Rusiyalı politoloq: “Milonov pul hərisliyi və yenidən seçilmək üçün belə edib” – FOTO

Dövlət Dumasının deputatı Vitali Milonovun Azərbaycanın ünvanına səsləndirdiyi təhqiramiz bəyanat Rusiya dövlətinin mövqeyi kimi qəbul olunmamalıdır. Bu cür provokasiyalı bəyanatların arxasında öz seçki kampaniyası üçün maliyyə mənbələrinin tapılması istəyi dayanır.

Bunu rusiyalı politoloq Sergey Markov “İnfo24” resursuna açıqlamasında bildirib.

“Onun məqsədi öz seçki kampaniyası üçün maliyyə mənbələri tapmaqdır. Axı Milonov yenidən Dövlət Dumasına seçilmək istəyir. O, iri şəhərlərin əhalisini ksenofobiyaya kökləməyə çalışır. Azərbaycanlılara, qafqazlılara, hətta bütün müsəlmanlara qarşı yönəlmiş bu ksenofobiya mütləq əhalinin bir qismi tərəfindən dəstəklənəcək. Seçkilərdə elə də çox insanın iştirak etməyəcəyini nəzərə alsaq, əhalinin bu qrupu ona yenidən seçilmək üçün ciddi imkanlar yarada bilər. Konstantin Zatulin bunun klassik nümunəsidir. Onu “Vahid Rusiya” rəhbərliyi sevmir, amma Zatulin Adler ermənilərinin səsləri sayəsində qalib gəlir. Milonovla da bağlı vəziyyət eynilə bu cürdür. O, ermənilərin və ksenofob əhval-ruhiyyəli insanların səslərini qazanır”, – deyə ekspert bildirib.

S.Markovun sözlərinə görə, Milonovun Ermənistanı dəstəkləməsi ona təkcə seçici səsləri qazandırmır, həm də erməni icmasının nüfuzlu şəxslərinin maliyyə dəstəyini təmin edir.

“O, kəskin antiazərbaycan mövqeyindən çıxış etdiyinə görə erməni icması tərəfindən maliyyələşdirilir. Belə halda o, ilk növbədə daxili auditoriyaya oynayır. Bu xarici siyasətə istiqamətlənmiş bəyanat deyil. Erməni icmasının fəallığını, onu maliyyələşdirmək üçün hazırlığını və əksinə, Azərbaycan icmasının passivliyini görərək Milonov yenidən seçilmək üçün belə bir gediş edib”, – deyə Markov bildirib.  

Rusiyada ermənipərəst mövqedən çıxış edərək qazanmaq imkanı bir çoxlarını cəlb edir.

“Rusiya daxilində azərbaycanlıların düşməni və ermənilərin dostu olmaq çox sərfəlidir. Ermənilərin düşmən kimi qəbul etdiyi azərbaycanlıların dostu olmaq isə əksinə, təhlükəlidir. Burada söhbət Rusiyada yaşayan erməni və azərbaycanlıların sayından getmir. Onların sayı təxminən bərabərdir. Sadəcə, ermənilər özününküləri daha mütəşəkkil şəkildə dəstəkləyirlər, azərbaycanlılar isə elə də yox. Ona görə də Milonov belə bəyanatlar verir”, – deyə politoloq əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir