Vaso Kapanadze: “Gürcüstan azərbaycanlıları arasında Saakaşvilinin tərəfdarları da var, əleyhdarları da”

Noyabrın 10-da Gürcüstan hakimiyyətinin də əvvəlcədən elan etdiyi kimi, sentyabrın 28-də gizli şəkildə ölkə sərhədini keçən, sonra isə saxlanılan Mixail Saakaşvilinin növbəti məhkəmə prosesi başlayıb.

Bundan əvvəl Gürcüstanın üçüncü prezidenti artıq iki iş üzrə qiyabi olaraq üç və altı illik həbs cəzasına məhkum edilib.

Hazırda isə Mixail Saakaşvili 2007-ci ilin noyabrında müxalifətin mitinqini dağıtmaqda və “İmedi” telekanalını ələ keçirməkdə ittiham olunur (kanal özü baş verənləri canlı yayımlamışdı).

Hakimiyyət iğtişaşlardan ehtiyat etdiyindən Mixail Şaakaşvili məhkəmə zalına gətirilməyib.

Bundan əlavə, səhər saatlarından başlayaraq dövlət qurumları qarşısında, o cümlədən məhkəmə binası yaxınlığında etiraz aksiyası keçirən Mixail Saakaşvilinin onlarla tərəfdarı saxlanılıb.

Görünən odur ki, Gürcüstanda “fırtına” davam edir.

Bu sözləri Oxu.Az-a müsahibəsində gürcüstanlı siyasi şərhçi Vaso Kapanadze deyib.

– Gürcüstanda etiraz aksiyaları davam edir. Bu etirazlar daha çox yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərin nəticələri ilə bağlı yox, ölkənin üçüncü prezidenti Mixail Saakaşvilinin həbsinə görədir. Nəzərə alsaq ki, Gürcüstanda Saakaşvilinin tərəfdarları və əleyhdarları çoxdur, bu məqam ciddi vətəndaş qarşıdurmasını mümkün edə bilərmi?

– Vəziyyət gərgindir, heç kim sizə dəqiq proqnoz verməyəcək. Noyabrın 10-da Mixail Saakaşviliyə dəstək üçün çıxan və müxtəlif hökumət idarələri yaxınlığında etiraz aksiyası keçirən 50-yə qədər fəal saxlanılıb. Düşünürəm ki, ən azı yaxın gələcəkdə vəziyyət gərgin olaraq qalacaq.

Saakaşvilinin Gürcüstana gəlişi təbii ki, daxili siyasi vəziyyəti gərginləşdirdi. Onun Gürcüstan siyasətinə qayıtması ciddi qarşıdurmaya gətirib çıxardı. İndi sual ondan ibarətdir ki, etirazçıların “enerji”si nə qədər olacaq, Saakaşvilinin tərəfdarları nə vaxta qədər etirazlarını davam etdirə biləcəklər?

– Qərb Gürcüstanın üçüncü prezidentini dəstəkləyən bəyanatlar verir. Məsələn, ABŞ Dövlət Departamentinin nümayəndəsi Tbilisini həbsdə olan Mixail Saakaşvili ilə vicdanla və ləyaqətlə davranmağa, ona münasibətdə beynəlxalq standartlara əməl etməyə çağırıb. Saakaşvilinin vətəndaşı olduğu Ukraynadan da açıqlamalar verilir. Amma rəsmi Tbilisiyə ciddi təzyiqlərin olduğu hissi edilmir, həmin Kiyev rəsmi səviyyədə Saakaşvilinin Ukraynaya ekstradisiyasını tələb etməyib…

– Həqiqətən də belədir. Belə bir təəssürat yaranır ki, Qərb, eləcə də Ukraynanın nümayəndələri sadəcə formal bəyanatlar verməklə kifayətlənir. Amma indi onlar başqa nə edə bilərlər ki? Ola bilsin ki, sonra ritorika dəyişəcək, amma bu vəziyyət Mixail Saakaşvilinin özü ilə bağlı da dəyişəcək, axı heç bir şəxsin 40-50 gündən artıq ac qalmağa gücü çatmaz (mətbuatın yazdığına görə, Gürcüstanın üçüncü prezidenti, 40 gündən artıqdır ki, aclıq aksiyası keçirir – red).

Ən acınacaqlısı ölkədə Mixail Saakaşvilinin həbsdə olması nəticəsində yaranan çox çətin durumdur. Gürcüstanın daxili siyasi gündəmini məhz o formalaşdırır.

– Gürcüstanda yaşayan azərbaycanlıların kütləvi şəkildə Saakaşvilini dəstəklədiyinə dair məlumatlar dərc edilmişdi. Nümunə kimi keçmiş prezidentin son vaxtlara qədər həbsdə saxlandığı Rustavidəki 12 saylı cəzaçəkmə müəssisəsi qarşısında keçirilən etiraz aksiyalarında Gürcüstan azərbaycanlılarının olması göstərilirdi. Əgər belə demək olarsa, milli prinsipə görə belə bir bölgü varmı? Misal üçün, Gürcüstan vətəndaşları olan azərbaycanlılar Saakaşvilinin tərəfdarıdır, digər xalqlar isə əleyhdarları…

– Xeyr, mən belə düşünmürəm. Baxmayaraq ki, təbii ki, Azərbaycan bayraqları bəzən Saakaşviliyə dəstək aksiyalarında görünür, necə ki, Avropa İttifaqının, Ukraynanın bayraqları və sair. Gürcüstan vətəndaşı olan azərbaycanlıların arasında, eləcə də gürcülər və ermənilər arasında oldu kimi, Mixail Saakaşvilinin tərəfdarları və əleyhdarları var. Gürcüstan əhalisi ümumilikdə Saakaşvilinin “lehinə” və “əleyhinə” olanlara bölünür. Və bu bölgü ölkə vətəndaşlarının milliyyəti ilə bağlı deyil.

Nair Əliyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir