Tehranda qurulmuş qeybət məclisi: Ermənilərin “kiçik” qardaşı “böyük” İran

Ötən gün Tehranda İran və Ermənistan XİN rəhbərlərinin görüşü keçirilib.

Görüşdə iranlı nazir Hüseyn Əmir Abdullahian və erməni həmkarı Ararat Mirzoyan Azərbaycanla bağlı qərəzli fikirlərini ortaya qoymaq üçün əsl münbit şərait yaradıblar.

İran-Azərbaycan münasibətlərində gərginliyin müşahidə olunduğu bir dövrdə, üstəlik bu gərginliyin kökündə İranın “erməni sevgisi”nin dayandığı bir şəraitdə Tehrana gəlmiş qonaq İran tərəfi üçün bir növ göydəndüşmə olub.

Görüşün yekunları ilə bağlı Ermənistan və İran mətbuatında yazılanlara nəzər salsaq, rahatlıqla deyə bilərik ki, görüş rəsmi danışıqlardan daha çox qeybət masasını xatırladıb. Çünki iki nazirin uzun-uzadı söhbəti əsnasında fakta əsaslanan, demək olar ki, bir cümlə belə işlədilməyib. Saxta təxəyyül məhsulu iddialar, erməni tərəfinin cəfəng bəyanatları, İranın isə guya ehtiyatlı, ancaq bir o qədər də qərəzli fikirləri… Bu qədər yalan, böhtan və şayiələrin qeybət masasından, məclisindən başqa hansı masada yeri ola bilər ki?

Keçək nazirlərin bir-birindən geri qalmayan riyakar çıxışlarına. İranın XİN rəhbəri iddia edir ki, onlar Tehranın qonşuları ilə münasibətlərinə bir sıra xarici ölkələrin təsir göstərməsinə icazə verməyəcəklər. Yəni İran hələ də regionda problemləri özünün yaratdığının fərqində deyil. Hələ də günahı mövcud olmayan təhlükələrə, xarici dövlətlərə bağlamağa çalışır. Üstəlik bu ifadələri dediyi zaman iranlı nazir məhz problemlərin ən böyüyü ilə eyni masa arxasında əyləşib diplomatiyadan çox uzaq, qeybət xarakterli çıxışlar edir.

Regionun əsas təhlükəsi – terror dövləti Ermənistana himayədarlıq etmək, ona təsir imkanları olmasına baxmayaraq, heç bir təzyiq göstərməmək, əksinə daim, hətta müharibə dövründə belə yardım etmək, bu gün isə işğala son qoyulduğu bir dövrdə bundan narazılığını açıq şəkildə ortaya qoymaq İranın götür-qoy etməli olduğu əsas məqamlar olmalıdır. Çünki bütün bunlar İranın etibarlı tərəfdaş, mehriban qonşu, regionda sabitliyin önəmli aktoru kimi obrazlarını darmadağın edib, onun nüfuzunu kəskin azaldıb.

Beləliklə, İran XİN rəhbərinin açıqlamasından da görünür ki, nə nazir, nə də digər rəsmilər regiondakı münasibətlərə təsir göstərən amilin xarici dövlətlər yox, İranın şüuruna hopmuş cəfəng düşüncələrin, hegemonluq iddialarının, gizli saxlanan əsassız qorxuların olduğunu anlamır.

İran regionda xarici dövlətlərin təsirindən bəhs etsə də, bu regiona ən yad dövlətin işğalçı Ermənistan olduğunu anlamır. Demək olar ki, bütün qonşularına ərazi iddiaları səsləndirən, regionun müsəlman əhalisini özünə qatı düşmən görən, heç bir halda tolerant yanaşma nümayiş etdirməmiş, faşizmə dövlət səviyyəsində pərəstiş edən Ermənistan necə ola bilər ki, İran İslam Respublikasında heç bir təhdid yaratmasın?

Bunun yeganə səbəbi bu iki dövlət arasındakı isti münasibətlərdir. Hansı ki, sözügedən münasibətlər də regionda təhlükəsizlik və sülhə ən böyük təhdidi təşkil edir. Necə ki, Tehran böyük canfəşanlıqla uzun illər Ermənistana nəfəslik rolunu oynadı, bu gün də həmin iddianı davam etdirir.

İran dağıdılmış məscidlərin, abidələrin hesabını istəmək əvəzinə onu dağıdanların əlindən tutdu, məscidləri yıxan texnikalar üçün yanacaq göndərdi, İslamı təhqir etməkdən yorğun düşənlər üçün ərzaq göndərdi. Halbuki onları dayandırmaq, təcrid etmək üçün ən böyük imkanlara sahib idi. Ancaq İranın erməni sevgisi hətta onun dövlətçilik ənənələri, milli-mənəvi dəyərlərindən də önəmli çıxdı. Çünki İran məhz bu sevgiyə görə öz prinsiplərini, həqiqətləri satdı, onları ermənilərin ayaqları altına sərdi. Qarşılığında nə aldı? Əslində bu sualın cavabını düşünərkən, bu “əzəli qardaş”ların arasında kimin böyük, kimin kiçik olduğunu anlamaq daha da qəlizləşir. Hər halda Ermənistanın bu işdən qazancı çoxdur, İran isə bütün nüfuzunu, prinsiplərini tapdalayıb, əldə etdiyi yalnız mənfi imic olub. Bəlkə də yanılırıq, ancaq, görünür, bu münasibətdə “böyük qardaş” ermənilərdir, çünki İran təmənnasız, itirmək bahasına hər şeyini onların yolunda qurban verir. Hər yerdə “böyük”, “nəhəng” İran, təkcə Ermənistanın yanında “kiçik” olur? Yoxsa ataların dediyi kimi, həmrəng olmasa da, həmxasiyyət olur, Ermənistanla dostluq etdikcə onun qədər “kiçilir”…

Yenidən qayıdaq qeybət masasına… Tehranın düz ortasında İranın XİN rəhbəri bir neçə ay bundan əvvəl İrəvanın mərkəzində öz xalqı tərəfindən vəhşicəsinə döyülən “diplomatla” oturub, Azərbaycanın qeybətini edir. Hər iki tərəf bəh-bəhlə regiondakı terrorçulardan danışır.

Əslində haqlı olduqları məqam da var. Regionda terrorçular mövcuddur: Livandan, Suriyadan gətirilən erməni terrorçular, Yaxın Şərqi qan çanağına çevirmək üçün göndərilən terrorçular, hətta terroru dövlət səviyyəsində həyatında keçirənlər.

Ancaq Tehrandakı masada gündəm bu terrorçular deyil. Gündəmdə Ermənistanın rüsvayçı məğlubiyyətinə az da olsa haqq qazandırmaq üçün önə sürdüyü cəfəng bir iddia var. Azərbaycanın döyüş meydanında erməni terroruna endirdiyi sarsılmaz zərbə hansısa çirkin iddiaların, məkrli planların və maraqların güdazına verilir.

Terror dövləti Ermənistanın XİN rəhbəri Azərbaycanı terrorçularla əməkdaşlıqda ittiham edir, Yaxın Şərqdə terrorçuların əsas himayədarı hesab edilən, buna görə ağır sanksiyalarla üz-üzə qalan, lakin bütün bunların fonunda Azərbaycan tərəfindən həmişə cənub qonşusu kimi hörmət və ehtiram görmüş İranın XİN rəhbəri isə “böyük qardaşı” ilə həmfikir olduğunu ortaya qoyur.

Erməni riyakarlığı qeybət masasında Hüseyn Əmir Abdullahianın şəxsində İranın ambisiyaları ilə birləşərək bu cütlüyün əsl mahiyyətini ortaya qoyur. Ortaya erməni riyakarlığının da fövqündə dayanan bir mənzərə çıxır.

İranın regionda sülh və təhlükəsizliyi bir kənara atıb acizliyin, rüsvayçılığın, böhtan və məkrli planların rəmzi olan Ermənistanı üstün tutması bu ölkəni də onunla birlikdə bataqlığa çəkir. “Böyük” İran Ermənistan riyakarlığına qapılmaqla rəzalət bataqlığına batır.

Ermənistandan daha böyük olan bu təhlükəni isə İranda heç kim görə bilmir. Erməni sevgisi gözünü bürümüş, təkəbbürlü məmurlar isə bu acı həqiqəti etiraf etməyə belə qorxurlar. Əslində heç bir halda xeyir görmədikləri bu “əməkdaşlığın”, “dostluğun”, “qardaşlığın” region üçün nə dərəcədə böyük bir təhdid olduğunu anlamamaqda təkid edirlər.

Hər halda bu gün regionda inkişaf və tərəqqi yoluna Azərbaycan öndərlik edir. Bu yoldan imtina edən isə Ermənistan və onun “kiçik qardaşı” İrandır. Tarix və təcrübə onu göstərir ki, ermənilər istənilən məqamda yola birgə çıxdıqlarını arxadan vura, ona ən böyük zərbəni endirə bilərlər. Bu amili gözardı edib, Ermənistan sevgisi uğruna bütün regionda təhlükəsizliyi təhdid altına atmaq İranın öz seçimidir.

44 günlük müharibə regionda söz sahibinin kim olduğunu bütün dünyaya göstərdi. Bu yolda nə Ermənistan kimi terrorçulardan istifadə etdi, nə də kimlərinsə arxasına sığındı. Öz gücü, xalqının sevgisi və qüdrətli dövləti hesabına tarixi ədaləti bərpa edib, qaliblər masasında öz haqlı yerini tutdu.

Bu qələbənin parlaqlığını həzm edə bilməyənlər, regionda sülh və tərəqqini dəstəkləməyənlər, haqq-ədalətin zəfərini özlərinə dərd edənlərin isə oturacağı yeganə masa qeybət masasıdır. İstər İrəvanda, istərsə də Tehranda qurulsun… bu masa arxasında əyləşmək heç kimə iftixar mənbəyi ola bilməz.

Çünki bu məclisdəki söhbətlər diplomatiyadan çox uzaq, cahil və avamların kor baxışlarının aciz ifadəsindən başqa bir şey deyil.

Orxan Tağıyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir