Spiker Sahibə Qafarovanın türkiyəli həmkarı ilə telefon danışığı olub

Avqustun 24-də Milli Məclisin Sədri Sahibə Qafarovanın Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şəntopla növbəti telefon danışığı olub.

MM-dən verilən məlumata görə, telefon danışığı zamanı Spiker həmkarını və onun simasında bütün türk xalqını Türkiyə tarixinin ən böyük təbii qaz yatağının kəşf olunması münasibəti ilə həm öz adından, həm də Milli Məclisin deputatları adından təbrik edib.

Sədr qeyd edib ki, yeni qaz yatağının işlənməsi qardaş və dost Türkiyə xalqına böyük faydalar gətirməklə yanaşı, onun beynəlxalq aləmdə nüfuzunun daha da yüksəlməsinə öz müsbət təsirini göstərəcək, iqtisadiyyatının daha da güclənməsinə yeni impuls verəcək.

Danışıq zamanı Spikerlər Azərbaycan və Türkiyənin enerji təhlükəsizliyi sahəsində birlikdə həyata keçirdikləri qlobal layihələrin əhəmiyyətini bir daha vurğulayıblar, bu ölkələrin regionda reallaşdırdıqları digər layihələrin də müvəffəqiyyətlə nəticələnəcəyinə əminliklərini söyləyiblər.

Milli Məclisin Sədri bildirib ki, Türkiyənin uğurları bizi də qəlbən sevindirir. Azərbaycan-Türkiyə dostluğu xalqlarımızın rifahı naminə bundan sonra da inkişaf edəcəkdir. Türkiyə ilə dostluğumuz sarsılmazdır.

Söhbətdə tərəfləri maraqlandıran digər məsələlər barədə də danışılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir