XİN-dən Ermənistan ərazisindən yaşayış məntəqələrimizin atəşə tutulması ilə bağlı AÇIQLAMA

Xarici İşlər Nazirliyi Ermənistan tərəfindən Azərbaycanın Şəmkir və Bərdə rayonlarının atəşə tutulması ilə bağlı məlumat yayıb.

XİN-dən bildirib ki, Müdafiə Nazirliyinin məlumatına əsasən, bu gün günorta saatlarından etibarən Ermənistan ərazisindən Azərbaycanın Şəmkir rayonunun Sabirkənd kəndi raket atəşinə, Tovuz rayonunun Ağdam kəndi isə artilleriya atəşinə tutulur. 

Ermənistan silahlı qüvvələri, həmçinin, işğal olunmuş ərazilərimizdən Bərdə rayonunun Əmirli və Ağdam rayonunun Quzanlı yaşayış məntəqələrini artilleriya atəşinə tutur.

Mülki şəxsləri və obyektləri məqsədyönlü şəkildə hədəfə alan Ermənistan tərəfi beynəlxalq humanitar hüquq normalarını, eləcə də, bu xüsusda üzərinə götürdüyü öhdəlikləri kobudcasına pozur.

Təcavüz siyasətini davam etdirən Ermənistan, ölkə rəsmilərinin bəyan etdiyi kimi “yeni ərazilər əldə etmək üçün yeni müharibə” taktikasını həyata keçirməyə çalışır.

Azərbaycan Ordusu beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünü qorumaq və mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün Ermənistan tərəfinin həmlələrinə adekvat cavab verəcək. Bir daha bəyan edirik ki, yaranmış vəziyyətə görə tam məsuliyyət Ermənistanın üzərinə düşür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir