sürərdi. Bu mənada Türkiyənin proseslərə qoşulması Rusiyanın da işinə yarayır. İndi Moskva və Ankara bizim regiondan gələn çağırışlara birgə reaksiya verir.

Mövzuyla bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edirik.

Vətən savaşının Azərbaycanın qələbəsi ilə bitməsi Cənubi Qafqazda yeni reallıq yaradıb. İndi bu regionun taleyini Türkiyə, Azərbaycan və Rusiya həll edir. Vətən müharibəsindən sonra hər üç ölkə başçısı arasında keçirilən görüşlər, intensiv telefon danışıqları, Cənubi Qafqazın yeni geosiyasi balansının formalaşdırılması, həmçinin gələcəyə hesablanan layihələrin icrası istiqamətində müzakirələr buna əyani misaldır.

Xatırlatmaq yerinə düşər ki, İkinci Qarabağ savaşından sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanda 3 dəfə səfərdə olub, iki ölkə arasında əlaqələrin daha da inkişafını nəzərdə tutan Şuşa bəyannaməsi imzalanıb, dünyaya mühüm mesajlar verilib. Türkiyə Prezidentinin cari il sentyabrın 29-da Moskvada işgüzar səfərdə olması, rusiyalı həmkarı Vladimir Putinlə 3 saata yaxın təkbətək görüş keçirməsi, Suriya, Liviya, Əfqanıstan və Cənubi Qafqazdakı vəziyyəti müzakirə etməsi də diqqət çəkir. Bütün bunlar açıq şəkildə göstərir ki, regionun taleyini Türkiyə, Azərbaycan və Rusiya liderləri müəyyən edirlər. İran isə bu proseslərdə hər hansı müsbət rol oynamır. Əksinə, rəsmi Tehran effektsiz, cığal uşaq davranışları nümayiş etdirir, regionda cərəyan edən proseslərdən narazılığını ortaya qoyur. Ancaq proseslərə hər hansı şəkildə müdaxilə edə bilmir. Gürcüstana gəldikdə, rəsmi Tbilisi Azərbaycan və Türkiyənin təşəbbüsü olan “3+3” formatında əməkdaşlığa meyl göstərsə də, himayədarlarının sərt təpkisi ilə qarşılaşaraq geriyə addım atıb. ABŞ Müdafiə nazirinin bu yaxınlarda Gürcüstana səfəri, paytaxt Tbilisidə səsləndirilən bəyanatlar, iki ölkə arasında imzalanan sənədlər bunun sübutudur. Ermənistanın fikri isə heç kim üçün maraqlı deyil. Onun yola gətirilməsi ilə Rusiya məşğuldur. Ankara və Bakının iştirakı ilə Moskvada qəbul edilən qərarlar İrəvanda qeyd-şərtsiz yerinə yetirilir.

Mövzu ilə bağlı fikirlərini “Kaspi” qəzetinə bölüşən politoloq Əlimusa İbrahimov bildirib ki, Vətən müharibəsindən sonra regionda yaranan reallıq hər keçən gün qüvvətlənir, yeni şərtlər diktə edir, Türkiyə və Azərbaycanın mövqeyi Cənubi Qafqazda daha da möhkəmlənir. Onun sözlərinə görə, yeni reallıqdan irəli gələn nəticələri ötən bir il müddətində hər kəs müşahidə etməyə başlayıb:

“Azərbaycan, Türkiyə və Rusiya hazırda Cənubi Qafqazda söz sahibləridir. Regionda cərəyan edən prosesləri bu üç ölkə istiqamətləndirir. Rusiya Cənubi Qafqazdakı hadisələrin öhdəsindən heç bir halda təkbaşına gələ bilməzdi. Bu mənada Türkiyənin prosesə qoşulması Rusiyanın işini bir qədər asanlaşdırıb. Son dövrlər regiondakı çağırışların qarşısında Kreml hər hansı adekvat tədbirlər görə bilməyəcəkdi. Onu da nəzərə almaq lazımdır ki, Rusiyaya qarşı beynəlxalq aləmdə, xüsusən də Qərbdə, Avropada sanksiyalar tətbiq olunur. Belə bir mühitdə Türkiyə Cənubi Qafqaza daxil olmasaydı, regionda xaos hökm sürərdi. Bu mənada Türkiyənin proseslərə qoşulması Rusiyanın da işinə yarayır. İndi Moskva və Ankara bizim regiondan gələn çağırışlara birgə reaksiya verir. Amma İran bu proseslərdə iştirak edə bilmir. Bunun səbəbi rəsmi Tehranın uzun müddət gedən yeniliyə, islahatlara, yenidənqurmaya öyrəşə bilməməsidir”.

Politoloq vurğulayıb ki, beynəlxalq siyasətə adekvat reaksiya vermək baxımdan İran “elastik” deyil: “SSRİ-nin dağılması, Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi, İkinci Qarabağ müharibəsi və sair proseslər sanki İrana sonradan çatır. Tehran bütün hadisələrə əvvəlki prizmadan yanaşır, yeni reallıqlara uyğunlaşa bilmir. İndi də belədir. İran hələ də yeni reallıqda öz yerini və rolunu müəyyən edə bilmir, tez-tələsik nəticələr çıxarır. Bu isə İran xarici siyasətinin uğursuz yekunlaşmasına səbəb olur. Rəsmi Tehranın son dövrlər Azərbaycanla bağlı siyasətinə də məhz bu prizmadan yanaşmaq lazımdır. İran qəbul etmək istəmir ki, Azərbaycan regionun fəal oyunçusuna çevrilib. Buna qısqanclıqla yanaşdı, ölkəmizə, həmçinin Türkiyəyə təsir və təzyiq etmək üçün müxtəlif addımlar atdı. Lakin düzgün qiymətləndirmə apara bilmədiyi üçün oyundankənar vəziyyətdə qaldı. İran nə qədər çalışsa da, Cənubi Qafqazın əsas oyunçusuna çevrilə bilməyəcək”.

Ə.İbrahimov söyləyib ki, ABŞ Gürcüstanın proseslərə qoşulmasını və Cənubi Qafqazda müəyyən rol almasını əngəlləyir:

“Gürcüstanın ABŞ və Avropa İttifaqı ilə münasibətləri imkan vermir ki, regiondakı proseslərdə mühüm rol ala bilsin. Rəsmi Tbilisi cərəyan edən proseslərə adekvat cavab verə bilmir. Fikrimcə, yaxın gələcəkdə Gürcüstan da proseslərə qoşulacaq. Ermənistana gəldikdə isə bu dövlət Rusiyanın təsiri və boyunduruğu altındadır. Kreml istədiyi şəkildə İrəvana istiqamət verir. Zənnimcə, bu da müvəqqətidir. Bəlli bir zaman keçdikdən, müəyyən razılaşmalar əldə edildikdən sonra Ermənistan müəyyən rollarla mükafatlandırılacaq. İrəvan regiondakı prosesləri obyektiv qiymətləndirə, müəyyən kart-blanş ala bilər. Xüsusən də, nəqliyyat dəhlizi açıldıqdan, Azərbaycan və Türkiyə ilə münasibətləri yaxşılaşdırdıqdan sonra Ermənistanın rolu bir qədər yüksələ bilər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir