Sahibə Qafarova İran prezidenti ilə görüşdü

Məclisin sədri Sahibə Qafarova avqustun 6-da İran Prezidenti Seyid İbrahim Rəisi ilə görüşüb.

Bununla bağlı Milli Məclisin mətbuat xidməti məlumat yayıb.

Prezident Seyid İbrahim Rəisi onun andiçmə mərasimində iştirak etdiyinə görə Azərbaycan nümayəndə heyətinə təşəkkür edib.

O, Vətən müharibəsində əldə etdiyi qələbə münasibətilə Azərbaycan dövlətini və xalqını təbrik edib. İran prezidenti Azərbaycan xalqına firavanlıq və xoş günlər arzulayıb.

Sahibə Qafarova Prezident İlham Əliyevin salamlarını və təbriklərini İran Prezidentinə çatdırıb.

Spiker bildirib ki, Azərbaycan dost və qonşu ölkə olan İranla əlaqələrin inkişafına həmişə böyük diqqət yetirib və gələcəkdə də bu əlaqələri dərinləşdirmək niyyətindədir.

Sahibə Qafarova qeyd edib ki, siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlığımız xalqlarımızın ümumi mənafelərinə xidmət edir. Parlamentlər səviyyəsində də əməkdaşlığımız dövlətlərarası münasibətlərin daha da möhkəmlənməsində önəmli rol oynayır.

“Bu sahədə parlamentlərimizdə fəaliyyət göstərən qarşılıqlı işçi qruplarının üzərinə böyük vəzifələr düşür. Hər iki ölkənin nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, aparılan fikir mübadiləsi əlaqələrimizin daha da möhkəmləndirilməsində mühüm əhəmiyyətə malikdir”, – deyə S.Qafarova əlavə edib.

Sədr diqqətə çatdırıb ki, iqtisadi, ticarət və humanitar münasibətlərimizin inkişafında Azərbaycanla İran arasında mövcud olan Dövlətlərarası Müştərək Komissiya uğurla fəaliyyət göstərir.

İran Prezidenti İbrahim Rəisi Prezident İlham Əliyevin təbriklərinə görə, minnətdarlığını bildirib və onun da salamlarını Azərbaycanın dövlət başçısına çatdırmağı xahiş edib.

Sonra görüşdə regional əməkdaşlığın perspektivləri və tərəfləri maraqlandıran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir