Rusiyalı hərbi analitik: “Cənubi Qafqazda ATƏT-dən heç bir qüvvə olmayacaq”

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) yeni sədri oldu.

Oxu.Az Rusiya Federasiyası Hərbi Elmlər Akademiyasının professoru, məşhur rusiyalı və belaruslu hərbi-siyasi analitik Aleksandr Tixanski ilə bu mövzuda söhbət edib.

O qeyd edib ki, Ermənistan nümayəndəsi artıq KTMT-nin baş katibi olub:

“Məhz o zaman, 2018-ci ildə təşkilatın imicinə zərbə vuruldu. Təşkilatın baş katibi Yuri Xaçaturovun həbsini xatırlayın. İndi Ermənistan Respublikası yalnız iclaslara rəhbərlik edəcək, vəssalam”.

Analitik bildirib ki, KTMT-nin növbəti baş katibinin kim olacağı əlifba sırası ilə sıralanır. “A” hərfi artıq olub – Ermənistan (Armenia – red.). “B” – Belarus. Daha sonra Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan gəlir.

“Bəli, dövlət başçıları, müdafiə və xarici işlər nazirləri səviyyəsində sammitlər keçiriləcək. Ermənistan sadəcə sessiyaları aparacaq.

Amma KTMT-nin işçi orqanı baş katibin rəhbərlik etdiyi Katiblikdir və bu gün ona Stanislav Zas baçılıq edir.

Təbii ki, Ermənistandan hər şeyi gözləmək olar, mən İrəvanın sədrliyinə şübhə ilə yanaşıram. Amma KTMT-nin bu təşkilatı idarə edən nizamnaməsi var”, – deyə Tixanski vurğulayıb.

O, Nikol Paşinyanın Fransa və ABŞ-ın Azərbaycan-Ermənistan sərhədində münaqişənin nizamlanmasında iştirakı ilə bağlı Emmanuel Makronla danışığından da bəhs edib:

“Düşünürəm ki, prosedur təhdidləri olacaq, Ermənistan KTMT-nin “çarxına çomaq soxa bilər”, amma bundan başqa əlindən bir şey gəlməz.

Bölgənizdəki “monitorinq missiyaları” ilə əlaqədar hər şey artıq həll edilib. ATƏT-dən heç bir qüvvə olmayacaq”.

Professor qeyd edir ki, “Nikol Paşinyan Ermənistanda keçirilən erkən seçkilərdə dəstək aldı. Və təbii ki, əvvəllər olduğu kimi davranacaq. Amma KTMT ölkələri buna hazırdır. Problemlər olacaq, buna əminəm. KTMT iştirakçılarını şoka salacaq bəyanatlar verilə bilər.

Amma bütün sənədlər təşkilatın Katibliyində hazırlanır. Ona görə də, Ermənistan çətin ki, KTMT-yə ciddi ziyan vura bilər. Yuri Xaçaturovla olan hadisədən sonra, təşkilata üzv olan bütün dövlətlər İrəvandan sürprizlərə hazırdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir