Təhsilin inkişafı prioritet istiqamətdir

S.Möhbalıyev: “Əgər Azərbaycan bu gün dünyada koronovirusdan ən çox əziyyət çəkən ölkələrin sıralamasında son yerlərdən birində qərarlaşıbsa, buna görə biz yalnız və yalnız dövlət başçımızın yürütdüyü müdrik siyasətə borcluyuq”

Bu gün biz hamımız, bütün Azərbaycan ictimaiyyəti artıq koronavirus pandemiyası ilə bağlı ölkəmizdə bu ilin əvvəllərindən etibarən tətbiq olunan sərt karantin rejiminin mərhələli şəkildə yumşaldılmasının şahidiyik. Necə deyərlər, həyat tədricən öz əvvəlki məcrasına dönmək üzrədir. Əlbəttə ki, bu müsbət vəziyyətin yaranması bütünlüklə Ölkə Prezidenti cənab İlham Əliyevin birbaşa ciddi nəzarəti altında ölkəmizdə həyata keçirilən pandemiya ilə mübarizə tədbirlərinin effektivliyi sayəsində mümkün olmuşdur. Məhz bu tədbirlərin, ölkə rəhbərliyi tərəfindən atılan düşünülmüş və məqsədyönlü addımların nəticəsi olaraq, Azərbaycan bir çox dünya ölkələri ilə müqayisədə pandemiya ilə mübarizədən ən az itkilərlə çıxmışdır. Əlbəttə, bəşəriyyətin bu bəlaya tam qalib gəldiyini söyləmək hələ çox tezdir. Bununla belə, hazırki vəziyyət bir neçə ay bundan öncəki böhranlı durumdan çox fərqlidir.
Dediyim kimi, əgər Azərbaycan bu gün dünyada koronovirusdan ən çox əziyyət çəkən ölkələrin sıralamasında son yerlərdən birində qərarlaşıbsa, buna görə biz yalnız və yalnız dövlət başçımızın yürütdüyü müdrik siyasətə borcluyuq. Möhtərəm prezidentimizin öz çıxışlarında dəfələrlə təkrar etdiyi kimi, bu mücadilədə Azərbaycan dövləti ən vacib faktorun insanlarımızın həyat və sağlamlıqları olduğunu hər zaman önə çəkdi və bütün addımlar da ilk növbədə məhz bu amilin qorunması istiqamətində atıldı.
Digər tərəfdən isə dövlətimiz tərəfindən belə bir böhranlı şəraitdə ölkə iqtisadiyyatının çökməməsi, insanların rifah halının aşağı düşməməsi üçün də bütün lazımi tədbirlər görüldü. Neçə-neçə irimiqyaslı iqtisadi paketlər işlənib hazırlandı və operativ şəkildə həyata keçirildi. Həm sahibkarlara, həm sadə vətəndaşlara iri məbləğlərdə subsidiyalar ayrıldı, yardımlar edildi. Həm də bütün bunlar dünya bazarlarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi fonunda təmin olundu. Azərbaycan pandemiya dövründə heç bir xarici borca girmədi, əksinə biz xarici dövlətlərə yardım göstərdik. Ölkəmiz bir çox beynəlxalq layihələrə imza ataraq, dünyada nüfuzunu daha da yüksəltdi.
Nəhayət, mənim xüsusi olaraq toxunmaq istədiyim daha bir məsələ də hətta pandemiya dövründə belə, Azərbaycanda təhsilin inkişafına göstərilən diqqət və qayğının bir an olsa belə səngiməməsi ilə bağlıdır. Məlumdur ki, bu gün ölkənin təhsil sistemi inkişafı dövlət tərəfindən prioritet istiqamət kimi müəyyənləşdirilimiş önəmli sahələrdən biridir. Məhz bu sahənin inkişafına göstərilən dövlət qayğısı, qarşıya qoyulan məqsədlərə çatmaq üçün ayrılan maliyyə vəsaitlərinin həcmi, həyata keçirilən irimiqyaslı layihələrin səmərəlilik dərəcəsi və digər bu kimi göstəricilər xüsusilə son bir neçə ildə davamlı olaraq yüksəlməkdədir. Diqqətəlayiq haldır ki, yeni təhsil müəssisələrinin tikintisi, mövcud olanlarının əsaslı təmiri və yenidən qurularaq təchiz olunması istiqamətində görülən işlərdə pandemiya dövründə də heç bir ləngiməyə yol verilmədi. Artıq bir neçə gündən sonra yeni təhsil ilinə start veriləcək. Şagird və tələbələrimiz əlbəttə ki, karantin şəraitindən irəli gələn təsdiq olunmuş qaydalara riayət etməklə, öz təhsillərini yenə də yeni və yenilənmiş məktəb və universitetlərdə davam etdirəcəklər. Təkcə son bir neçə gündə baş verən önəli hadisələrə nəzər salsaq görərik ki, Ölkə Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva artıq bir neçə yeni təhsil müəssisəsinin açılışında bilavasitə iştirak ediblər. Belə ki, sentyabr ayının 3-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Bakının Yasamal rayonundakı 3 saylı tədris korpusu yenidən inşa olunaraq istifadəyə verilib. Yenə də sentyabrın 3-də Bakının Yasamal rayonundakı Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin əsaslı təmirdən sonra açılışı olub. Sentyabrın 4-də isə ADA Universitetinin iki yeni korpusunun açılışı olub. Dediyim kimi, bütün bu açılışlarda dövlət başçımız və ölkənin birinci xanımı şəxsən iştirak ediblər.
Sentyabrın 7-də isə Prezident İlham Əliyev paytaxtın Nizami rayonunda 251 nömrəli tam orta məktəbdə aparılan əsaslı təmir işləri ilə tanış olub, bu təhsil ocağının yeni korpusunun açılışında iştirak edib. Dördmərtəbəli, 840 şagird yerlik yeni korpusda kimya, fizika, biologiya laboratoriyaları, 35 sinif otağı, hərbi kabinet, kitabxana, oxu zalı və yardımçı otaqlar var. Bütün otaqlar elektron vasitələrlə və proyektorlarla təchiz olunub. Qeyd edim ki, bu məktəbin şagirdləri də uğurları ilə fərqlənirlər. Belə ki, onlar müxtəlif vaxtlarda Rumıniyada və Türkiyədə keçirilən müsabiqələrin qalibləri olublar.
Sözsüz ki, bu ali və orta təhsil müəssisələrinin infrastrukturlarının tamamilə yenilənməsi də Azərbaycanda təhsilin inkişafına göstərilən diqqət və qayğının daha bir təzahürüdür. Əminliklə demək olar ki, pandemiyadan sonrakı dövrdə Azərbaycan təhsili möhtərəm Prezidentimiz cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində daha böyük uğurlara imza atacaq və biz bu sahədə də aparıcı dünya dövlətləri arasında öz layiqli yerimizi tutacağıq.

Səttar Möhbalıyev
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri,
Azərbaycan Respublikası Milli Məclisinin deputatı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir