Şərqi Azərbaycan valisindən İran mediasına çağırış: “Azərbaycan Respublikası ilə münaqişədən çəkinin” – FOTO

İranın Şərqi Azərbaycan vilayətinin başçısı Abedin Xorrəm iş adamları və özəl sektor nümayəndələri vasitəsilə İranla Azərbaycanın ortaq maraqlarının yaradılması və genişləndirilməsinin əhəmiyyətli olduğunu açıqlayıb.

“Azad İran” “Telegram” kanalının məlumatına görə, A.Xorrəm bu barədə İranın Bakıdakı səfiri və Naxçıvandakı baş konsulu ilə videokonfrans vasitəsilə görüşü zamanı danışıb.

O, Xudafərin sərhəd terminalının işə salınmasının bu sahədə zəruri tədbirlərdən biri olduğunu qeyd edib. Onun sözlərinə görə, sərhəd terminalının infrastrukturu İran tərəfindən hazırdır və bizim bu sərhədin açılmasında heç bir problemimiz yoxdur.

“Bizim keçmişdən bəri Azərbaycan Respublikası ilə çox yaxşı münasibətlərimiz var və bu əlaqələr hazırkı dövrdə hər iki tərəf üçün vacib və əhəmiyyətlidir”, – deyə o bildirib.

O, iki ölkənin sənət adamları, ziyalıları və şairləri arasında mədəni və dini əlaqələrə, mükəmməl ünsiyyətə toxunaraq bildirib:

“Tarixi və turizm potensialını tanıtmaq üçün medianın birgə əməkdaşlığı önəmli fürsət kimi istifadə etməli olduğumuz mövzulardan biridir. Eyni zamanda, biz regional və trans-regional düşmənlər tərəfindən planlaşdırılmış saxta media münaqişələrindən çəkinməliyik”.

Vali bildirib ki, Azərbaycan Respublikası ilə gərginliyə səbəb ola biləcək məsələlər media tərəfindən şişirdilməməlidir. O, iki ölkə arasında olan gərginliyin aradan qaldırılmasının mümkün olduğunu bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir