“Tayga.info” Xocalı faciəsinin 30-cu ildönümü ilə bağlı məqalə dərc edib – FOTO

Xocalı faciəsi Azərbaycan xalqının tarixinin ən dəhşətli səhifələrindən biridir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri keçmiş SSRİ-nin o zaman Xankəndidə dislokasiya olunmuş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbçilərinin iştirakı ilə əsasən azərbaycanlıların məskunlaşdığı Xocalı şəhərini ələ keçirdilər. Hücum zamanı 600-dən çox sakin həlak oldu. 30 il keçməsinə baxmayaraq, günahkarlar hələ də cəzalandırılmayıb.

Rusiyanın “Tayga.info” nəşri Xocalıda baş vermiş dəhşətli hadisələrlə bağlı məqaləsinə məhz bu ifadələrlə başlayıb.

Nəşr qeyd edib ki, Xocalıda baş verənlər Qarabağ müharibəsinin ən qanlı və qəddar epizodu adlandırılır:

“Rəsmi rəqəmlərə görə, faciə zamanı 613 nəfər həlak olub, onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i isə yaşlılar olub. Səkkiz ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. 1275 nəfər əsir və girov götürülmüşdür. Əsirlərdən 150 nəfərin – 68 qadın və 26 uşağın taleyi hələ də naməlum olaraq qalır”.

Rusiya və Qafqaz problemləri üzrə ixtisaslaşmış britaniyalı jurnalist Tom de Vaal “Qara bağ” kitabında deyir: “1992-ci il yanvarın 1-dən başlayaraq ermənilər Xankəndidən kənarda silahlı basqınlar etməyə başladılar. Onlar şəhər ətrafındakı Azərbaycan kəndlərini tutdular, oradan yüzlərlə azərbaycanlını qovdular. Onların əsas hədəfi indi Xankəndidən doqquz kilometr şimal-şərqdə yerləşən və regionda yeganə hava limanı olan Xocalı şəhəri oldu”.

Rusiya nəşri daha sonra Xocalı faciəsinin şahidi Sevda Kərimovanın fikirlərinə yer verilib. O, Xocalıda atasının yaralanması, qardaşının onu xilas etmək üçün getməsi və Naxçivanlı kəndi yaxınlığında onların ermənilər tərəfindən atəşə tutulmasından bəhs edib. O, qeyd edib ki, ətraf insan cəsədləri ilə dolu olub, cəsədlərin arasında Sevda Kərimovanın yaxın qohumları da olub. Ermənilər öldürməzdən əvvəl onlara dəhşətli işgəncələr veriblər.

Hadisənin digər bir şahidi Cəmil Məmmədov da şəhərə daxil olan tankların evləri dağıtdığını vurğulayıb. O, həmçinin erməni əsirliyində başına gəlmiş dəhşətli işgəncələrdən bəhs edib.

Nəşr həmçinin yazıda rusiyalı televiziya müxbiri Yuri Romanovun “Mən müharibəni çəkirəm…” adlı kitabında Xocalıda baş verənlərlə bağlı fikirlərinə də yer verilib.

Rusiyalı müxbir hospitala çevrilmiş qatarda gördüklərindən bəhs edib. Belə ki, o bir-birinin ardınca gətirilən “qeyri-adi” yaralılardan – qadınlar, uşaqlar və yaşlılar haqqında danışıb.

Rusiya nəşri Xocalı dəhşətlərindən bəhs edən məqalədə eyni zamanda Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın ingilis jurnalist Tomas de Vaalın Xocalı ilə bağlı sualına riyakar cavabına da yer verib:

“Xocalıya qədər azərbaycanlılar düşünürdülər ki, bizimlə zarafat etmək olar, onlar elə bilirdilər ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməz. Biz bu stereotipi qıra bildik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.