Sahibə Qafarova İran parlamentini Xocalı soyqırımını tanımağa çağırdı

Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova İran İslam Şurası Məclisinin sədri Məhəmmədbaqer Qalibaf ilə görüşüb.

Bununla bağlı Milli Məclisin mətbuat xidməti məlumat yayıb.

İran parlamentinin spikeri bildirib ki, İranla Azərbaycan mühüm coğrafi, tarixi, mədəni və dini ortaq dəyərlərlə bir-birinə bağlı ölkələrdir.

Qeyd edib ki, İranda Azərbaycanı çox sevirlər və orada gedən prosesləri yaxından izləyirlər.

Sahibə Qafarova İranla dost və mehriban qonşuluq münasibətlərimizdən məmnunluğunu ifadə edib.

Spiker vurğulayıb ki, iki ölkə arasındakı yüksək səviyyəli münasibətlərin bərqərar olmasında dövlət başçılarımızın qarşılıqlı səfərləri mühüm əhəmiyyət kəsb edir. Bu səfərlər zamanı imzalanmış sənədlər qarşılıqlı əlaqələrimizin hüquqi bazasını təşkil edir.

“Sevindirici haldır ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra İranla dövlət sərhədimizin tam nəzarətə götürülməsi təmin olunub”,-deyə S.Qafarova əlavə edib.

Milli Məclisin sədri bildirib ki, qarşılıqlı əlaqələrin inkişafında parlamentlər mühüm rol oynayır.

S.Qafarova bildirib ki, artıq Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşub.

“İndi Azərbaycanın Ermənistanın işğalından azad edilmiş ərazilərində genişmiqyaslı yenidənqurma və bərpa dövrü başlayıb. Spiker Sahibə Qafarova deyib ki, Ermənistan işğal etdiyi ərazilərimizdəki məscidlərimizi, mədəniyyət abidələrimizi və bütün digər tikililəri dağıdıb, infrastrukturu tamamilə məhv edib. Düşmən hətta müqəddəs ziyarətgahlarımızı və məscidlərimizi də təhqir edib”.

Qeyd edib ki, münaqişə başa çatsa da, bir sıra problemlər hələ də qalmaqdadır.

“Belə ki, Ermənistan 30 il ərzində işğal altında saxladığı və Vətən müharibəsində azad etdiyimiz torpaqlarımızda minalanmış ərazilərin xəritələrini verməkdən imtina edir, bununla da hərbi cinayət törətməkdə davam edir. Beləliklə, onlar məcburi köçkünlərimizin öz doğma yurd-yuvalarına qayıtmasına mane olmaq istəyir, sərhədlərin delimitasiyası məsələsində təxribatlara əl atırlar.

Milli Məclisin sədri diqqətə çatdırıb ki, gələn il – 2022-ci ilin fevral ayının 26-da Xocalı soyqırımının 30-cu ildönümü tamam olacaq. O, İranı Xocalı soyqırımını tanımağa çağırıb:

“Bu cür insanlıq əleyhinə törədilmiş cinayətlərə hüquqi-siyasi qiymətin beynəlxalq səviyyədə də verilməsi çox vacibdir. Bu günə qədər bir çox dövlətlər və beynəlxalq təşkilatlar Xocalı soyqırımını tanıyıb. Bunu nəzərə alaraq, İran parlamentinin Xocalı soyqırımı ilə bağlı sənəd qəbul etməsi bəşəriyyəti gələcəkdə buna bənzər hadisələrlə üzləşməkdən qoruya bilər”.

Sonra görüşdə iştirak edən Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və xarici işlər nazirinin müavini Fariz Rzayev Azərbaycan-İran münasibətlərinə dair fikirlərini bildiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir