Rusiya-Ukrayna gərginliyi – dünya gücləri seytnot vəziyyətində

Artıq bir müddətdir ki, dünya informasiya portalının gündəmi Qərblə Rusiya arasında yaranmış qarşıdurmaya məhkum olub. Demək olar ki, hər gün Ukrayna ətrafında yaranmış gərgin siyasi və hərbi vəziyyətlə bağlı olan məlumatlar dünya gündəmini zəbt edib. Sanki müharibənin başlanacağı an məsələsi olub. Hətta Qərb KİV-ləri bir neçə dəfə müharibənin başlanacağı dəqiq tarixi də söyləyib. Lakin bu günə qədər Ukrayna cəbhəsində ümumi gərginlik müşahidə olunsa da, real hərbi əməliyyatlar başlamayıb. Qarşılıqlı ittihamlar və hədələrin müşayiət olunması ilə yanaşı, son 72 saat ərzində Ukrayna ətrafında Qərblə Rusiya arasında bir sıra maraqlı məqamlar meydana çıxdı.

Belə ki, ilk öncə Qərb tərəfindən təklənən Rusiyadan qarşıdurmanın daha çox diplomatik müstəvidə həll olunması istiqamətində ciddi mesajlar verildi. Fevralın 14-də Kremldə Rusiya Prezidenti ayrı-ayrılıqda xarici işlər və müdafiə nazirlərini qəbul etdi. Görüş zamanı Rusiya Prezidenti Vladimir Putin tərəfindən xarici işlər naziri Sergey Lavrova ünvanlanmış sualların daha çox “diplomatik həll” variantı ilə cavablandırılması və danışıqlar üçün hələ də limitin bitməməsi cavabının verilməsi onu deməyə əsas verir ki, Rusiya rəsmi olaraq, danışıqlar vasitəsilə münaqişənin bitməsində maraqlıdır. Bununla yanaşı, Rusiyanın Şərq cəbhəsində genişmiqyaslı hərbi təlimləri uğurla keçməsi və bu təlimlər zamanı ABŞ-a məxsus sualtı qayığın aşkarlanması faktı da ona işarə edir ki, Qərbin Rusiyaya qarşı əzələ nümayiş etdirməsi dərhal cavablandırla bilər. Nəbz yoxlaması zamanı Rusiyanın ayıq-sayıqlığı bir daha özünü göstərdi. Çünki əsas qüvvələrin Ukrayna sərhədlərində cəmləşdiyi bir vaxtda Şərq istiqamətində hansısa bir inversiyanın Qərb tərəfindən ehtimal oluna bilməsini məhz belə yoxlama ilə sübuta yetirmək olardı.

Digər mühüm addım isə qarşıdurmanın mərkəzində olan Ukrayna tərəfindən atıldı. Fevralın 15-də Ukrayna Prezidenti 16 fevralı Ukraynada “Milli birlik” günü kimi elan etdi. Məhz fevralın 16-sı Qərb KİV-ləri tərəfindən Rusiyanın Ukraynaya hücum edəcəyi ən son real tarix kimi göstərilmişdi. Bunun ardınca Rusiya Müdafiə Nazirliyi Baş Qərargahının rəsmisi Ukrayna cəbhəsində hərbi təlimlər adı ilə cəmləşmiş hərbi birliklərin öz dislokasiya yerlərinə qayıtmaları anonsunu verdi. Baş verən hadisələr fonunda Ukrayna Prezidenti öz xanımı ilə ölkəsində olduğunu və bu çətin zamanda ölkəsini tərk etmək istəyən şəxsləri öz fikirlərindən çəkinmələrini bildirdi. Artıq bu gün Ukraynada rəsmi olaraq, “Milli birlik” günü ilə bağlı şənliklər başlayıb.

ABŞ başda olmaqla bir sıra Avropa dövlətlərinin bu münaqişə ilə bağlı sərgilədiyi mövqe daha maraqlıdır. Artıq ABŞ-ın öz diplomatlarını Ukraynadan çıxarmaq, amerikalıların Ukraynaya səfərlərini təxirə salmaq və hətta Blinken tərəfindən səfirliyin Kiyevdən Lvova köçürülməsi kimi bəyanatlar səsləndirilib. ABŞ tərəfindən hərbi təyinatlı yük daşıyan 10-a yaxın təyyarə Ukraynaya uçuş edib. Ən yaxın müttəfiq olan Böyük Britaniya da bu məsələdə ABŞ-a dəstək olub. Qərb KİV-ləri tam şəkildə Rusiyaya qarşı təbliğatı davam etdirir. Avropa ölkələrinin daxilində yaranmış vəziyyətlə bağlı iki və ya üçtirəlik yaranıb. Bir sıra Avropa dövlətlərinin, məsələn, Fransa, Almaniyanın rəhbər şəxslərinin Rusiyaya səfərləri oldu. Qərbin bir növ elçiləri kimi çıxış edən bu dövlətlər Avropanın ümumi təhlükəsizlik strategiyasının qorunması və Rusiyanın tələbləri arasında ciddi təkliflər və seçim qarşısında qalıb.

NATO bu münaqişənin əsas tərəflərindən biri kim baş verən hadisələri tam ciddiyyəti ilə izləyir. Məhz NATO-nun Şərqə doğru irəliləməsi nəticəsində bu gün Qərblə Rusiya arasında münasibətlər pik həddə çatıb. Buna görə də NATO bu məsələdə daha dəyişməz və radikal mövqe sərgiləməkdə davam edir. Bu gün NATO-nun Baş katibi öz müsahibəsində rus qoşunlarının bir hissəsinin geri çəkilməsini, lakin hərbi texnikanın hələ də Ukrayna sərhədlərində mövcudluğnu qeyd edib. Bu, bir tərəfdən təqdirəlayiq hal kimi qiymətləndirilsə də, digər tərəfdən Rusiyanın münaqişəni eskalasiya etmək ehtimalını hələ də saxlayır. Bu halın davam edəcəyi müddət ərzində NATO Rusiyanın hərəkətlərini ittiham etməkdə israrlı olacaq.

Nəhayət, Avropa və Asiya şahmat lövhəsində yaranmış bu seytnot vəziyyətində əsas iştirakçılar demək olar ki, bütün gedişləri ediblər. Müharibənin başlamasında hər iki cəbhəni çəkindirən əsas məqam həm Qərbin, həm də Rusiyanın nüvə arsenalına malik olmasıdır. Məsələnin bu həddə çatdırlmasına hər iki tərəf ehtiyat edir. Belə olan vəziyyətdə seytnotdan çıxmaq üçün ya oyun dayandırılmalı, ya da heç-heçə elan olunmalıdır.

Amid Əliyev, politoloq

Ria24.az.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.