Sərhəd dəyişikliyi yeni coğrafiyaya daşınır: Azərbaycan istədiyinə nail olur, Ermənistan blef edir – TƏHLİL

Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası prosesi yeni zolağa daşınır, bunu, Bakının növbəti diplomatik və strateji gedişatının nəticəsi hesab etmək olar.

Söhbət ondan gedir ki, Ermənistanın Müdafiə Nazirliyi Qazaxın işğalda olan Əskipara kəndinə Rusiya sərhədçilərinin yerləşdirildiyini açıqlayıb.

Bəs bunu niyə Bakının növbəti diplomatik zəfəri kimi qələmə veririk?

Xatırlayırsınızsa, Qarabağ zonası üzrə Azərbaycan-Ermənistan sərhədinin delimitasiyaya başladığı zamanlarda Rusiyanın Gümrüdəki 102-ci bazasının bir qrup hərbçisi Zəngəzur vilayətinə gəlmişdi.

O zamanlar bəziləri bunun Azərbaycanın əleyhinə işlədiyini qeyd edirdilər, hərçənd ki, bu, vəziyyətin düzgün qiymətləndirilməməsinin göstəricisi idi.

Niyə? Ona görə ki, onsuz da Ermənistanın Türkiyə və İranla olan sərhədlərini Rusiya sərhədçiləri qoruyur, bu isə o zolaqlarda insidentlərin yaranmasının qarşısını alır. Yəni bir növ Rusiya sərhədçiləri İrəvanın suveren namusunu qorumaqla Ermənistanın təhlükəsizliyini qarantiya altına alır. Bu o deməkdir ki, sərhəd zolağında Ermənistan Rusiyanın iradəsindən kənar addımlar ata bilməz, atsa belə, şimaldan əsən “sərt külək” onu sovurur.

İkincisi, məhz Rusiya hərbçiləri Zəngəzura yerləşdirildikdən sonra delimitasiya və demarkasiya prosesləri sürətləndi, hərçənd ki, İrəvan çox atılıb-düşdü, lakin Azərbaycanın nəticə əldə etməsinə zərrə də təsir edə bilmədi.

İndi Qazaxın Əskipara kəndində Rusiya hərbçilərinin olması da delimitasiya prosesinin bu coğrafiyada da reallaşacağına dair praktiki işartıdır.

Bir neçə dəfə Ermənistanın Naxçıvanda yerləşən Kərki kəndini və Qazaxın yeddi kəndini geri qaytaracağına dair yayılan informasiyaların fonunda indi ortaya çıxan Əskipara amili diqqət çəkir.

Mümkün hədəflərə gəlincə, böyük ehtimal ki, Azərbaycan bu istiqamətdə də istəyinə nail olacaq. Prezident İlham Əliyev Moskvaya sonuncu səfəri zamanı rusiyalı həmkarı Vladimir Putinlə görüşündə əldə edilən mühüm nəticəni bəyan etdi: Bildirdi ki, Rusiya Prezidenti Vladimir Putinlə sonuncu görüşündə bir dənə də olsun mübahisəli məsələ qalmayıb.

Avqustun 5-də Fransa Prezidenti Emmanuel Makronun İlham Əliyevə zəng etdiyinə dair informasiya da xəbər lentlərinə əlavə olundu.

Liderlər Ermənistan-Azərbaycan dövlət sərhədindəki vəziyyət və postmünaqişə dövründə regionda sabitlik və təhlükəsizliyin möhkəmləmləndirilməsinə dair ətraflı fikir mübadiləsi aparıblar.

Əliyev-Makron danışığı zamanı 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatdan sonrakı dövrdə regional məsələlər və bəyanatın müddəalarının həyata keçirilməsi müzakirə edilib.

Görünür Fransa da, prosesdə rol almaq istəyir, hərçənd ki, bu zamana qədər Paris Bakıya qarşı qərəzli ritorika nümayiş etdirirdi. Daha doğrusu, Bakının maraqlarının ziddinə gedərək prosesdə təşəbbüskar olmaq istəyirdi.

Sərhədlərin delimitasiya və demarkasiya prosesi Azərbaycanla Ermənistan arasında sülh sazişinə aparan yoldur. Burada qlobal oyunçular maksimum şəkildə öz qatqısını və maraqlarını sazişə gətirmək istəyirlər, Makronun da zəngi qlobal rəqabət fonunda nəzərdən keçirilməlidir.

Bu arada, Ermənistanın yeni müdafiə naziri Arşak Karapetyan ordusuna sərhədi keçən Azərbaycan hərbçilərinə dərhal atəş açılması barədə əmr verib. Halbuki bu, Ermənistanın yeni blefidir, Ermənistanın buna nə gücü, nə resursu, nə də mənəvi-psixoloji hazırlığı var.

Fərz edək ki, proseslər bu deyilənlərin əksinədir. Bu zaman Türkiyə amili ortaya çıxır. Şuşa Bəyannaməsinə əsasən, Türkiyə Azərbaycanın təhlükəsizliyinin qarantına çevrilir, nə sərhəddə, nə də digər ərazilərdə Ermənistan və ya onu dəstəkləyən güclər Türkiyə ilə üz-üzə gəlmək riskinin məsuliyyətini üzərinə götürməz. Özü də tək Türkiyə yox, Azərbaycan-Türkiyə orduları ilə.

NƏTİCƏ:

1. Rusiya sərhədçilərinin Azərbaycan sərhədində yerləşməsinin səbəbi nə olursa olsun, bu, Azərbaycanın ziyanına işləmir,

2. Qlobal rəqabət olsa belə, Azərbaycan öz qətiyyətindən əl çəkən deyil, əksinə qlobal güclər bu məsələdə Bakı ilə maraqlarını uzlaşdırmalıdır. Bunun bir səbəbi də Türkiyə amilidir.

3. Ermənistan müdafiə nazirinin əmri ya Rusiyanın iradəsinin ziddinədir, ya da özbaşına qərardırsa, Moskva bunun cavabını çox gözlətməyəcək.

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir