Türk dövlətlərinin yeni dünya düzənindəki səsi – ŞƏRH

Ötən həftə Kiçik Asiya, Cənubi Qafqaz, Mərkəzi Avropa və Mərkəzi Asiyada yerləşən ölkələrin iştirakı ilə İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü keçirilib. Demokratiya və Azadlıqlar Adasında təşkil edilən tədbirdə Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Macarıstanın liderləri iştirak ediblər. Zirvə Görüşü beynəlxalq siyasi ekspertlərin də diqqət mərkəzindədir. Yeri gəlmişkən, Yaponiyanın nüfuzlu ingilisdilli “Nikkei Asia” nəşrində tanınmış ekspert Sinan Tavşanın bu haqda məqaləsi dərc olunub.

“Kaspi” qəzeti həmin məqalənin icmalını təqdim edib.

Təşkilatın rebrendinqi

Sinan Tavşan qeyd edir ki, Əfqanıstanda vəziyyətin qeyri-sabit olduğu, terrorçuluq, miqrasiya və radikalizm kimi təhdidlərin yarandığı dövrdə türkdilli dövlətlərin liderləri gələcək əməkdaşlıq və inteqrasiyaya dair imkanların öyrənilməsi ilə bağlı razılığa gəliblər: “Macarıstan müşahidəçi statusa malikdir. Türkmənistan isə bütün türkdilli ölkələri bir araya gətirən təşkilatda yeni müşahidəçi dövlət olub. Doğrudur, rəsmi Aşqabad “daimi neytrallıq” siyasəti yürüdür. Odur ki, Türkmənistan hələ də təşkilata tamhüquqlu üzv olmaqdan çəkinir”.

Müəllifin sözlərinə görə, liderlər Türk Şurasının adının “Türk Dövlətləri Təşkilatı” ilə əvəzlənməsinə dair razılığa gəliblər: “Üstəlik, onlar quruma müşahidəçi və ya yeni tərəfdaş qismində üzvlərin qəbuluna dair qaydaları razılaşdırıblar”.

S.Tavşan vurğulayır ki, Çin və Rusiya kimi fövqəldövlətlərin ABŞ qoşunlarının çıxması ilə Əfqanıstanda yaranan boşluğu doldurmağa hazırlaşdığı dönəmdə türkdilli ölkələrin liderləri təşkilatın rebrendinqini həyata keçirir: “Güman ki, türkdilli ölkələrin rəhbərlərinin Mərmərə dənizində yerləşən Demokratiya və Azadlıqlar Adasında, Osmanlı hərbi orkestrinin ifa etdiyi “Türk dövləti sən çox yaşa” marşının sədaları altında qarşılanması məhz Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iddialarını əks etdirir”.        

15 dövlət təşkilata maraq göstərir

S.Tavşan məqaləsində məlumat verir ki, türkdilli dövlətlərin nominal ümumdaxili məhsulu 1 trilyon dollardan çoxdur: “Bu ölkələrdə ümumilikdə 160 milyondan çox insan yaşayır”.

Zirvə Görüşündə iştirak edən Qazaxıstanın milli iqtisadiyyat naziri Asset İrqəliyev “Nikkei Asia” nəşrinə bildirib ki, Türk Dövlətləri Təşkilatının yaradılması nəticəsində qurumun üzvləri və müşahidəçi dövlətlər sənaye, ticarət, nəqliyyat, logistika və turizm kimi sahələrdə əməkdaşlığı genişləndirəcək: “Bu zaman üzv ölkələrin ümumi maliyyə qurumu olacaq Türk Dövlətləri Təşkilatının İnvestisiya Fondunun imkanlarından istifadə ediləcək. Fondun gələn ilin ikinci yarısında yaradılması gözlənilir”.

Təşkilatın Azərbaycandan olan baş katibinin müavini Qismət Gözəlov Yaponiya nəşrinə bildirib ki, 15 dövlət müşahidəçi və ya tərəfdaş qismində quruma qoşulmağa maraq göstərir.

S.Tavşan qeyd edir ki, türkdilli Krım tatarlarının yaşadığı Ukrayna təşkilata müşahidəçi dövlət kimi qoşulmaq istədiyini bəyan edib.

Azərbaycan Prezidentinin çıxışına diqqət

“Nikkei Asia” nəşri Azərbaycan Prezidenti İlham Əliyevin Zirvə Görüşündəki çıxışına da yer verib: “İndiki dünyada təhlükələr hər ay, hər il yaranır və əfsuslar olsun ki, dünyanın aparıcı ölkələri bu təhlükələrə qarşı düzgün addımlar ata bilmirlər və əminəm ki, Türk Dövlətləri Təşkilatının təkcə ölkələrimiz, xalqlarımız üçün deyil, dünya üçün önəmi bundan sonra da artacaq. Çünki bizim işbirliyimiz səmimidir…”.

Müəllifin sözlərinə görə, təşkilat beynəlxalq nüfuzunu artırmaq məqsədilə Afrika ölkələrinə 2,5 milyon doza peyvənd bağışlayacaq: “Bunun 2 milyonu Türkiyənin payına düşəcək”.

Təşkilatın Türkiyə üçün əhəmiyyəti

S.Tavşan hesab edir ki, təşkilat xüsusilə Türkiyə üçün mühüm əhəmiyyətə malikdir: “Rusiya, Çin, Hindistan və İran kimi regional dövlətlər Mərkəzi Asiyada təsirlərini artırmaq məqsədilə rəqabət aparırlar. Odur ki, Ankara Türk Dövlətləri Təşkilatı vasitəsilə həmin regionda nüfuzunu genişləndirməyə çalışır”.

Müəllifin sözlərinə görə, Türkiyə Sovet İttifaqı dağıldıqdan sonra etnik, dil, din və mədəniyyət nöqteyi-nəzərdən yaxın əlaqələri olan Mərkəzi Asiya dövlətləri ilə münasibətləri genişləndirməyə başlayıb: “Lakin 1990-cı illərin əvvəllərində Ankaranın yeni müstəqillik əldə etmiş türkdilli dövlətlərlə geniş əlaqələr qurması üçün hərbi və iqtisadi gücü yox idi. Bu vəziyyət zamanla dəyişməyə başlayıb. 2000-ci illərin ortalarında Türkiyə Qərbin yardımı ilə Rusiyadan yan keçən kəmərlər vasitəsilə Azərbaycanın enerji resurslarının ixracını təmin edə bilib”.

S.Tavşan qeyd edir ki, Ankara İkinci Qarabağ müharibəsi zamanı Bakıya mənəvi-siyasi yardım göstərib və Azərbaycanın uğuru Mərkəzi Asiyanın türkdilli dövlətlərinin diqqətini cəlb edib.

Təşkilat Asiyada tarazlıq yaradacaq

“Türkdilli ölkələr Rusiya və ya Çin kimi regionun güclü dövlətləri ilə münasibətləri şaxələndirməyə çalışırlar. Onlar sadalanan dövlətlərdən lap çox asılı olmaq istəmirlər. Odur ki, həmin ölkələr böyük fövqəldövlətlərin təzyiqlərindən qorunmaq üçün Türkiyə ilə münasibətləri gücləndirirlər”, – deyə Ankara Universitetinin professoru Fırat Purtaş “Nikkei Asia” nəşrinə bildirib.

Ankara Böhranlar və Siyasi Araşdırmalar Mərkəzinin (ANKASAM) sədri professor Mehmet Seyfettin Erol isə Yaponiya nəşrinə deyib ki, Türk Dövlətləri Təşkilatı Asiyada tarazlıq yaradacaq: “Çünki Rusiya və ya Çin kimi fövqəldövlətlər tarixən sərt və yumşaq güclə regionda hökmranlıq etməyə çalışıblar”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir