Ukraynanın dirənişi: Rusiyanı hərbi cəhətdən zəiflədən məqamlar – TƏHLİL

Siyasi motivlərə girmədən hərbi kontekstdə yanaşsaq deyə bilərik ki, nə Qərb, nə də Rusiya Ukraynanın belə müdafiə olunacağını gözləyirdi.

Ona görə də fikir verirsinizsə, ilk 48 saatda Qərb yalnız sözdə dəstəyini ifadə etdi, Moskvaya qarşı mövqeyində yumşaq güc stilində davrandı.

Rusiyanın hərbi planları isə suya düşdükcə, Qərb də hücumlarının miqyasını artırdı.

Əgər ilk 48 saatda Kiyev işğal edilsəydi, biz indiki durumdan fərqli bir mənzərəyə şahidlik edəcəkdik, yəni Qərb bu işğalla barışacaqdı və Rusiya ilə danışıqlar masasında kompromis əldə edəcəkdi.

Digər bir məqam Çin faktorudur, Pekin də ilk 48 saatdan sonra tərzini Qərbin ayaq səslərinə uyğunlaşdırmağa başladı. Hərçənd ki, Pekinin Moskvaya dəstəyi də gizli deyil.

Rusiyanın hərbi məqsədlərinə gəlincə, planlarının iflasa uğramasının səbəbləri sırasında çox şeyi axtarmaq olar. Biz əsasən, hərb meydanında baş verənlərin mahiyyətini çatdırmağa çalışacağıq.

Birincisi, bu təcavüzdür, ona görə də rusiyalı hərbçilər həvəslə və şövqlə döyüşə girmirlər. Amma Rusiyaya təcavüz olsaydı, Rusiya ordusu fərqli davranacaqdı. Özünümüdafiə hissi xalqların ruhunu coşdurur, necə ki, indi Ukraynada eyni halın şahidi oluruq.

İkincisi, müharibədə döyüş ovqatı önəmlidir, lakin bu əhval-ruhiyyəni dağıdan kütləvi hücum və güclü müqavimətdir. Rusiya ordusu qarşı tərəfin atdığı silahlardan qorxuya düşür, hər an “Bayraktar”ın onları vuracağından qorxur və buna qarşı müdafiə yarada bilmirlər. Gözə görünməyən, “məchul” obyekt həmişə şəxsi heyəti qorxu altında saxlayır.

Üçüncüsü, təminat ordu üçün vacibdir, sən nə qədər ərazi tutursan-tut, nə qədər artilleriya-raket dəstəyi verilir-verilsin, sənin təminatın çatmırsa, ac qalırsansa, bu şəxsi heyəti gücdən salır. Biz görürük ki, Rusiya güclü logistik problem yaşayır.

Dördüncüsü, mülki əhali faktorudur. Düzdür, Rusiya mülki əhalini də hədəfə alır, amma Ukraynada mülki əhalinin kütləvi silahlanması Moskvanı çətinə salır. Əslində mülki əhali olan ərazilərdə hərbi əməliyyatlar aparmaq çətindir, nəinki ancaq hərbçi olan meydanlarda.

Beşincisi, Rusiya düşünürdü ki, ilk mərhələdə köhnə texnikalarla və qeyri-peşəkar hərbi qulluqçularla Ukraynanı ram edəcək. Rusiya hansı məqsəd güdürdü?

Köhnə texnikaları çıxdaş etmək, elə bu köhnə texnikalarla Ukraynanın işğalına nail olmaq. Ukrayna həmin köhnə texnikaları vurur, müasir silahlardan istifadə edir, amma nəticədə resursları xərclənir.

Altıncı məqam, desantların ələ keçirdiyi ərazilərdə Rusiya piyada qüvvələrinin möhkəmlənə bilməməsidir. Çünki möhkəmlənmə işlərini desant qüvvələri aparmır, yəni müharibədə onların qarşısında belə mütləq məqsəd qoyur.

Yeddinci, informasiya müharibəsidir, Ukrayna bu cəbhədə Rusiyanı sarsıdıb. Bu isə rus qoşunları arasında xaotik vəziyyət yaradır. 

Rusiya istədiyini qoparmayınca, Ukraynadan əl çəkən kimi görünmür, əslində itki sayı da Rusiya rəhbərliyi üçün o qədər önəm daşımır.

Bunu Rusiya hərbi-siyasi rəhbərliyi də bəyan edir, amma NATO ölkələri Ukraynaya müasir silahlar daşıyır, həmin silahlar daha çox tank və hava vasitələrinə – qırıcıya, helikopterə – qarşı effektivdir.

Lakin real mənzərə dramatikdir, Ukraynada şəhərlər dağılır, dünya humanitar fəlakətin yeni fazasına qədəm qoyur.

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.