Ukraynalı general: “Rus əsgəri əvvəllər də orada idi, sadəcə olaraq indi standart şevronlarını da taxdı”

“Artıq bir ay əvvəl nə olacağı bəlli idi və mən də bu haqda danışmışdım. Rusiya rəhbərliyi Ukrayna və Qərbə qarşı siyasi və diplomatik şantajı davam etdirdi. “LXR” və “DXR”in birbaşa tanınması Gürcüstandakı Abxaziya və Cənubi Osetiyanın, Moldovada isə Dnestryanı ssenarilərinin təkrarıdır. Rusiya qoşunlarının Donetsk və Luqansk vilayətlərinə daxil olması prosesi baş verir. Onlar əvvəllər də orada idilər, sadəcə olaraq indi standart şevronlarını da taxdılar”.

Bu fikri Ukrayna Xüsusi Əməliyyat Qüvvələrinin yaradılmasında əməyi olmuş, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının keçmiş katibinin müavini, general Serqey Krivonos Ria24.Az-a açıqlamasında dilə gətirib.

O qeyd edib ki, indi bölgədə hərbi bazaların təchiz edilmə prosesi aparılır və hərbi bölmələrin gücləndirilməsi həyata keçirilir. Bununla belə təmas xəttində zorla ora yeridilmiş yerli əhali dayanır.

Ukrayna ordusunun sabiq generalı “LXR” və “DXR”in öz yerləşmə sahəsini genişləndirərək Donetsk və Luqansk vilayətlərinin sərhədlərinə çıxmaq cəhdlərinin nə qədər gözlənilən olub-olmamasını isə belə qiymətləndirib:

“Bu artıq siyasi şantaj məsələsidir. Onlar Donetsk və Luqansk vilayətlərinin sərhədlərinə çıxmaq istəyə bilərlər. Gələcəkdə isə şantaj digər istiqamətlərə doğru da genişlənə bilər. Rusiya rəhbərliyi müharibə etməkdə israrlıdır və Ukraynanı müstəqil dövlət kimi məhv etməyə çalışacaq”.

Serqey Krivonos Ukrayna Silahlı Qüvvələri ilə Rusiya qoşunları arasında toqquşmaların nə ilə nəticələnə biləcəyinə dair məsələyə də münasibətini bildirib:

“Bu, həm Ukraynanın, həm də Rusiyanın şəxsi heyəti arasında ciddi itkilərə səbəb olacaq. Həm Ukrayna, həm də Rusiya əsgərləri həlak olacaq. Kremlə ölülərin cəsədləri olan eşelonlar lazımdırmı? Mən düşünürəm ki, xeyr. Moskvanın əsas vəzifəsi Ukraynanı şantaj və təzyiq yolu ilə diz çökdürmək, bəzi dövlətlərin liderlərinin Ukrayna qarşısında öhdəliklərini yerinə yetirə bilməməsini göstərmək, Budapeşt Memorandumunun üstündən xətt çəkmək və NATO-nun Rusiyadan qorxduğunu göstərməkdir. Mən isə bunu deyə bilərəm: Ukrayna qanunlarına görə, dövlət başçısı ya bütün ölkə ərazisində, ya da Ukraynanın Rusiya Federasiyası ilə həmsərhəd olan müəyyən vilayətlərində hərbi vəziyyətin tətbiqi ilə bağlı Ali Radaya sənəd təqdim etməlidir. Bu, bizə dövlətin müdafiəsinə hazırlaşmağa kömək edərdi. Zaman bizim əleyhimizə işləyir. Qeyd etmək istəyirəm ki, indi Rusiya beynəlxalq hüquq sistemini məhv edir. Biz Türkiyə, Böyük Britaniya, Polşa və Baltikyanı ölkələr kimi öz mövqelərini qətiyyətlə müəyyən edən ölkələrə çox minnətdarıq. Lakin Qərbi Avropa bir növ gözləmə mövqeyi tutur”.

Nair Əliyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.