Türkiyənin keçmiş xarici işlər naziri Ermənistana çağırış etdi

“Bakıya, Azərbaycana yenidən gəldiyim üçün çox şadam. Bakının, Azərbaycanın 1990-cı illərin əvvəllərində qara günlərinin şahidi olmuşam. Xarici işlər naziri olanda gülən insanlar az görürdüm, hər kəs qəm-kədər içində idi. İndi isə böyük zəfərin qazanılmasından sonra Bakıya gəldiyim üçün çox sevincliyəm. Bakının üzü gülür. Əvvəllər jurnalistlər mənə “Problemi necə həll edə bilərik?” deyirdilərsə, indi “Daha nələr edə bilərik?” deyirlər”.

Oxu.Az-ın məlumatına əsasən, bunu Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin jurnalistlərə açıqlamasında bildirib.

O deyib ki, VIII Qlobal Bakı Forumunun keçirilməsi çox təqdirəlayiq haldır:

“Mən ilk forumlardan iştirak edirəm. Bu forum isə çox vacib forumlardandır, fərqli mövzuda təşkil olunub. COVID-19 virusu bütün dünyanı işğal edib. Varlıya, kasıba, pisə, yaxşıya baxmadı. Bütün dünya bundan təsirləndi və bu hələ də davam edir. Nizami Gəncəvi mərkəzinin belə forum təşkil etməsi təqdirəlayiq haldır. Bu forumda COVID-19-dan sonra dünyanın başqa dünya olacağını danışacağıq. Hər şey dəyişəcək. Sağlamlıq mövzusunda insanlara çox şey öyrədildi, maskalı dünya haqqında danışırıq. Peyvənd oldunuzmu? Neçə doza peyvənd olunmusunuz?

Bütün bunların fonunda, istiqadi baxımdan da dünya böyük çətinliklər içindədir. Dünyada postpandemiya dövrü ilə bağlı müzakirələr aparılır. Quraqlıq olacaqmı? İqlim dəyişiklikləri necə olacaq? Bundan sonra sağlamlıq mövzusu necə ələ alınacaq? Bütün dünya iqtisadi çətinlikdən əziyyət çəkir və bu davam edəcək”.

Hikmət Çətinin sözlərinə görə,  Azərbaycan Cənubi Qafqazda sülh, təhlükəsizlik və rifahı saxlamaqdadır:

“Bu mövzuda problem yaradan və suala cavab verməli olan Ermənistan tərəfidir. Prezident İlham Əliyev bir neçə dəfə sülhün necə bərqərar olunacağını deyib. Ermənistanın qisas almaq fikrindən imtina etməsi lazımdır. Bu mövzunun bundan sonra müharibə ilə həll olunacaq tərəfi yoxdur. Ermənistan, Türkiyə və Azərbaycanın ortaq bir nöqtəyə gəlməsi, dostluq əlaqələri qurması lazımdır”.

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir