Şarl Mişel İlham Əliyevin mövqeyini dəstəklədi: Bakı Brüsseldə öz gündəmini diktə etdi

Artıq xəbər verildiyi kimi, ötən gün Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa Şurasının sədri Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüşü olub.

Bu görüş müddət baxımından Prezident İlham Əliyevin Ermənistanın baş naziri ilə bütün keçmiş görüşlərini geridə qoyaraq beş saata yaxın davam edib.

Daha sonra Şarl Mişel üçtərəfli görüşün yekunlarına dair bəyanatla çıxış edib.

Bəyanat Avropa diplomatiyasının ən yaxşı ənənələrinə uyğun kifayət qədər əhatəli, təmkinli, maksimum korrekt tərtib edilib.

Amma necə deyərlər, şeytan detallarda gizlənir ki, onu da oxucularımızın diqqətinə çatdırmaq istəyirik.

Məsələn, əsas detal ondan ibarətdir ki, Avropa Şurası rəhbərinin bəyanatında ATƏT-in Minsk qrupunun adı çəkilməyib.

Biz artıq dəfələrlə demişik və yazmışıq ki, bu format tarixin zibilliyinə göndərilib və Şarl Mişel yuxarıda qeyd olunan təşkilatın adını bircə dəfə də olsa çəkməməklə bunu təsdiqlədi.

Şarl Mişelin “münaqişənin aradan qalxması” (overcoming the conflict) çağırışı da diqqətimizi çəkdi.

Əgər əvvəllər avropalılar münaqişənin “həll etmək” zərurəti haqqında danışırdılarsa, indi artıq konfliktin “aradan qalxmasından” danışırlar.

Beləliklə, avropalı siyasətçi həzm oluna bilən diplomatik tərzdə, bu gün danışıqlar masası arxasında söhbətin yalnız Qarabağ münaqişəsinin nəticələrinin aradan qaldırılmasından getdiyini vurğuladı. Belə ki, münaqişənin həll olunduğu hər üç iştirakçıya çox yaxşı məlumdur.

Ş. Mişelin ümumi mesajı ondan ibarətdir ki, Qarabağ münaqişəsi keçmişdə qalıb və indi tərəflər gələcəyə baxmalıdırlar.

Və Avropa İttifaqı Şurasının rəhbərinin bu mesajı İlham Əliyevin baxışı ilə tam üst-üstə düşür.

Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması üçün ciddi çağırışın edilməsi də az əhəmiyyət kəsb etməyən məqamdır.

Beləliklə, Avropa İttifaqı Bakının daha bir istəyi olan hərtərəfli sülh müqaviləsinin bağlamasını dəstəklədi.

Daha sonra Şarl Mişel tərəfləri 2020-ci il 10 noyabr, 2021-ci il 12 yanvar və 26 noyabr tarixli üçtərəfli bəyanatlarına əməl etməyə çağırıb ki, bu da Azərbaycanın maraqlarına uyğundur.

Görünür, Brüssel artıq başa düşüb ki, danışıqlar prosesini başqa məcraya yönəltmək mümkün olmayacaq və bundan sonra onun Qafqaz diplomatiyasının başlanğıc nöqtəsi 10 noyabr 2020-ci il razılaşmasıdır.

Artıq İrəvan hətta Avropanın köməyi də olsa noyabr razılaşmaları çərçivəsindən çıxa bilməyəcək, Minsk qrupu isə yuxarıda qeyd etdiyimiz kimi tarixin zibilliyinə atılıb.

Şarl Mişel Qarabağın minalardan təmizlənməsi istiqamətində də dəstəyini ifadə edib.

Bu, Avropa İttifaqının Azərbaycan ərazilərinin minalardan təmizlənməsi prosesinə real addımlarla dəstək verəcəyini gözləməyə əsas verən müsbət mesajdır.

Avropa İttifaqının ilk dəfə olaraq itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsinin vacibliyini vurğulayaraq onu gündəmə gətirməsi çox mühümdür.  

Xatırladaq ki, Birinci Qarabağ müharibəsi zamanı taleyi bu günə qədər naməlum olan 4 min azərbaycanlı itkin düşüb.

Rəsmi Bakı dəfələrlə Ermənistan tərəfindən bu şəxslərin taleyinə aydınlıq gətirməyi tələb edib. İndi bu tələbə avropalılar da qoşulub.

Nəhayət, bəyanatda Aİ-nin iqtisadi və investisiya dəstəyi də daxil olmaqla, bölgədə kommunikasiya infrastrukturunun yaradılmasını da dəstəkləməyə hazır olduğu ifadə edilir. Bu isə Zəngəzur dəhlizini tez bir zamanda açılmasına nail olmağa çalışan Azərbaycanın maraqlarına tam cavab verir.

Üstəlik, gömrük və sərhəd prosedurlarına qarşılıqlı əsaslarda əməl olunmasının zəruriliyi ayrıca qeyd olunur.

Bu isə İlham Əliyevin “Əgər Ermənistan yük və insanlara nəzarət etmək üçün öz gömrük qurumlarından istifadədə israr etsə, onda biz də Laçın dəhlizində eynisində israr edəcəyik” tələbinə tam uyğun gəlir.

Şarl Mişelin İlham Əliyevin bu tələbinə qoşulması isə bir şeyi aydın göstərir: Brüsseldə keçirilən üçtərəfli danışıqlarda Azərbaycan tərəfi bu prinsipial məsələ ilə bağlı öz gündəmini diktə edə bilib.

Caliber.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir