“Supernüvə” anonsu verildi: Rusiyanın yeni planı – TƏHLİL

Rusiyanın təlimatları ilə hərəkət edən Belarus Prezidenti Aleksandr Lukaşenko bu dəfə Qərbi nüvə silahları ilə təhdid edib.

Lukaşenko deyib ki, Qərbdən təhdidlər gəlsə, Belarus ərazisində nüvə silahları ilə yanaşı, supernüvə silahları da yerləşdirilə bilər.

Bununla da Belarus lideri elan edir ki, Rusiya gələcəkdə nüvə silahlarının bir qismini öz ölkəsində yerləşdirəcək.

Supernüvə silahlarına gəlincə, hələlik bunların xarakteristikası, növü barədə məlumatlar yoxdur, amma güman etmək olar ki, Rusiya yeni nüvə silahlarının istehsalı üzərində işləyir.

Nüvə silahları çəkindirici və danışıqlarda üstünlük təmin edən faktordur, amma Moskva yaxşı başa düşür ki, NATO qüvvələrində də onun nüvə gücünü üstələyən arsenal mövcuddur.

Hələ 3 il öncə ABŞ-ın Avropa ərazisində 150-dən çox nüvə silahını gizlətməsi barədə Qərb mətbuatında məlumatlar yayılmışdı.

Sözsüz ki, ABŞ da, Rusiya da nüvə potensiallarının bütününü nümayiş etdirməkdə xəsis davranırlar və onların bir qismi üzərində məxfilik qrifi götürülmür.

ABŞ-ın Avropadakı nüvə silahları soyuq müharibə dövrünün yadigarıdır, onlar vaxtı ilə SSRİ-dən gələn təhdidlərin qarşısını almaq üçün qoca qitədə yerləşdirilmişdi.

Rusiya indi nüvə arsenalının bir hissəsini Belarusa yerləşdirmək məqsədləri güdməklə Avropaya qarşı yeni “atom cəbhəsi” açmağı hədəfləyir.

Malik olduğu silahlar Rusiyada aşırı təkəbbür yaradır, hərçənd ki, bəzi mütəxəssislər Rusiyanın “barıtlı təqdimatlarda” blefə yol verdiyini hesab edirlər.

Aleksandr Lukaşenko da Rusiyanın qürrəsini özünün maraqlarına calaq edərək Qərbə qarşı nüvə təhdidi səsləndirir.

Lukaşenkonun bəyanatı göstərir ki, nüvə silahları amili getdikcə hədə tonunu artıracaq.

Əgər Rusiya Belarusda supernüvə silahları yerləşdirsə, bu, Qərbdə də nüvə silahlarının təkmilləşdirilməsini stimullaşdıracaq.

Bu gün Belarus Prezidenti Lukaşenkonun Kremlə təşrif buyurması gözlənilir, səfər öncəsi onun “supernüvə” xəbərdarlığı belə deməyə əsas verir ki, Rusiya lideri Vladimir Putinlə bu istiqamətdə də müzakirələr aparacaq.

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.