Ukraynada partlayan bombalar: Çinə qarşı yeni mina – TƏHLİL

Rusiyanın Ukraynaya hərbi müdaxiləsi fonunda Qərbin Pekinə qarşı planının taktiki olaraq işə düşdüyünü deyə bilərik.

Müharibənin coğrafiyasının Ukraynadan Avropaya keçidi riski yüksək olaraq qalmaqdadır, bu, NATO üçün təhdiddir.

Amma düşünmək olar ki, Qərb Rusiya-Ukrayna müharibəsindən Çinə qarşı iqtisadi alətlər yaradır, hədəf Çinin iqtisadi ekspansiyasına tıxac vurub öz qınına çəkməkdir.

Bu tezisi səsləndirmək üçün əsaslar:

1. Ukrayna Çinin əsas ticarət tərəfdaşlarından biridir,

2. Pekin Kiyevlə iqtisadi münasibətlərini möhkəm “betonla” daha da bərkitmək istəyirdi,

3. Ukraynadakı döyüşlər Avropa-Çin ticarətinin dinamikasına zərbə potensialı formalaşdırır.

Çin indi öz hüdudlarındakı proseslərin Qərbə kart verməməsi üçün çalışır və Pekin Tayvanı tamamilə çətiri altına dartmaq istəyir.

Böyük geosiyasi maraqlarda Çin Rusiyaya dəstək nümayiş etdirir, çünki bir növ Rusiyanı özü üçün bufer zona kimi nəzərdən keçirir.

Ukraynada silahlar atılmazdan öncə ABŞ Tayvan amili ilə Çinə təzyiq elementləri inşa edirdi, Ukraynadakı müharibə isə bunu daha da tətikləyir.

Artıq Tayvanda millətçilər Rusiyanın Ukraynadakı separatçı bölgələrin “müstəqilliyini” tanımasından, müharibənin başlamasından vəcdə gələrək bunu özlərinə presedent yaradan yeni baza kimi qiymətləndirirlər və Çindən tamamilə qopmaq üçün çağırışlar edirlər. Bu isə rəsmi Pekini qəzəbləndirir, bunu Çinin Xarici İşlər Nazirliyinin bəyanatında görə bilirik. Çin XİN-in sözçüsü Hua Çunyinqdən sitat:

“Tayvan, əlbəttə ki, Ukrayna deyil. Tayvan həmişə Çinin ayrılmaz hissəsi olub. Bu, danılmaz tarixi və hüquqi faktdır. Vahid Çin prinsipi beynəlxalq münasibətlərdə hamı tərəfindən qəbul edilmiş normadır. Tayvan hakimiyyətinin Ukrayna məsələsindən öz mənfəətləri üçün istifadə etməyə çalışması ağılsızlıqdır”.

Buradan hasil edə biləcəyimiz nəticə budur ki, Qərb Tayvan hökumətini Rusiyanın qondarma respublikaları tanıması təcrübəsindən yararlanmaq üçün səylər göstərir – hədəfə gedən yolda hər şey məqbuldur.

Çində indi iqtisadi narahatlıqlarla yanaşı, ABŞ-ın basdırdığı yeni minanın partlaması qorxusu da mövcuddur.

Çindən verilən bəyanatların məzmunundakı dərinlik bundan ibarətdir ki, ABŞ Ukraynada çaxnaşmaq yaratmaqla bundan Pekinə qarşı istifadə edir.

Buna görə də, Çin ABŞ-la qarşıdurma şəraitində Rusiyaya ilə həmrəylik nümayiş etdirir və onun Ukrayna planlarını dəstəkləyir.

Üstəgəl, Çin və Rusiya son illərdə Qərbdən daha çox uzaqlaşıblar, Pekin-Moskva ikilisinin Qərblə münasibətlərində çoxlu ziddiyyətlər var ki, bu da onları yaxınlaşdırır.

Bəs bundan sonra necə olacaq?

Böyük ehtimal ki, Qərb Çinin Ukrayna məsələsində Rusiya ilə müttəfiqliyinə nail olub Pekini hədəf lövhəsində oturtmaq üçün imkanlar qazanacaq. Ancaq Çinin də planları mövcuddur, bununla belə, onun şifrələrini qırmaq bir qədər çətindir.

Çinlə Tayvan arasında da qarşıdurmalar şiddətlənəcək.

Aqşin Kərimov  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.