Tələbə gənclər “Müzəffər Ali Baş Komandan həftəsi” çərçivəsində silsilə tədbirlər həyata keçiriblər – FOTO

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin doğum günü ilə əlaqədar Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və üzv Tələbə Gənclər Təşkilatları tərəfindən 20-24 dekabr tarixlərində “Müzəffər Ali Baş Komandan həftəsi” çərçivəsində silsilə tədbirlər həyata keçirilib. Həyata keçirilmiş layihələr, tədbirlər və konfranslarla tələbə gənclər Azərbaycanı dünyada qalib dövlət kimi tanıdan yeni əsrin yeni lideri İlham Əliyevi təbrik ediblər.  

Tələbə gənclərin “ÇƏTİR” proqramı çərçivəsində yaradılmış ali və orta təhsil müəssisələrində fəaliyyət göstərən vətənpərvərlik klubları şəbəkəsi həftə çərçivəsində görüşlər keçirib, Prezidentin ölkəmizin tərəqqisinə, xüsusilə də, tarixi zəfərimizə aparan uğurlu siyasətinin əsaslarını gənclərin diqqətinə çatdırılıb. “Hədəf 5 %” proqramı çərçivəsində ali və orta ixtisas təhsili müəssisələrində fəaliyyət göstərən üzv Tələbə Gənclər Təşkilatları (TGT) tərəfindən də həftə ərzində silsilə layihələr həyata keçirilib.

Belə ki, Bakı Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Dövlət Gömrük Komitəsinin Akademiyası, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Mingəçevir Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, 1 nömrəli Bakı Tibb Kolleci, Bakı Humanitar Kolleci və digər təhsil müəssisələrinin Tələbə Gənclər Təşkilatlarının təşkilatçılığı ilə keçirilən tədbirlərdə İlham Əliyevin siyasi fəaliyyətini əks etdirən videoçarx izlənilib, təşkil olunan dəyirmi masalarda Prezident İlham Əliyevin rəhbərliyi altında müxtəlif istiqamətlərdə həyata keçirilən uğurlu siyasi xətt mövzusunda fikir mübadiləsi aparılıb.

Tədbirlər çərçivəsində Vətən müharibəsindəki möhtəşəm zəfərimizin banisi prezidentin həyat və siyasi fəaliyyət yoluna nəzər salınıb, ölkəyə rəhbərlik etdiyi 18 il ərzində qazanılan uğurlar gənclərin diqqətinə çatdırılıb, Azərbaycan gəncləri üçün yaradılmış imkanlara dair tələbələrin fikirləri dinlənilib, diskussiyalar aparılıb, eləcə də ali və orta təhsil müəssisələrinin komandaları arasında “Nə? Harada? Nə Zaman?” intellektual bilik yarışı təşkil olunub.

Tələbə gənclər Müzəffər Ali Baş Komandanı 60 illik yubileyi münasibəti ilə ürəkdən təbrik edir, ən xoş arzularını çatdıraraq, Azərbaycan gəncliyinə göstərilən diqqət və qayğının daim onlar tərəfindən hiss edildiyini, onların bir fərd kimi inkişafında xüsusi rol oynadığını xüsusilə vurğulayıblar. Bu gün tələbə gənclər ulu öndərin “biz işğal olunmuş torpaqlarımıza qayıdacağıq!” sözlərini reallığa çevirən Müzəffər Ali Baş Komandan İlham Əliyevin inkişaf və tərəqqi konsepsiyasının bir hissəsi olmaqdan qürur duyur, gənclər qarşısında qoyulan hədəflərə çatmaq üçün var gücü ilə çalışırlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir