Səudiyyə Ərəbistanının XİN başçısı: “Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik”

Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov və Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər naziri Faysal bin Ferhan Al Saud arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, nazir Faysal bin Ferhan Al Saud bölgədə mövcud olan gərgin vəziyyətlə bağlı narahatlığını ifadə edib.

C.Bayramov həmkarına bölgədəki son gərginliklə bağlı, xüsusilə Ermənistan tərəfindən Azərbaycanın mülki şəxslərinin və infrastrukturunun məqsədli şəkildə hədəfə alınması barədə məlumat verib. Humanitar atəşkəsin müəyyən olunduğu vaxtdan sonra Ermənistan silahlı qüvvələri tərəfindən təmas xəttindən uzaq yerləşən Azərbaycanın ikinci böyük şəhəri Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə məruz qaldığı və bu hücum nəticəsində doqquz mülki şəxsin həlak olduğu, o cümlədən aralarında azyaşlı uşaqlar olmaqla, 34 nəfərin yaralandığı diqqətə çatdırılıb. Nazir Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti çərçivəsində dinc insanları, evləri, mülki obyektləri, tibb işçilərini məqsədli atəşə tutmasının ölkənin beynəlxalq hüququn fundamental normalarına, o cümlədən beynəlxalq humanitar hüquq və Cenevrə Konvensiyalarına məhəl qoymamasının bariz nümunəsi olduğunu bildirib.

Səudiyyə Ərəbistanı Xarici İşlər naziri ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha ifadə edib. O, münaqişənin siyasi yolla həll edilməsinin vacibliyini bildirib.

Nazir Ceyhun Bayramov, öz növbəsində regionda sülh və təhlükəsizliyin təmin edilməsi üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinin zəruri olduğunu vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir