Tehranın yaratdığı gərginlik: İran Rusiyaya minnətçi düşür – TƏHLİL

Bakı-Tehran münasibətlərinin həssas zəminlər üzərində “addımladığı” bir zamanda İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın Rusiyaya səfəri diqqət çəkir.

Bu səfərin gerçəkləşdiyi bir zamanda İsrailin informasiya cəbhəsində önə çıxması Tehrandan Kremlə gətiriləcək portfelin həqiqətə söykənməyən məlumatlarla zəngin olduğuna işarədir.

İsrailin Rusiyadakı səfiri Aleksandr Ben Zvi ölkəsinin Qarabağda guya hərbi baza qurması iddialarını rədd edərək həmin iddiaları xəyal məhsulu adlandırıb.

Bəs niyə İsrail səfiri bu zamana qədər gözləmə möqeyində dayanıb Hüseyn Əmir Abdullahianın Rusiyaya səfəri zamanı açıqlama verdi?

Bu, zamanlamanın düzgün seçilməsidir, deməli, İsrail şübhə etmir ki, Abdullahian rusiyalı həmkarı Sergey Lavrovla görüşündə Azərbaycan amilini İsraillə əlaqələndirib şikayətləri danışıqlar masasına daşıyacaq.

Açığı İsrail səfirinin bəyanatı həm də Azərbaycanın əlini gücləndirən və arqumentlərinin möhkəmliyinə əminliyi artıran bir gedişatdır, bu, danışıqlarda Abdullahianın dəlillərinin inandırıcı olmadığına dair Kremldə təəssürat yaranmağa hesablanıb.

İranı zəif salan digər bir məqam isə Prezident İlham Əliyevin Cəbrayılda səfərdə olarkən Türkiyə və Rusiyanın Azərbaycana xoş münasibət göstərməsini bəyan etməsidir.

İranın baş diplomatının Moskvaya getməsi ölkəsinin düşdüyü vəziyyətin düzəlməsi, Azərbaycanla yaranan gərginliyin aradan qaldırılması üçün Rusiyaya minnətçi düşməsi kimi dəyərləndirilə bilər.

Tehran etiraf etmək istəməsə də, bu bir faktdır ki, İrandan Rusiyaya yükdaşımalar Azərbaycan üzərindən gerçəkləşdirilir, Bakı Şimal-Cənub dəhlizində mühüm tranzit əhəmiyyətə malikdir.

Azərbaycan üzərindən yükdaşımalar Rusiya-İran tcarət dövriyyəsinin həcminin artırılmasında vacibdir, 2020-ci ildə Moskva-Tehran ticarət dövriyyəsinin həcmi 2,2 milyard dollardan çox olub. Sanksiyalar girdabında olan İran üçün bu rəqəm hava-su qədər əhəmiyyətlidir, indi Azərbaycan başqa qadağalara getsə, bu, İrana daha bir zərbə olar.

İran Gorus-Qafan yolunda Azərbaycan polisinin və gömrükçülərinin Ermənistana girib-çıxan avtomobilləri yoxlamasından sonra Bakının iqtisadi rıçaqa yiyələndiyini gördü, amma cavab olaraq Azərbaycandan Naxçıvan Muxtar Respublikasına hərbi təchizat xarakterli yükdaşımaları həyata keçirən təyyarələr üçün öz hava məkanını qapadı.

Bunun Azərbaycana iqtisadi və siyasi zərəri yoxdur, çünki alternativ hava məkanları mövcuddur.

Hətta “Azərbaycan Hava Yolları” aviaşirkəti oktyabrın 6-dan etibarən Bakı-Naxçıvan-Bakı marşrutu üzrə daxili reysi yerinə yetirərkən Ermənistan hava məkanından istifadə etməyə başlayıb.

Abdullahianın Moskvaya səfərində siyasi gərginliyin aradan qaldırılması, iqtisadi problemlərin həlli üçün təkliflərin gündəmə gətirilməsini düşünə bilərik.

Bundan başqa, Tehran altılıq ölkələri ilə (BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü+Almaniya) nüvə danışıqlarına hazırlaşır, danışıqların tərəflərindən biri də Rusiyadır. Bu mənada Tehran nüvə danışıqları fonunda Qərbin İrana təzyiqlərinin artmasından narahatlıqlarını Moskvaya çatdıracaq və bu danışıqlarda İranın mövqeyinin müdafiəsi üçün xahişlər edəcək.

Diqqət çəkən digər bir məqam isə bu səfərdən bir müddət sonra, oktyabrın 22-də İsrailin baş naziri Naftali Bennetin Rusiyaya səfərinin planlaşdırılmasıdır…

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir