Viktor Yuşenko: “VIII Qlobal Bakı Forumunda bir sıra vacib məsələlər müzakirə olunacaq”

“VIII Qlobal Bakı Forumu çərçivəsində müxtəlif sahələr üzrə bir sıra vacib məsələlər müzakirə ediləcək”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə Ukraynanın sabiq prezidenti Viktor Yuşenko bildirib.

“Pandemiya səbəbindən meydana gəlmiş problemlər və ötənilki Qlobal Forumda iştirak edə bilmədiyim səbəbindən indiki tədbirdə iştirak etməyə xüsusilə şadam. Yenidən Bakıda olmaqdan çox məmnunuq. Forum bir sıra vacib məsələləri, o cümlədən təhlükəsizlik, siyasət, humanitar və iqtisadi məsələləri müzakirə etməyə imkan verəcək. Biz, bu cür dialoq üçün darıxmışıq”, – o deyib.

Xatırladaq ki, bu gün Azərbaycanın paytaxtında “COVID-19-dan sonrakı dünya” mövzusunda VIII Qlobal Bakı Forumu işə başlayacaq. Forumun təşkilatçısı 2012-ci ildə dünyanın bir qrup ictimai və siyasi xadimi tərəfindən yaradılmış Nizami Gəncəvi Beynəlxalq Mərkəzidir.

Forumda 40-dan çox ölkədən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, siyasətçilər, politoloqlar, ekspertlər, ictimai xadimlər, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri iştirak edəcək.

Noyabrın 6-dək davam edəcək forum çərçivəsində müxtəlif mövzulara aid 11 panel müzakirəsi aparılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir