Ukraynada hərbi qarşıdurma: Çin də müharibə ssenarisini düşünür – TƏHLİL

Rusiya-Ukrayna müharibəsində partlayan bombaların hərbi-siyasi təsirləri Çin-Tayvan münasibətlərindəki ziddiyyətləri daha da kövrəkləşdirir.

Bunu bir cümlə ilə belə ifadə edə bilərik: Qlobal geosiyasətdə yeni qorxulu istiqamətlər yaranır. 

İndi beynəlxalq siyasi gündəmin aktual mövzu siyahısında bu sual bəlkə də ikinci yerdə dayanır: Çin Tayvana hərbi müdaxilə edəcəkmi?

Qlobal çəkişmənin deyişmədən döyüş meydanına çıxmasının təzahürləri Ukrayna coğrafiyasında şiddətlənir və mərmilərin “qəlpələri” kənarlara sıçrayır.

Rusiya tanklarının, raketlərinin Ukraynanın üzərindən keçməsinin ən təhlükəli qlobal nəticəsinin Tayvan boğazında əks-səda verəcəyinə dair fikirlər dövriyyədədir.

Pekin Tayvanı güc yolu ilə tamamilə öz orbitinə qatmaq üçün şanslar yarandığını düşünür, yəqin ki, bu ideya Çinin bulanıq sularda balıq tutmaq üçün cəhdləridir.

Hazırkı geosiyasi tablo qaynayan vulkanı xatırladır və dünyanı yeni nizama hazırlayır, belə olan halda Çin bu nizamda strateji tərəfdaş tapmaq imkanlarını itirir.

Çin Qərbin hədəfindədir, Pekinin iqtisadi gücünü yayması dünya nizamında Qərb üçün təhdidə çevrilir. Rusiya bir çox cəhətdən tənəzzülə uğrayan gücdür, siyasi zərbələri davam etdirmək üçün iqtisadi dinamizmə malik deyil.

Bu baxımdan Qərb sanksiyalaşan qlobal iqtisadiyyatda itkiləri kompensasiya etmək üçün Çinlə iqtisadi əməkdaşlığın yeni formatları üzərində düşünür.

Bu qənaəti hasil edən odur ki, Çin Rusiyaya qarşı sanksiyalara qoşulmasa da, Moskvaya yardım əlini də uzatmır – ən azından rəsmi informasiyalar belə demək üçün əsasdır.

Ancaq Qərblə Çinin çəkici eyni yerə vurması üçün zaman lazımdır, bu boşluqda isə qarşı tərəfə kartlar verən süstlük nümayiş etdirməyəcəklər.

Buna görə də, Qərb Çinə, Çin isə Tayvana gözünü dikir, Tayvana müdaxilə üçün ən münbit şəraitin yetişməsini gözləyir.

Çinin xarici siyasətinin əsas cizgilərindən biri budur ki, Tayvana nəzarəti ələ keçirsin və burada öz legitimliyini tanıtdırsın.  

Qərbin strateqləri isə Çinin planlarını hesablamamış olmazlar, ona görə də, ABŞ hərbi gəmiləri yenidən Tayvan boğazının “ağuşuna atılaraq” Pekin üzərində təzyiq yaradır.

Hazırkı gedişatlardan verə biləcəyimiz proqnoz budur ki, Rusiya Çin ikilisi ilə Qərb arasında qarşılıqlı təzyiqlər davam edəcək.

Rusiyanın marağındadır ki, Çin Tayvana güc tətbiq etsin və Qərbin marağı bu zonaya yönəlsin, bununla da Moskva Ukraynadakı müharibədə siyasi üstünlük qazanmaq platformasına çıxış əldə etsin.

Rusiya-Ukrayna müharibəsi bitsə belə, tərəflər öz ambisiyalarından əl çəkməyəcəklər, güman etmək olar ki, bu dəfə Çin coğrafiyası qlobal çəkişmənin mərkəzinə gələcək.

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.