Şavkat Mirziyoyev: “İlham Əliyevin səfəri qarşılıqlı əlaqələrimizin inkişafına yeni güclü təkan verəcək”

“Heydər Əliyevin ən böyük arzusu Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi, Cənubi Qafqazda möhkəm sülhün və sabitliyin bərqərar olması idi. Azərbaycan Prezidenti hörmətli İlham Heydər oğlu Əliyev tarixi ədaləti bərpa edərək bu arzunu uğurla həyata keçirdi”.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Daşkənddə Heydər Əliyev Meydanının açılış mərasimindəki çıxışında söyləyib.

“Bütün bu illər ərzində Özbəkistan beynəlxalq hüquq əsasında Azərbaycanın ərazi bütövlüyü mövqeyində möhkəm dayanıb. Biz mümkün olan hər yerdə bu barədə danışmışıq, həmişə bunu qətiyyətlə və sərt şəkildə dəstəkləmişik”, – deyən Özbəkistan Prezidenti bu Qələbə münasibətilə qardaş Azərbaycan xalqını özbək xalqı adından və şəxsən öz adımdan bir daha təbrik edib.

Son illərdə birgə səylər sayəsində Özbəkistan ilə Azərbaycan arasında münasibətlərin yüksək strateji tərəfdaşlıq səviyyəsinə çatdığını, konkret məzmun kəsb etdiyini vurğulayan Prezident Şavkat Mirziyoyev deyib: 

“Hörmətli İlham Heydər oğlu, Sizə, xüsusən ölkələrimiz arasında əməkdaşlığın hərtərəfli möhkəmlənməsinə şəxsi diqqətinizə görə xüsusi minnətdarlığımı bildirmək istərdim. Əminəm ki, Sizin dövlət səfəriniz qarşılıqlı faydalı əlaqələrimizin daha da inkişafına yeni güclü təkan verəcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.