Sergey Qarmaş: “Müharibə təhlükəsi var, lakin Ukrayna vəziyyəti gərginləşdirmək istəmir”

Ukraynalı jurnalist, ORDLO-nun (Donetsk və Luqansk vilayətlərinin ayrı rayonları) Ukraynanın şərqindəki münaqişənin həlli üzrə Üçtərəfli Əlaqə Qrupunda Ukrayna nümayəndə heyətinin təmsilçisi Sergey Qarmaş Ria24.Az-a müsahibəsində Türkiyənin sülhməramlı təşəbbüslərini və Rusiya ilə Ukrayna arasında müharibə ehtimalından danışıb.

– Türkiyə Rusiya və Ukrayna liderlərini eyni masa ətrafına dəvət etmək niyyətindədir, bu dəfələrlə deyilib. Bütövlükdə Ankara çox fəaldır, Kiyev və Moskva arasında gərginliyi azaltmağa çalışır…

– Türkiyə üçün vasitəçilik rolu faydalıdır. Ankara bununla da özünün regional lider rolunu təsdiqləmiş olur. Onun hər bir dövlətin olduğu kimi praqmatik maraqları var.

Bəs Vladimir Zelenski Krım və Donbasdan söz açmadan Vladimir Putinlə necə danışacaq? Və çətin ki, Vladimir Putin Krım və Donbassla bağlı söhbət olacağını bilə-bilə Zelenski ilə görüşə razı olsun, o zaman Rusiyada onu başa düşməyəcəklər… Ona görə də mən Ukrayna və Rusiya Federasiyası prezidentlərinin Türkiyədə görüşünün baş tutmasının mümkünlüyünə inanmıram. Bu, ancaq indiki vəziyyətdən söhbət gedərsə mümkün ola bilər, məsələn, Rusiya qoşunlarının cəmləşdirilməsindən (Ukrayna sərhədləri yaxınlığında). Amma bu, Ukrayna daxilində daxili sabitliyin pozulması faktoruna çevriləcək. Donbass və Krım məsələləri qaldırılmasa, Ukrayna cəmiyyəti Rusiya ilə danışıqların nəyə lazım olduğunu başa düşməyəcək və bu, Rusiya Federasiyası ilə münasibətlərimizin əsas, müəyyənedici mövzusudur. Əgər bu barədə danışmırsansa, niyə görüşəsən?

Rusiyanın mövqeyi Ukrayna üçün məqbul deyil. Moskva deyir ki, vətəndaş müharibəsi gedir və Kiyev birbaşa Donetsk və Luqansk ilə danışıqlar aparmalıdır. Amma bu mümkün deyil.

– Qərb mediasının bir aydan artıqdır elan etdiyi, lakin Kiyevdə təkzib edilən və insanlara təşvişə düşməmək haqda çağırışlar edilən Rusiyanın hücumu barədə nə düşünürsünüz, bu baş verəcəkmi?

– Təhlükə var. Amma Kiyev vəziyyəti gərginləşdirmək istəmir, çünki biz artıq indi iqtisadi itkilərlə üzləşirik. Milli valyuta olan qrivna ucuzlaşır, dövlət istiqrazlarımız ucuzlaşır, xarici borc məsələsi var. Panika  iqtisadiyyatın inkişafına və Ukraynanın hərbi planda maraqlarına mənfi təsir göstərir.

Ukrayna rəhbərliyinin tutduğu mövqeyi başa düşmək olar. Biz mümkün aqressiyanı dəf etməyə hazırlaşırıq, lakin bunu təlaş yaratmadan, sakit şəkildə edirik. Moskva bizimlə sərhəddə gərginlik yaradır ki, bu da öz növbəsində Avropaya ötürülür. Ona görə də gəlin bu gərginliyin saxlanılmasına imkan verməyək. Mən Rusiyanın genişmiqyaslı hücumuna inanmıram, çünki bu, Rusiya Federasiyası üçün sərfəli deyil, üstəlik Rusiya iqtisadiyyatını çökdürmək gücündə olan və bu ölkənin daxili siyasətinə təsir edə biləcək sanksiyaların artıq anonsu verilib. Mən düşünürəm ki, Rusiya rəhbərliyi Ukraynanın daxilində stabilliyi pozmaq üçün xüsusi əməliyyatlara əl atacaq. Bundan əlavə, indi Moskvanın Kiyevə Minsk razılaşmalarının icrasını (Ukraynanın şərqindəki münaqişə ilə bağlı) yazıldığı kimi deyil, Vladimir Putinin şərh etdiyi kimi qəbul etdirmək şansı var. Rusiya rəhbərliyi “böyük müharibə” təhdidindən istifadə edərək, bizim “Normand tərəfdaşlarımız” olan – Almaniya və Fransaya – Minsk razılaşmalarını Rusiyanın istək və şərhinə uyğun dəyişdirməyi təklif edir.  

Burada hər kəsin fərqinə varmadığı texniki detallar var. Onlar ORDLO-da hazırlanmaqda olan sənədləri Üçtərəfli Əlaqə Qrupunda nəzərdən keçirməyimizi istəyirlər. Donetsk və Luqansk vilayətlərinin müəyyən rayonları hələ ki Üçtərəfli Əlaqə Qrupunun üzvü deyillər və əgər bu baş verərsə “de-fakto” ORDLO-nun danışıqlarda tərəf olması təsdiqini tapır və guya Rusiya münaqişədə iştirak etmir, Ukraynada isə vətəndaş müharibəsi gedir. Mən bu məsələ ilə bağlı Berlin və Parisdən (Kiyevə. red.) təzyiq əlamətlərini görürəm.

Bu, Moskva üçün sərfəlidir, çünki Rusiya Federasiyasının bütövlükdə Qərbə təqdim etdiyi ultimatumun mahiyyəti Ukraynanı Rusiyanın təsir zonasında qalmasına imkan yaratmaq, onu NATO-ya buraxmamaq və bunun nəticəsi olaraq Alyansın Ukrayna ərazisindən Rusiya sərhədlərinə yaxınlaşmasını qarşısını almaqdır.

ORDLO siyasi status alarsa, o zaman Moskva bu regionlar vasitəsilə faktiki olaraq bütün Ukraynaya nəzarət edə biləcək. İndi Rusiya rəhbərliyi buna “Normand dördlüyü”nün üzvü olan Fransa və Almaniyanın vasitəsilə nail olmaq istəyir. Beləliklə, bir daha deyirəm, hesab edirəm ki, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı hərbi əməliyyat keçirməsinin heç bir mənası yoxdur. Əgər Rusiya diplomatiya yolu ilə özü üçün istədiyi nəticəni əldə etməsə, o zaman Donbassda vəziyyəti gərginləşdirməyə gedə bilərlər. Bu mümkündür, çünki hər şeyi “yad əllər”lə – tanınmamış “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası” vasitəsi ilə ediləcək və bu halda Rusiya sanksiyalardan yayına biləcək. Nəticə isə Rusiyanın arzuladığı destabilizasiya baş verəcək və Avropada gərginlik qalacaq.

Nair Əliyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.